Dünən

Rusiyada təkcə danışanlar yox, susanlar da cəzalandırılır - TƏHLİL

Kremlin əsas ruporlarından olan Vladimir Solovyov “Rossiya 1” kanalında çıxışı zamanı TASS-ın keçmiş baş direktor müavini Mixail Qusman və tanınmış politoloq Serqey Markovun Şuşaya səfərini tənqid edərkən onların “jurnalist həmkarlarının taleyinə biganə qalmasını” xəyanət kimi qiymətləndirib. Əsas məsələ ondan ibarətdir ki, bu çıxış əslində bir neçə qatlı siyasi və informasiya oyunlarının üstünü açıb. Bildiyimiz kimi, Qusman və Markovun Şuşaya səfəri Azərbaycanda keçirilən beynəlxalq media forumu çərçivəsində baş tutub. Həmin tədbirə Rusiya nümayəndələrinin dəvət olunması isə diplomatik jest kimi qiymətləndirilə bilərdi. Əgər bu səfər Moskvada fərqli qarşılanmasaydı. Solovyovun reaksiyası da göstərir ki, Rusiya üçün bu səfər “ideoloji xəyanət” kimi dəyərləndirilib. Xüsusən, Ukrayna müharibəsi fonunda Kremlin informasiya blokadası siyasəti və informasiya sahəsində “xəttdən çıxan” hər kəsin cəzalandırılması meyli nəzərə alınsa, Qusman və Markovun Solovyovun iddia etdiyi səssizliyinin belə aqressiv qarşılanması təəccüblü deyil.

Solovyovun əsas ittihamı bundan ibarətdir ki, “Azərbaycan həbsxanalarında rusiyalı jurnalistlər var, amma Qusman və Markov onların taleyini soruşmadılar”. Əslində, Solovyov “jurnalist həmkarlarımız” ifadəsi ilə manipulyasiya edir, bununla da emosional təzyiq yaratdığa çalışır. O, konkret faktlara deyil, Rusiya ictimaiyyətində formalaşmış “xəyanətkar axtarışı” duyğusuna oynayır. Baxmayaraq ki, Solovyovun hədəfində olan Mixail Qusman uzun illər Rusiya informasiya sistemində yüksək vəzifə tutub. O, beynəlxalq jurnalistika dairələrində də tanınan simadır. Onun vəzifədən çıxarılması çoxları üçün gözlənilməz idi. Lakin Solovyovun bu mövzuya həsr olunan verilişindən məlum olur ki, bu istefa Şuşa forumunda iştirakla birbaşa əlaqəlidir. Bu fakt Solovyovun tənqidlərini “şəxsi münasibət” və “daxili intiqam mexanizmi” kimi qəbul etməyə əsas verir. Serqey Markov isə siyasi şərhçi və Kremlin loyal ideoloqlarından biri kimi tanınır. Onun da hədəfə alınması bir daha sübut edir ki, bu cür loyal fiqurlar belə, lazım gəldikdə qurban verilə bilir.

Solovyovun çıxışları artıq uzun müddətdir ki, jurnalistikadan daha çox, təbliğat silahına çevrilmiş situativ qəzəb və təhqir dilinə əsaslanır. O, Rusiya üçün əlverişsiz və ya xoşagəlməz addım atan hər kəsi “xəyanətkar” elan edir. Bu model SSRİ dövrünün “xalq düşməni” ritorikasını xatırladır. Bir az fərqli düşünən, azacıq fərqli mövqe sərgiləyən hər kəs dərhal hədəfə çevrilir. Burada məqsəd bir tərəfdən fərqli düşüncəni boğmaq, digər tərəfdən isə ictimaiyyətdə “sabitlik üçün təhdidlər” obrazı yaratmaqdır.

Azərbaycan üçün bu hadisə müəyyən mənada diplomatik ziddiyyətlər doğura bilər. Rusiya mediasında, xüsusən də Solovyov səviyyəsində səslənən bu fikirlər, Azərbaycanın suveren tədbirinə qarşı qeyri-rəsmi hücumdur. Azərbaycan kiminlə media forumu keçirəcəyini özü müəyyən edir və bu tədbirdə iştirak edən şəxslərin hansı sualları verib-verməyəcəyi üzərində senzura tətbiq etmir. Digər tərəfdən, bu hadisə Azərbaycanın informasiya müstəvisində müstəqil siyasət yürütməsinin nəticəsidir.

Qusman da, Markov da hələlik susur. Bəlkə də bu, diplomatik zərurətdən doğan səssizlikdir. Amma Solovyov bu səssizliyi də bağışlamır. Çünki Rusiya informasiya siyasətində “ya bizim kimisən, ya da düşmən” yanaşması hökm sürür. Bu kontekstdə təkcə dediyin yox, demədiyin də məsuliyyətə çevrilir. Şuşada olmaq bir test idi. Kimlər üçün diplomatik jest, kimlər üçünsə xəyanət. Və bu testin nəticəsi göstərdi ki, Rusiyada təkcə danışanlar yox, susanlar da cəzalandırılır.

MTM Analitik Qrupu 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?