Azərbaycanda sənayeləşmə peşə təhsilinə marağı artırır - ŞƏRH

Azərbaycanda təhsil sahəsi dövlətin əsas diqqət və maraq dairəsində olan vacib sahələrdən biridir. Sirr deyil ki, hər il təhsilin keyfiyyətini artırmaq üçün dövlət proqramları icra olunur, müxtəlif qərarlar qəbul edilir. Elə bunun nəticəsidir ki, artıq Azərbaycanın ali məktəbləri dünyanın nüfuzlu reytinqlərinə daxil edilir. Bununla yanaşı, son illər ölkədə peşə təhsilinə də ciddi diqqət göstərilir.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində peşə təhsili ilə bağlı maraqlı açıqlamalar verib.
Nazir qeyd edib ki, hazırda 100 mindən artıq tələbənin peşə təhsili almaq imkanı var. Eyni zamanda qeyd edilib ki, 2026-cı ildə Şuşada, 2027-ci ildə isə Füzulidə peşə təhsil mərkəzləri fəaliyyətə başlayacaq. Bu isə onu deməyə əsas verir ki, işğaldan azad edilən və yenidən qurulan torpaqlarda ciddi sənayeləşmə proqramları icra olunacaq və bunun üçün də ixtisaslı kadrların hazırlanması üçün artıq peşə təhsilli mərkəzlərin qurulmasına start verilib. Çünki elm və texnologiyanın inkişafı sənaye müəssisələrində yüksək ixtisaslı kadrlara olan tələbatı artırır. Əmək bazarında yaranan bu tələbat da öz növbəsində peşə təhsilinin inkişafını daha da zəruri edir. Bu məktəblərin əsas məqsədlərindən biri sənaye müəssisələri üçün işçi qüvvəsini qısa zamanda təcrübə mühitində hazırlamaqdır.
Bu gün dünyanın aparıcı ölkələri peşə təhsilinə xüsusi önəm verir. Artıq peşə təhsili müasir dövrün tələblərindən biri hesab edilir. Peşə təhsilinin keyfiyyətini artırmaq və iş dünyasına töhfə vermək üçün müəyyən addımlar atılır. Bu sahədə təhsil alanların iş tapmaq imkanı daha yüksəkdir. Çünki onlar praktik olaraq bacarıqları öyrənir və asanlıqla öz işlərində tətbiq edə bilirlər.
Son illər Azərbaycanda sənayeləşmənin sürətlənməsi də məhz dövlət tərəfindən peşə təhsili ilə bağlı çox ciddi addımların atılmasına səbəb olub. Ölkədə xidmət və istehsal sahələrində texnoloji inkişafa uyğun, peşəkar bilik və bacarıqları olan kadrlara ehtiyac hər gün artır. Bu ehtiyacı qarşılamaq üçün isə ixtisaslı kadrların yetişdirilməsi peşə təhsili müəssisələrin üzərinə düşür. Bu, inkişafın sürətləndirilməsi, məşğulluğun artırılması və ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu faktorlar işığında əminliklə söyləmək olar ki, sənayeləşməsi sürətlənən Azərbaycan yaxın illərdə peşə təhsili müəssisələr hesabına kifayət qədər ixtisaslı kadrlara sahib olacaq.
Hikmət Həsənov