Cənubi Qafqazda sabitliyə təhdid haradandır? - TƏHLİL

General-polkovnik Zakir Həsənovun İsrailə səfəri adi diplomatik protokol çərçivəsində qiymətləndirilə bilərdi, əgər bu səfərlə eyni vaxtda İranın müdafiə nazirinin Ermənistana “isti” ziyarəti baş tutmasaydı. İlk baxışda paralel diplomatik gedişlər kimi görünən bu səfərlər, əslində, Cənubi Qafqazda formalaşmaqda olan yeni güc bölgüsünün və geosiyasi mesaj savaşının bir hissəsidir.
Azərbaycan-İsrail münasibətləri illərdir davam edən, müdafiə və texnoloji sahədə qurulmuş strateji əməkdaşlığa əsaslanır. Bu tərəfdaşlıq, əksinə, regionda sabitlik balansının qorunmasına xidmət edir. Azərbaycana təqdim olunan müdafiə texnologiyaları, PUA sistemləri, hava hücumundan müdafiə qurğuları, yüksək dəqiqlikli izləmə texnologiyaları, ölkənin öz sərhədlərini müstəqil şəkildə qorumasına imkan verir. Qısa desək, Bakının İsraillə əməkdaşlığı nə ekspansionist, nə də təxribatçıdır. Sadəcə suverenliyə və öz gücünə dayanan siyasətdir.
Amma Tehranda bunu belə görmürlər. Orada düşünürlər ki, Azərbaycan-İsrail tandemi İranın Cənubi Qafqazdakı təsirinə qarşı yönəlib. İranın verdiyi reaksiya isə daha sərtdir. Ermənistanla əlaqələri dərinləşdirmək, hərbi əməkdaşlıq siqnalları vermək, Azərbaycanın strateji tərəfdaşlarını dolayısı ilə hədəfə almaq.
Əgər İsraillə müdafiə əlaqələri “müdafiə yönümlü” sayılırsa, İran-Ermənistan yaxınlaşması nədən xəbər verir? Tehran bu münasibətləri “regionda sabitliyə dəstək” kimi təqdim etsə də, əslində bu dəstək Zəngəzur dəhlizi məsələsində geosiyasi blokada yaratmaq, sülh prosesinə yönəlik təzyiq alətləri qurmaq cəhdidir. Bu isə sonda yalnız bir nəticəyə regionda yeni toqquşma riskinin artırılmasına gətirib çıxarır.
Bir faktı qəbul etmək lazımdır. Ermənistan hələ də sərhədlərin dəqiqləşdirilməsi prosesini ləngidir, müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınır, İran isə bu vəziyyətdən istifadə edərək öz təsir zonalarını qorumağa çalışır.
Azərbaycanın İsraillə əməkdaşlığı isə əksinə, beynəlxalq hüquqa əsaslanan, təhlükəsizlik və inkişaf yönümlü modeldir. Bu münasibət digər region ölkələri üçün də modern və balanslı tərəfdaşlığın nümunəsi ola bilərdi. Əgər bu nümunəyə siyasi rəqabət gözü ilə deyil, strateji reallıq prizmasından baxılsaydı.
Bölgədə kimin sülhə, kimin isə güc balansını pozmağa çalışdığı getdikcə daha da aydınlaşır. Azərbaycanın kursu aydındır- sabitlik, suverenlik və tərəfdaşlıq. Tehran isə bu oyunu fərqli oynamaq istəyir. Amma unudur ki, artıq bu regionda güc balansını dəyişmək üçün təkcə niyyət yox, həm də etibar və legitimlik lazımdır. Bu isə birbaşa silah sevən ritorika ilə yox, dayanıqlı siyasətlə qazanılır.
MTM Analitik Qrupu