Rasim Musabəyov: “Rusiya hələ də Azərbaycana imperiya mövqeyindən yanaşır” - RƏY

"Rusiya Azərbaycana və keçmiş SSRİ-nin digər ölkələrinə hələ də imperiya dövləti mövqeyindən yanaşmaqda davam edir".
Bu fikirləri Təhlil.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun fikrincə, Azərbaycan diasporuna təzyiqlər imperatorluq üstünlüyü hissindən ayrılmaq istəməyən Rusiya hakimiyyətinin acizliyini və bu acizliyə qarşı qəzəbini nümayiş etdirir:
"Azərbaycan özünə qarşı yuxarıdan aşağıya yönələn bu cür imperiya münasibətini qəbul etmir və buna dözməyəcək. Kreml bunu mükəmməl şəkildə anlamalıdır”.
Politoloq bildirib ki, Bakı rus əsilli Azərbaycan vətəndaşlarına qarşı heç bir təzyiq etmək niyyətində deyil:
“Bakı Azərbaycanda yaşayan rus əsilli vətəndaşlarına qarşı hər hansı bir təzyiq göstərmək niyyətində deyil və göstərməyəcək. Heç kimə sirr deyil ki, bu gün Rusiyada azərbaycanlılara qarşı təzyiqlər mövcuddur. Onların bəziləri Yekaterinburqda qeyri-qanuni şəkildə saxlanılıb və işgəncəyə məruz qalıblar. Bu faktlar onu göstərir ki, Moskva ilə keçmiş sovet respublikaları arasında münasibətlərin yenidən formatlaşdırılması prosesi ya artıq başlayıb, ya da yaxın perspektivdə baş verəcək. Bu, bir növ yarımimperiya ideyasıdır. Yəni 30 ildən artıq müstəqil olan qonşu dövlətlər üçün nəyin yaxşı, nəyin pis olduğuna Rusiya qərar verir”.
Deputat vurğulayıb ki, Moskva keçmiş sovet respublikalarının müstəqilliyini tam şəkildə qəbul etmək və tanımaq istəmir:
“Rusiyaya bunu izah etmək lazımdır. Mən hesab edirəm ki, sonda Moskva yeni reallıqlara yenidən baxacaq və Azərbaycanla münasibətlərini müstəqil, qurulmuş, milli maraqlarını müdafiə etməyə hazır olan güclü bir dövlət kimi formalaşdıracaq”.
O, həmçinin Xankəndidə rəssam Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı TASS agentliyində dərc olunan təxribat xarakterli materiala da münasibət bildirib.
“Rəssam Ayvazovskinin Xankəndidə abidəsinin qoyulması da, TASS agentliyinin və Mixail Şvıdkoyun onun sökülməsinə dair indiki reaksiyası da bu gün Rusiyada yenidən baş qaldıran imperializmin səs-küyündən başqa bir şey deyil. Xatırlatmaq istərdim ki, söhbət təkcə Ayvazovskinin abidəsindən getmir. Orada Rusiya sülhməramlıları tərəfindən bütöv bir “rus şöhrət xiyabanı” yaradılmışdı və bu, nümayişkaranə şəkildə həyata keçirilmişdi. O vaxt erməni və rus mətbuatı rus əsgərinin çəkməsinin girdiyi ərazilərdən artıq çıxmayacağı haqqında mesajlar yayırdı. Bu abidələr və xiyaban isə bir nümayiş idi. Sanki, ‘biz buradayıq və buradan getməyəcəyik’ mesajı verilirdi”.
Lakin zaman göstərdi ki, Rusiya sülhməramlılarının Azərbaycanda olması müvəqqəti xarakter daşıyır. Azərbaycan Rusiya sülhməramlılarının gözü qarşısında Ermənistanın Qarabağ ərazisindəki qanunsuz silahlı birləşmələrinin qalıqlarını tərksilah edib. Daha sonra isə sülhməramlıları vaxtından bir il tez ölkədən göndərdi. Onlar gedəndə kazarmalarını, eləcə də saxladıqları hərbi texnikanı özləri ilə apardılar. Bu texnikanın bir hissəsi Ermənistan silahlı qüvvələrinə aid olub və onlara təslim edilib”.
R. Musabəyov qeyd edib ki, Rusiya Azərbaycan ərazilərində qanunsuz şəkildə ucaltdığı abidələri özü ilə aparmalı idi:
“Ancaq onlar bunu etmədilər. Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə asayişin bərpası çərçivəsində, o cümlədən, qanunsuz quraşdırılmış abidələrlə bağlı səliqə yaratmağa başlayıb. Bu addımı rus mədəniyyətinə və ya Ayvazovskiyə qarşı hörmətsizlik kimi təqdim etməyə ehtiyac yoxdur. Ayvazovski dəniz mövzusunda məşhur rəssamdır, onun əsərləri bu gün də bizim muzeylərdə saxlanılır. Ona qarşı heç bir hörmətsizlik mövcud deyil”.
O əlavə edib ki, əksinə, Azərbaycan hakimiyyətinin razılığı olmadan Rusiya hərbçilərinin belə abidələr ucaltdığı faktı məhz Bakıya qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir:
“TASS agentliyinin “Stepanakert” və “Dağlıq Qarabağ” ifadələrindən istifadə etməklə təxribat törətmək cəhdi də Azərbaycanın Xarici İşlər Nazirliyindən dərhal cavab aldı. Nəticədə TASS bu ifadələri korrektə etməyə məcbur oldu. Əvvəlcə “Stepanakert”, sonra isə “Dağlıq Qarabağ” sözləri xəbərlərdən çıxarıldı. Azərbaycan XİN xəbərdarlıq edib ki, belə hallar təkrarlanacağı təqdirdə, Bakı TASS-ın ölkə ərazisindəki statusuna və fəaliyyətinə yenidən baxacaq”.
Rasim Babayev