Bu gün

Trampın yeni Yaxın Şərq planı: Azərbaycan “İbrahim razılaşması”na qoşulacaqmı? - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq və Mərkəzi Asiya üzrə xarici siyasət gündəliyini diqqət mərkəzində saxlayır. Beynəlxalq mətbuat yazır ki, Tramp administrasiyası İsraillə əlaqələri normallaşdırmaq məqsədi daşıyan “İbrahim razılaşması” çərçivəsində Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələrini bu prosesə cəlb etmək niyyətindədir. Bu cəhd Trampın regional diplomatiyanı yenidən hərəkətə gətirmək istəyi kimi qiymətləndirilir. Məlumatlara görə, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu məqsədlə mart ayında Bakıya səfər edərək Prezident İlham Əliyevlə görüşüb.

2020-ci ildə Donald Trampın təşəbbüsü ilə imzalanan “İbrahim razılaşması” ABŞ-nin vasitəçiliyi ilə İsrailin BƏƏ, Bəhreyn, Mərakeş və Sudandan ibarət dörd müsəlman ölkəsi ilə diplomatik münasibətlər qurmasına şərait yaratdı. Bu razılaşma bir tərəfdən ABŞ–İsrail münasibətlərinin daha da möhkəmlənməsi, digər tərəfdən isə ərəb dünyasında İsrailin qəbul edilməsinin genişlənməsi baxımından əhəmiyyətli idi. Hazırda Tramp administrasiyası bu diplomatik irsi genişləndirmək, onu Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə zənginləşdirmək istəyir. Bu isə həm geosiyasi, həm də iqtisadi baxımdan yeni perspektivlər və risklər doğurur.

Azərbaycan və İsrail arasında münasibətlər yeni deyil, əksinə, onlar uzun illərdir ki, siyasi, hərbi və iqtisadi sahələrdə əməkdaşlıq edirlər. İsrail Azərbaycanın neft ixrac etdiyi əsas ölkələrdən biridir, Azərbaycan isə İsraildən pilotsuz uçuş aparatlarından tutmuş kibertəhlükəsizlik sistemlərinə qədər müxtəlif texnologiyalar alır. Bu əlaqələrin fonunda Azərbaycanın “İbrahim razılaşması”na qoşulması formal olaraq yeni bir mərhələyə keçid kimi qiymətləndirilə bilər. Lakin bu, sadəcə formal məsələ deyil. Azərbaycanın bu razılaşmaya qoşulması müsəlman dünyasında, xüsusilə də İrana yaxın ölkələr və dairələr tərəfindən mənfi qarşılanacaq. Bakı balanslı diplomatiyasını qorumağa çalışsa da, İsraillə əlaqələrin dərinləşməsi xüsusilə Tehran tərəfindən hərbi-siyasi təzyiqlə qarşılanır. Bununla belə, Azərbaycanın geosiyasi mövqeyi, həm Rusiya, həm İran, həm də Qərblə paralel və praqmatik siyasət yürütmək bacarığı bu addımı daha real və mümkün edir.

Trampın planında diqqət çəkən məqamlardan biri də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “İbrahim razılaşması”na qoşulmaq üçün ilkin şərt kimi təqdim olunmasıdır. Bu yanaşma göstərir ki, Tramp administrasiyası təkcə Yaxın Şərqdə deyil, Qafqazda da münaqişələrin həllinə vasitəçilik etmək niyyətindədir. Əgər belə bir sülh sazişi əldə olunarsa və bu saziş ABŞ-nin təşəbbüsü ilə reallaşarsa, bu, Vaşinqtonun Cənubi Qafqazda təsir imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, belə bir saziş Azərbaycanı “İbrahim razılaşması”na daha təhlükəsiz və regional baxımdan az riskli şəkildə qoşulmağa hazırlaya bilər. Ermənistanın da oxşar razılaşmalara cəlb olunması, məsələn, ABŞ–İsrail–Ermənistan arasında diplomatik yaxınlaşmaların baş verməsi, Rusiya təsirindən qopma prosesində mühüm mərhələ ola bilər.

Bəs bundan Azərbaycanın geosiyasi qazancı nə ola bilər? Əgər Azərbaycan bu razılaşmaya qoşularsa, qazanca biləcəyi sahələr müxtəlifdir. Birincisi, İsrailin yüksək texnologiyalar sahəsində təcrübəsi, xüsusilə kənd təsərrüfatı, su idarəçiliyi və müdafiə sənayesi kimi sahələrdə Azərbaycana strateji üstünlüklər verə bilər. İkincisi, Tramp administrasiyasının təşəbbüsünə qoşulmaq Vaşinqtonla münasibətləri daha da yaxınlaşdırar. Bu isə həm iqtisadi, həm təhlükəsizlik, həm də regional liderlik baxımından önəmlidir. Üçüncüsü, Azərbaycan İsraillə münasibətləri olan ilk şiə ölkəsi kimi dünya müsəlmanlarının siyasi xəritəsində fərqli yer tutacaq.

Bir sözlə, Trampın rəhbərliyi ilə başlayan “İbrahim razılaşması” layihəsi yalnız Yaxın Şərqi deyil, daha geniş bir coğrafi ərazini əhatə etməyə yönəlmiş böyük diplomatik prosesdir. Azərbaycan bu prosesdə həm müsəlman ölkəsi, həm İsraillə tərəfdaş, həm də Qafqazın siyasi ağırlıq mərkəzlərindən biri kimi strateji mövqeyə malikdir. Trampın planı reallaşarsa, Azərbaycan regional güc balansında yeni status əldə edə bilər.

MTM Analitik Qrupu 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?