Bu gün

Ermənistanın hakim partiyasında kilsəyə görə parçalanma yaranıb - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə aydır Apostol kilsəsi və II Qareginə qarşı başlatdığı kampaniya hər gün daha da alovlanır. Paşinyanın məqsədi seçki ərəfəsində Moskvadan göstərişlə hərəkət edən kilsəni zəiflətmək, yerinə öz adamını gətirmək, bu qarşıdurma ilə diasporda da parçalanmaya nail olmaqdır. Təbii ki, seçkilərə erməni diasporunun da güclü müdaxiləsi gözlənilir və bu addım əslində parçalanma yaratmaqla vahid müxalifət namizədinin dəstəklənməsinin qarşısını almaqdır. Bununla yanaşı, kilsəyə qarşı yürüdülən siyasətlə bağlı hakim partiyada artıq çatlar yaranıb və fikir ayrılıqları başlayıb. Paşinyan tərəfdarlarını kilsənin siyasi nəzarət altına alınmasının zəruriliyinə inandırmağa davam etsə də, narazı təbəqə yaranmağa başlayıb. Bununla belə, bir sıra deputat və məmurlar göstərişlə kilsənin nüfuzunu zəiflətmək üçün ictimai kampaniyada iştirak edirlər. Məsələn, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bəyan edib ki, hökumət kilsənin azad edilməsi üçün yol xəritəsi təqdim edəcək. Onun bu fikri partiyada çaşqınlığa və narazılığa səbəb olub. Bir sıra partiyadaşlar kilsəyə qarşı belə açıq savaşı qəbul etmir və bunu düzgün saymır. Buna görə də partiyanın bir qanadı baş nazirin belə avantüraya gedəcəyinə inanmır.

Artıq yerli idarəetmə orqanlarında da bu kampaniyaya qarşı etirazlar başlayıb. Məsələn, İrəvan meri Tiqran Avinyanın protokol rəhbəri olmuş Suren Varosyan Ərəbkir inzibati dairəsinin rəhbəri vəzifəsini icra edən Qevorq Varosyanı özünə müavin təyin edib. Sonuncu da hakim partiyanın üzvüdür. O, idarə rəislərini yanına çağıraraq, Eçmiədzinə qarşı kampaniyada iştirak etməklə bağlı tapşırıq verib. Şöbə müdirləri isə bununla razılaşmayaraq, işçilərini kilsəyə qarşı çıxmağa məcbur edə bilməcəyəklərini bildiriblər. Varosyan isə onlarla mübahisə edib və planı icra etməyənləri işdən çıxarmaqla hədələyib. O, vaxtilə Nubaraşen həbsxanasında işləyib və birdən-birə merin müavini vəzifəsinə gətirilib. Bu isə planlı şəkildə icra edilib. Çünki həbsxanada qəddarlığı ilə ad çıxarmış Qevorqun belə bir vəzifəyə təyinatı inzibati idarəetmə orqanı əməkdaşlarına təzyiq üçün nəzərdə tutulub.

Bununla belə, baş verən hadisələr göstərir ki, artıq hakim partiyanın daxilində belə, baş nazirin kilsəyə qarşı addımları və planı dəstəklənmir. Hələlik açıq etirazlar olmasa da, xırda-xırda qruplaşmaların yarandığı müşahidə edilir. Ehtimal etmək olar ki, yaxın vaxtlarda “Vətəndaş müqaviləsi”nin bir qanadı konkret bu addıma qarşı çıxacaq və Paşinyanı dayandırmağa çalışacaq.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?