Ermənistanda aclıq, korrupsiya və çökən kənd təsərrüfatı: Paşinyan ölkəni hara aparır? - TƏHLİL

Ermənistanda hökumətin yarıtmaz daxili və xarici siyasəti əhalinin vəziyyətini hər gün daha da çətinləşdirir. BMT-nin rəsmi məlumatına görə, bu gün Ermənistanda 500 min vətəndaş aclıqdan əziyyət çəkir. Bu ölkədə yoxsulluq səviyyəsi ,yoxsullar və son dərəcə yoxsullar da daxil olmaqla artıq 40 faizlik həddi aşıb. Reallıqda isə bu rəqəmlərin daha yüksək olduğu ehtimal edilir. Amma maraqlıdır ki, Göyçə gölü ətrafında 50 min nəfərin Vardavar bayramını qeyd etməsi Nikol Paşinyan tərəfindən ölkədə güclü inkişaf, əhalinin yaşayış səviyyəsinin artması kimi şərh edilir. Xırda bir araşdırma göstərir ki, Paşinyan 2018-ci ildə də bu bayram haqqında paylaşım edib və 100 min insandan danışıb. Rəqəmlər göstərir ki, aradan keçən 7 ildə bu rəqəm artmalı olduğu halda, daha da azalıb. Bu da ölkədə Paşinyanın hakimiyyəti dövründə yaşayış səviyyəsinin hansı həddə çatmasından xəbər verir.
Sirr deyil ki, hakimiyyətə gəldiyi ilk gündən bütün biznes sahələrini ələ keçirən hakim partiyanın üzvləri qısa zamanda oliqarxa çevriliblər. Məsələn, parlamentin spikeri Alen Simonyanın qardaşı yol tikintisi ilə bağlı əsas tenderlərin qalibi olur. Bir sıra deputatlar tikinti sektorunu ələ keçiriblər. Deputat olmamışdan əvvəl kirayələrdə yaşayanlar bu gün İrəvanın ən bahalı rayonunda qoşa mənzillərə sahib olmaqla yanaşı, xarici ölkələrdə, xüsusən də ərəb ölkələrində bahalı mülklərə malikdirlər. Məsələn, Qrant Davtyan və Hakob Hakobyanın adını çəkmək olar. Eyni zamanda keçmiş məmur Artur Afrikyanın da Dubayda çox bahalı mülkləri var. Bununla yanaşı, hakim partiyanın bir sıra üzvlərinin ərəb ölkələri ilə yanaşı, Qərbdə də mülkləri və ofşor şirkətləri var. İstehsal, ixrac və idxal göstəriciləri son 7 ildə dəfələrlə azalsa da, məmurların və deputatların gəlirləri, mülkləri durmadan artır.
Vergilərin artırılması, iri biznesmenlərə qarşı cinayət işləri, bizneslərinin əlindən alınması, iş adamlarından qeyri-qanuni külli miqdarda pul alınması barədə erməni mediasında kifayət qədər fakt var.
Xarici siyasətdə atılan yarıtmaz addımlar özünü həm Qərb, həm də Rusiya ilə münasibətlərdə göstərir. Məsələn, Samvel Karapetyanla bağlı Stokholm məhkəməsində Ermənistanın əleyhinə qərar qəbul edilməsi hökumətin xarici siyasətinin yarıtmazlığını, diplomatiya, beynəlxalq qanunlar və hüquqdan məlumatsızlığını sübut edir.
Paralel olaraq isə Rusiyadakı erməni oliqarxlardan baş nazirin müttəfiqləri hakimiyyətin Moskva ilə gərgin münasibətlərinin qurbanı olmaq üzrədirlər. Artıq Xaçatur Sukiasyan, Narek Nalbandyan, Manvel Kazaryan kimi oliqarxlara qarşı cinayət işlərinin açılması gözlənilir. Sözügedən şəxslər qaçaqmalçılıqda və vergidən yayınmada ittiham edilirlər. Aktivlərin mənşəyi şübhəli olan, maliyyə intensivliyi yüksək sahələr əsasən erməni spirtli içkiləri və kənd təsərrüfatı məhsulları bazarlarıdır.
