Nazir müavini: Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər çoxalır

Kibertəhlükəsizliyin həm qlobal miqyasda, həm də ölkəmiz üçün aktuallığı durmadan artır. Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər mütənasib olaraq çoxalır, yeni, daha mürəkkəb kibercinayət növləri yayılır.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”nin növbəti məzun günündə çıxışı zamanı deyib.
“Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır. 2025-ci ildə kibercinayətkarlığın ümumi zərəri 10 trilyon dollar civarında proqnozlaşdırılır. Bu göstəricinin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal edilir. Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorunu hədəf ala bilər. Bu o deməkdir ki, heç bir qurum kiberhücumlardan 100 faiz sığortalanmayıb. Məhz buna görə də şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də ölkəmiz üçün kritik önəm təşkil edən müəssisələrdə kibertəhlükəsizlik üzrə müvafiq insan kapitalının, eləcə də lisenziyalı proqram təminatlarının və antivirus proqramlarının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir.
Aydın məsələdir ki, kibertəhdidlər bizim ölkədən də yan keçmir. Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il üçün açıqladığı hesabat ölkəmizin mühüm irəliləyiş əldə etdiyini göstərir. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayaraq “təkmil səviyyə”də qərarlaşıb. Beləliklə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyətin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdiyinin şahidi oluruq. Sevindirici haldır ki, son illərdə Azərbaycanda gənclərin sahəyə marağı əhəmiyyətli dərəcədə artıb”, - deyə nazir müavini əlavə edib.