Azərbaycan üçün ABŞ silah bazarı açılır - ŞƏRH

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq sahəsində illərdir davam edən “sakit diplomatiya” artıq daha aydın və aktiv fazaya keçir. İndi ortada yalnız niyyət yox, konkret hərəkətlər, yüksək səviyyəli təmaslar və strateji nişanələr var.
Vaxtilə ABŞ Konqresinin 907-ci düzəlişi ilə sanksiyalara məruz qalan Azərbaycan bu gün dünyanın ən güclü müdafiə sənayesi nəhəngləri ilə masa arxasındadır. Vaşinqtonun öz müdafiə texnologiyalarını hər kəsə açmadığı, xüsusilə də Cənubi Qafqaz kimi həssas bölgələrdə “ehtiyatlı” davrandığı nəzərə alınsa, bu dinamika əhəmiyyət baxımından bir mərhələ deyil, tam yeni bir səhifə sayıla bilər.
Maraqlıdır ki, bu yaxınlaşma sırf silah alqı-satqısından ibarət deyil. Burada məsələ daha dərindir. ABŞ-nin “Lockheed Martin” və RTX kimi texnologiya nəhənglərinin Azərbaycanda görünməsi Vaşinqtonun bölgəyə baxışında dəyişiklik olduğunu göstərir. Bu, həm də Azərbaycanın İsraillə münasibətləri və “İbrahim Sazişləri” fonunda strateji əhəmiyyətinin artmasının təzahürüdür.
Əgər bu əlaqələr sistemli əməkdaşlığa çevrilərsə, Azərbaycan yalnız müasir raket sistemləri və döyüş təyyarələri ilə deyil, texnologiya transferi, mühəndislik təcrübəsi, kiber müdafiə kimi sahələrdə də yüksəlişə imza ata bilər.
Qərbdə Azərbaycana münasibətdə “soyuqluq dövrü”nün əsas siması sayılan Bayden administrasiyasının qəbul etdiyi 2023-cü il “Ermənistanın Müdafiə Aktı” ilə ABŞ şirkətlərinin Azərbaycana silah satışının qarşısı alınmışdı. Ancaq “Globes” nəşrinin də qeyd etdiyi kimi, Donald Trampın siyasi səhnəyə dönüşü ilə bu istiqamətdə real irəliləyişlər başlayıb. Nümayəndəsi Stiv Vitkoffun Bakıya səfəri və ardınca başlayan danışıqlar, əslində, bu dönüşün bariz göstəricisidir.
Bu yalnız başlanğıcdır. Əgər “Lockheed Martin” və RTX kimi nəhənglər Azərbaycana açılırsa, ardınca Northrop Grumman, General Dynamics kimi digər ABŞ şirkətlərinin də Cənubi Qafqaza yönəlməsi qaçılmaz olacaq. Bu isə Azərbaycanın yalnız idxalçı deyil, beynəlxalq müdafiə bazarında tərəfdaş rolunu da gücləndirəcək.
Müdafiə əməkdaşlığı xüsusən də texnologiya və təlim sahəsində təkcə silah alveri deyil. Bu, siyasi etimadın və strateji yaxınlığın açarıdır. Azərbaycan bu əlaqələri daha dərin siyasi dialoqa çevirməyi bacarsa, Vaşinqtonla münasibətlərdə daha dayanıqlı və balanslı strateji tərəfdaşlıq modelinə keçid mümkündür.
Azərbaycan üçün bu, yalnız yeni raketlər və ya qırıcı təyyarələr anlamına gəlmir. Bu əməkdaşlıq həm də geosiyasi çəkisini artırmaq, öz müdafiəsini modernləşdirmək və gələcək risklərə texnoloji cavab vermək üçün tarixi bir fürsətdir. ABŞ üçünsə bu, Cənubi Qafqazda öz maraqlarını müdafiə edə biləcəyi yeni bir dayaq nöqtəsi deməkdir.
Yəni indi başlanacaq mərhələ, sadəcə, silah alış-verişi deyil. Bu, təhlükəsizlik arxitekturasının yenidən qurulmasıdır.
MTM Analitik Qrupu