İqlim dəyişir, siyasət dəyişmir – Azərbaycanın fərqli duruşu - MƏQALƏ

Qlobal istiləşmə artıq qlobal problemdən daha çox, qlobal reallığa çevrilib. Qütblərdə buzlar əriyir, meşələr tüstü içində boğulur, planetin “nəbzi” getdikcə sürətlənir, amma bəşəriyyətin reaksiyası bu ritmə uyğun deyil, gecikir, tərəddüd edir, hətta bəzən geri çəkilir.
Ümumdünya Meteorologiya Təşkilatının 2025–2029-cu illər üçün proqnozları, sadəcə rəqəmlərdən ibarət bir xəbərdarlıq deyil, dünya üçün yazılmış iqlim siqnalıdır: 1,5 dərəcə Selsi artım ehtimalı 86 faizdir, bu kritik həddin 1,9 dərəcəyə çatma ehtimalı isə artıq ciddi təhlükəyə çevrilib.
Böyük güclər, böyük məsuliyyət daşıyanlar bu siqnalları eşidir, amma reaksiya verməkdə getdikcə daha istəksiz görünürlər. ABŞ və Avropa İttifaqı əvvəlki iqlim hədəflərindən sakitcə geri çəkilərkən, dünya “nəfəsliyə çıxmadan” daha ağır böhran mərhələsinə doğru sürüklənir. “Təhlükəli nöqtə” artıq proqnoz deyil, sadəcə keçilmək üzrə olan bir həqiqətdir.
Amazon meşələri yanır, Arktika parçalanır, ekosistemlər bir-bir sıradan çıxır, böcəklər səssizcə yox olur. Alimlər isə “Alov dövrünə qədəm qoymuşuq” kimi ifadələr səsləndirirlər. Bu cümlə, təbiətə nə qədər zərbə vurulduğunu, amma bunun nə qədər normal qarşılanmağa başlandığını izah edir.
Belə bir mənzərədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi sadəcə bir diplomatik uğur deyil, həm də strateji mövqe bəyanatıdır. “Yaşıl dünya naminə həmrəylik” – kağız üzərində bir deviz deyil, Azərbaycanın siyasi gündəminin və xarici enerji strategiyasının mühüm elementinə çevrilib.
Bu zirvəylə Azərbaycan təkcə iqlimlə bağlı danışıqlar masasına oturmadı, həm də masanın formatını dəyişməyə çalışan ölkələr sırasında yer aldı. İstixana qazlarının azaldılması, yaşıl texnologiyaların təşviqi və enerji keçidi məsələlərində ölkəmiz təşəbbüskarlıq göstərdi. COP29 Azərbaycanın “biz də buradayıq” deməsi deyil, “biz onsuz da buradayıq və yol göstəririk” mövqeyidir.
Astanada imzalanan regional saziş də bu mövqeyin daha da möhkəmləndiyini göstərir. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan şirkətləri arasında imzalanmış saziş – görünən odur ki, yaşıl enerji gündəmini regional əməkdaşlıq səviyyəsinə daşıyır. Yəni Azərbaycanın yanaşması sadəcə ekoloji deyil, həm də geosiyasi əhəmiyyət daşıyır: iqlim böhranına qarşı mübarizə regional birləşmə və iqtisadi model dəyişikliyi ilə birləşdirilir.
Ən maraqlı məqamlardan biri isə yaşıl enerji dəhlizlərinin təşəbbüskarı kimi Azərbaycanın roludur. Avropa ilə Mərkəzi Asiya arasında yeni enerji yollarının açılması təkcə enerji təhlükəsizliyi deyil, həm də karbon emissiyasının azaldılması baxımından əvəzsiz platformadır. Bu baxımdan, Azərbaycanın “bölgəsəl yaşıl lider” mövqeyi tədricən qlobal iqlim müzakirələrində nüfuz qazanan aktora çevrilməsini təmin edir.
Bir tərəfdə prioritetlərini iqtisadi maraqlar naminə iqlim hədəflərindən ayıran güclər, digər tərəfdə iqlim məsələlərini həm daxili, həm də regional siyasətinin mərkəzinə çevirən Azərbaycan. Bəli, bu bir bəşəri məsələdir. Amma görünən odur ki, planet üçün yox, planetlə birlikdə düşünənlər daha azdır. Azərbaycan isə bu azlığın içində daha çox görünməyə başlayır.
MTM Analitik Qrupu