Bu gün

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

Bu gün - avqustun 2-də Azərbaycan kinosu 127 yaşını qeyd edir. Milli kino tariximizin başlanğıcı kimi qəbul edilən bu gün, Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, artıq illərdir ki, Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

1898-ci ilin məhz bu günü Aleksandr Mişonun çəkdiyi ilk xronikal və bədii süjetlərin Bakıda nümayişi ilə milli kinematoqrafiyamızın təməli qoyuldu. “Bibiheybətdə neft fontanı yanğını” və “İlişdin” kimi ilk ekran əsərləri bu sahədə başlanğıc nöqtə oldu.

Sonrakı illərdə Azərbaycan kinosu sürətlə inkişaf edərək “Neft və milyonlar səltənətində”, “Arşın mal alan” kimi ekran əsərləri ilə formalaşmağa başladı. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin, eyni ildə Birinci Dövlət Kinofabriki və sonradan “Azərbaycanfilm”in yaradılması isə bu sahənin institusional inkişafına təkan verdi.

Bu günə qədər “Azərbaycanfilm” kinostudiyasında iki mindən artıq film çəkilib. Onların sırasında “Ögey ana”, “Axırıncı aşırım”, “Nəsimi”, “Buta”, “Çölçü”, “Nabat” kimi filmlər həm yerli, həm də beynəlxalq festivallarda mükafatlar qazanaraq kino tariximizə silinməz izlər buraxıb.

Dövlət səviyyəsində də kino sənətinə diqqət davam edir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla milli kinematoqrafiyamız üçün yeni hüquqi və texniki bazalar yaradılıb. “Azərbaycan Respublikasının Kino Agentliyi”nin təsis olunması bu istiqamətdə atılmış ən vacib addımlardandır.

Bu il də Azərbaycan Kinosu Günü münasibətilə bir sıra tədbirlər keçirilir. Nizami Kino Mərkəzində yerli rejissorların filmləri nümayiş olunacaq, günün sonunda isə “Əhməd haradadır?” filmi açıq havada kino sevərlərlə görüşəcək.

Azərbaycan kinosuna emek verən hər kəsi təbrik edir, sənət yolunda yeni uğurlar arzulayırıq. Bu sahənin inkişafı – həm tariximiz, həm də gələcəyimiz üçün dəyərlidir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?