Hələ iyun ayında Rusiya xüsusi xidmət orqanları “Alrosa” şirkətindən almaz oğurlayaraq qaçaqmalçılıq yolu ilə onun Ermənistanda satışını həyata keçirən şəbəkəni ifşa edib. Məlum olub ki, dəstə 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər Rusiyanın “Alrosa” şirkətindən oğurladığı almazı bir şirkət vasitəsilə Ermənistanda satmaqla məşğul olub. İşin maraqlı tərəfi odur ki, bu şirkət Ermənistan parlamentinin üzvü, iş adamı Xaçatur Sukiasyana məxsusdur. Paşinyana yaxınlığı ilə seçilən bu şəxsin əsas məqsədi təbii almazları emal edib üçüncü ölkələrə təkrar satmaqdır. Bu məhsullar Qərb bazarlarında daha baha qiymətə satışa çıxarılır. Paşinyan komandasından olan Sukiasyanın cinayət əlaqələrinin ifşası Kremlin İrəvana cavabıdır. Əslində bu məlumatlar 2024-cü ildən məlum olsa da, nədənsə FSB cari ilin iyun ayında düyməyə basmaq qərarına gəlib. Həbs edilən Valentina Matyuşenkova və onun oğlu Aleksey “Alrosa”nın əməkdaşlarıdır. Onlar oğurlanan almazı Armen Petrosyan və Arman Saakyana təhvil veriblər. Sonuncular isə qiymətli daşların qaçaqmalçılığı ilə tanınırlar. Bu cinayət sxeminin başında isə Baqikyan qardaşları durur. Hazırda beynəlxalq axtarışda olan bu şəxslər Ermənistanda belə bir biznesə deputat himayəsində rəhbərlik edə biliblər. Axtarış zamanı onlardan 200 min karat texniki xam almaz daşı götürülüb. Qalmaqal son illərdə Ermənistandan qiymətli daş idxalının kəskin artmasının bu cür qeyri-qanuni sxemlərlə əlaqəli ola biləcəyi ilə bağlı ehtimalları gücləndirir. Üstəlik, Sukiasyanın statusunu nəzərə alsaq, məntiqli sual yaranır: Ermənistanda hakimiyyətin ən yüksək eşelonları bu cinayət şəbəkəsindən xəbərdar olmaqla yanaşı, ona himayədarlıq edərək öz paylarını alıblar, gəlir əldə ediblər. Paşinyanın xəbəri olmadan belə bir sxemin işləməsi isə mümkünsüz görünür. Rusiya bu sxemin üstünü açmaqla İrəvana açıq siqnal verir: Rusiyanın maraqlarına məhəl qoymamaq və kölgə əməliyyatlarına dəstək vermək cəzasız qalmayacaq. İndi Paşinyan və ətrafı ya kompromat əlaqələrdən uzaqlaşmalı, ya da yeni, daha ciddi ifşalara hazırlaşmalı olacaqlar.
ABŞ, Aİ, Avstraliya və ya Cənubi Afrika ilə hansısa müqavilələr imzalana bilər. Amma bu, Ermənistana yeni bazarlar açmayacaq, yaratmayacaq. Hakimiyyət səhv və yararsız siyasətdən qurtulmalı, daxili və xarici siyasətinə əməlli-başlı əl gəzdirməlidir. Əks halda, ölkənin məhvi qaçınılmaz görünür.
Paşinyan komandasının “siyasəti” nəticəsində problemlə üzləşən başqa bir sahə aqrar sektordur. Ermənistanın kənd təsərrüfatı ciddi böhranla üzləşib. Hakimiyyətin bu sahəyə maraq göstərməməsi, lazımsız qərarları çox ciddi böhrana, ərzaq təhlükəsizliyinin təhdidinə səbəb olub. Məsələn, mütəxəssislər istixanalarla bağlı siyasətin düzgün qurulmadığını desələr də, onları ciddiyə alan olmayıb. Nəticədə bu gün sahibkarlar çox ciddi itkilərlə üzləşiblər. Bu sahə Ermənistanda tənəzzül dövrünü yaşayır. Paralel olaraq, maldarlıq sahəsində də ciddi problemlər var. Bu sahənin biliciləri smart tövlə siyasətinə keçidin hələ tez olduğunu, alt bazanın formalaşmadığını, fermerlərin kifayət qədər məlumatlandırılmadığını desələr də, daşdan səs çıxıb, Paşinyan komandasından yox. Nəticədə bu gün Ermənistanda mal-qara sayında çox ciddi azalma müşahidə edilir. Bu isə yaxın vaxtlarda bazar və dükanlarda ət qiymətinin ciddi şəkildə artacağına işarə edir. Eyni zamanda, fermerlərə faizsiz kreditin verilməsi ilə bağlı elan edilən dövlət proqramı hələ kağız üzərində qalıb. Artıq fermerlər bu sahəni kütləvi şəkildə tərk etməyə, əkin-biçin və mal-qara saxlamaqdan imtina etməyə başlayıblar. Çünki təklif olunan mərkəzləşdirilmiş dolu və yağıntılara qarşı stansiyaların qurulması planı baş tutmayıb. Bu sistem iş adamlarına torpağı əkib-becərməyə, risklərdən uzaq olmağa şans yaratmalı idi. Amma ayrılan pullar heç kəsin bilmədiyi sahə üzrə xərcləndiyi üçün bu sahədə də ciddi nöqsanlar üzə çıxıb. Nöqsanlar isə torpaqların əkilib-becərilməməsinə, əkin sahələrinin azalmasına səbəb olub. Paralel olaraq, məhsul sığortası sistemi ləğv edilib, import və eksport problemləri, logistika ilə bağlı ortaya çıxan maneələr, əngəllər həll edilməyib. Nəticə isə ortadadır: əkin sahələri ciddi şəkildə azalıb, mal-qara üçün nəzərdə tutulan otlaq sahələri oliqarx məmurlar tərəfindən zəbt edilib, suvarma sistemi isə demək olar ki, yox dərəcəsindədir.
Bu vəziyyət həm kənd və rayonların boşalmasına, həm də sahibkarların fermer təsərrüfatlarından kütləvi imtinasına səbəb olur...
Hikmət Həsənov