Ermənistanda kənd təsərrüfatı ciddi böhran keçirir - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan və komandasının yarıtmaz daxili və xarici siyasəti ölkənin iqtisadiyyatını hər gün daha sürətlə uçuruma aparır. Bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi dövlətlərin prioritet məsələlərindən biri olduğu üçün kənd təsərrüfatına, əkin-biçinə və suvarılmaya daha çox diqqət ayrılır. Lakin uzun illər işğal altında olan Qarabağın sərvətini, eləcə də, bərəkətli torpaqlarda əkilən buğda və digər kənd təsərrüfatı məhsullarını talamağa alışan erməni hökuməti deyəsən bu sahədə də geriləməkdədir. Ölkənin ərzaq təhlükəsizliyi təhlükə altındadır. Artıq kənd təsərrüfatı sahəsi ciddi böhranla üz-üzə qalıb. Hətta bunu rəsmilər belə etiraf etməkdən çəkinmirlər. Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Aşot Arutyunyan isə baş verənlərə görə birbaşa hökuməti günahlandırıb.
Məsələ burasındadır ki, istixana təsərrüfatının inkişafı siyasəti yanlış prinsiplər əsasında aparılıb. Bu səbəbdən də sahibkarlar bu gün ciddi itkilərlə üzləşiblər. Rusiya ilə gərginləşən münasibətlər fonunda baş qaldıran problemlər də çətinliklərin əsas səbəblərindəndir. Bu da yuxarıda qeyd edildiyi kimi, yarıtmaz daxili və xarici siyasətin nəticəsidir.
Eyni problem heyvandarlıq sahəsində də müşahidə edilib. Mütəxəssislər smart tövlələrə keçidin riskli olduğunu, bunun üçün müəyyən işlərin görülməsinin, alt baza və hazırlığın vacibliyini bildirsələr də, çağırışları cavabsız qalıb. Nəticədə problem dərinləşib və bu gün heyvandarlıq sahəsində ciddi azalma müşahidə edilir. Eyni zamanda, fermerlərə subsidiya və faizsiz kreditlərin verilməsi ilə bağlı dövlət proqramı da icra olunmur.
Problemlər qeyd olunanlarla bitmir. Dolu və ciddi yağıntılara qarşı mərkəzləşdirilmiş stansiyaların qurulması təklif edilmişdi. Bu isə fermerlərə torpaqlarını risk olmadan əkib-becərməyə şərait yaratmalı idi. Amma hökumət bu planı da qulaqardına vuraraq, vəsaiti başqa məqsədlər üçün xərcləyib. Bu da torpaqların əkilməməsinə və əkin sahələrinin azalmasına səbəb olub. İdxal, o cümlədən logistika problemləri də həllini tapmayıb.
Hakimiyyət kənd təsərrüfatını tədricən məhvə sürükləyir. Ölkə rəhbərliyi səhv kadr siyasəti aparır. Sistemli problemlər həllini tapmır, istehsal göstəriciləri, maliyyə, əkin sahələri, mal-qara üçün nəzərdə tutulan otlaq sahələri məhv edilib. Məhsulların satışı da təşkil olunmur, fermerlərin istehsal etdiyi məhsulların dəyəri yoxdur.
Bütün sadalananlar göstərir ki, Ermənistanın kənd təsərrüfatı ciddi böhranla üzləşib. Artıq yerlərdə fermerlər kütləvi etirazlara hazırlaşır. Bir çox sahibkar torpaq əkib-becərmək, mal-qara saxlamaq fikrindən daşınır. İstixanalarla bağlı vəziyyət də eynidir. Əgər Paşinyan hökuməti bu sahə ilə bağlı radikal addımlar atmasa, ölkənin aqrar sektoru fəlakətlə üzləşəcək və bu, çox yaxın vaxtlarda baş verəcək.
Hikmət Həsənov