Post yox, məqsəd başqadır: Cermuk təxribatının arxasındakı siyasi plan - MƏQALƏ

Ermənistan mediası və sosial şəbəkə seqmentində bu ölkənin silahlı qüvvələrinin Cermuk istiqamətində yerləşən hərbi postunun guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi barədə yayılan əsassız xəbərlər regionda sabitliyi pozmağa yönəlmiş növbəti iftira kampaniyasının tərkib hissəsidir. Sülh danışıqlarının dinamik fazaya keçdiyi bir dövrdə bu cür dezinformasiyaların ortaya atılması heç də təsadüfi görünmür.
Bu ölkədə Azərbaycanla sülhə qarşı olan radikal-revanşist dairələr növbəti dezinformasiyalarla ictimaiyyəti “yeni müharibə” təhlükəsi ilə qorxutmaq, hərbi ritorikanı gücləndirmək, cəmiyyətdə təşviş yaratmaq istəyirlər. Saxta xəbərlərin məqsədi həm də beynəlxalq arenada Azərbaycanın “sülhdə maraqlı olmayan aqressiv tərəf” kimi təqdim olunmasına, sülh prosesinə olan inamın zəiflədilməsinə, regional əməkdaşlıq təşəbbüslərinin gözdən salınmasına xidmət edir.
Cermuk istiqamətində postun guya ələ keçirilməsi ilə bağlı yayılan xəbərlər Ermənistan Müdafiə Nazirliyi tərəfindən də rəsmən təkzib olunub. Nazirliyin mətbuat katibi Aram Torosyan “Facebook” səhifəsində bu məlumatın əsassız və yalan olduğunu bəyan edib. O, həmçinin, dezinformasiyanın yayılmasının təhlükəli nəticələrə yol aça biləcəyini qeyd edərək, medianı və sosial şəbəkə istifadəçilərini bu cür yalan məlumatlardan çəkinməyə çağırıb.
İstənilən halda yayılan bu cür dezinformasiyalar Ermənistanda sülhə qarşı olan qüvvələrin fəallaşdığını göstərir. Bu, həm də regionda formalaşmış yeni geosiyasi reallığa qarşı yönələn psixoloji və diplomatik sabotajdır. Ermənistanın daxilindəki radikal siyasi çevrələr bu cür saxta xəbərlərlə cəmiyyətə mesaj verməyə çalışırlar ki, guya “Ölkə təhlükə altındadır, sərhədlərimiz pozulur və bu vəziyyətə qarşı hərbi hazırlıq aparılmalıdır”. Bu təbliğatın birbaşa daxili rəyə hesablanmış qorxu siyasəti olduğu aşkar sezilir.
Bu dezinformasiyaların Zəngəzur Dəhlizi ətrafındakı müzakirələrin yenidən aktuallaşdığı dövrə təsadüf etməsi də diqqətdən kənarda qala bilməz. Son illərdə Ermənistanda həm rəsmi, həm də qeyri-rəsmi dairələr əsassız olaraq Azərbaycanın guya Zəngəzur Dəhlizini güc yolu ilə açmaq niyyətində olması iddiasını tirajlayırlar. Məqsəd sadədir – Azərbaycanın regional inteqrasiyaya yönəlmiş sülh təşəbbüslərini kölgə altına almaq, bu ölkəni aqressor kimi təqdim etmək. Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülhün, kommunikasiyaların bərpasını və qarşılıqlı etimada əsaslanan diplomatik-siyasi əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan son illərdə aparılan sülh danışıqlarında ancaq beynəlxalq hüquqa əsaslanıb. İstər sərhədlərin delimitasiyası və demarkasiyası, istərsə də nəqliyyat yollarının bərpası prosesində rəsmi Bakı hər zaman konstruktiv mövqe sərgiləyib.
Azərbaycan hərbi eskalasiyalarda maraqlı olmadığını, bütün mübahisəli məsələlərin, əməkdaşlıq təşəbbüslərinin siyasi-diplomatik müstəvidə həyata keçirilməsinin vacibliyini bəyan edib. Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil: “Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var”.
Bu açıqlama Azərbaycanın sülhpərvər niyyətini bir daha təsdiqləməklə yanaşı, göstərir ki, süni şəkildə yaradılan gərginlik rəsmi Bakının qətiyyən marağında deyil. Bu cür informasiya təxribatları, hibrid müharibə postmünaqişə dövrünün təhlükəli alətlərindən biridir. Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin mühüm mərhələyə daxil olduğu bir zamanda bu cür pozucu xəbərlər tərəflər arasında etimadın sarsıdılmasına, etnik barışmazlıq ritorikasının qızışdırılmasına xidmət edir. Ermənistanda müəyyən qüvvələrin bu cür dezinformasiyalara geniş yer vermələri beynəlxalq platformalarda Azərbaycanın sülh prosesində “qeyri-səmimi tərəf kimi təqdim olunmasına yönəlib”.
Ermənistanın son iki ildə kütləvi silahlanması, Fransa, Hindistan, İran və Yunanıstandan yeni silah-sursat və hərbi texnika alması sülh danışıqlarının gedişinə mənfi təsir göstərir. Bu istiqamətdəki destruktiv fəaliyyətini “pərdələmək” istəyən rəsmi İrəvan Azərbaycanı guya Ermənistanı “güclə təhdid edən və ərazilərini zəbt edən” ölkə kimi təqdim etməyə çalışır. 30 ilə yaxın müddətdə ərazilərimizi işğalda saxlamış Ermənistanın hərbi potensialını gücləndirmək cəhdləri sülh və sabitliyə potensial təhdid olaraq, bu ölkənin bölgədəki destruktiv fəaliyyətini stimullaşdırır. Rəsmi İrəvan silahlanma ritorikası ilə guya gələcəkdə “vəziyyətin dəyişəcəyi” barədə erməni ictimaiyyətində irreal təsəvvürlər formalaşdırmağa çalışır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dayanıqlı sülh naminə beynəlxalq platformalarda qarşılıqlı iddialara son qoyulmasının vacibliyini dəfələrlə bəyan edib. Regionda dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olması isə yalnız hərbi əməliyyatların bitməsi ilə deyil, qarşılıqlı etimada əsaslanan mühitin yaradılması yolu ilə mümkündür. İnformasiya sabotajları isə bu mühüm prosesə kölgə salır və süni gərginlik yaradır.
MTM Analitik Qrupu