30 may

ABŞ Ermənistanı deyil, Azərbaycanı seçir - ŞƏRH

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alan fikirlər sıradan diplomatik jest kimi deyil, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin konturları kimi qiymətləndirilir. Məktubda əməkdaşlıq, sülh və qarşılıqlı tərəfdaşlıq mesajlarının yer alması Azərbaycanla ABŞ arasında əlaqələrin daha da dərinləşəcəyinə dair siqnaldır.

Trampın liderliyi dövründə ABŞ-nin xarici siyasəti daha praqmatik və milli maraqlara əsaslanan kurs üzərində qurulmuşdu. Onun Prezident İlham Əliyevə ünvanladığı mesaj da məhz bu praqmatik yanaşmanın davamı kimi şərh olunur. Bayden administrasiyası dövründə Qafqazla bağlı aparılan siyasətin nəticəsizliyi fonunda Trampın yanaşması konkret əməkdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanır.

Məktubda Tramp Azərbaycanı əməkdaşlığa sadiq tərəfdaş kimi qiymətləndirir. Bu, təsadüfi deyil. Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, geostrateji mövqeyi, sabitliyi və nəqliyyat-logistika imkanları ilə də Qərbin diqqət mərkəzindədir. Vaşinqton bu reallığı qəbul edir və siyasətini ona uyğun şəkildə yenidən formalaşdırır.

Trampın məktubu, həm də ABŞ-nin Ermənistana əvvəlki kimi xüsusi münasibət göstərmək niyyətində olmadığını göstərir. Ermənistan hələ də Rusiyanın hərbi və siyasi təsirindən çıxmayıb, eyni zamanda Çin və İranla yaxınlığı ilə ABŞ üçün riskli aktora çevrilib. Bu səbəbdən Vaşinqtonun strateji baxışında Bakı daha etibarlı və önəmli tərəfdaş kimi görünür.

Azərbaycanın regional rolu artıq təkcə sözlə deyil, əməldə də təsdiqlənir. Zəngəzur dəhlizi, Orta Dəhliz layihəsi, enerji təhlükəsizliyində oynadığı rol və COP29-a ev sahibliyi kimi amillər Azərbaycanın qlobal siyasi-iqtisadi çəkisini artırır. Bu kontekstdə ABŞ-nin Azərbaycanla tərəfdaşlığa önəm verməsi, münasibətlərə yeni dinamika gətirir.

Donald Trampın məktubu həm də Amerikanın Cənubi Qafqazda real tərəfdaşlarla işləmək niyyətini ortaya qoyur. Bütün bunlar göstərir ki, ABŞ-Azərbaycan əlaqələrində yeni - daha bərabərhüquqlu, daha strateji və konkret nəticələrə hesablanmış bir mərhələ başlayır.  

MTM Analitik Qrupu 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?