Bu gün

Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyir? - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2025-ci ildə Azərbaycana ümumilikdə 2 570 212 nəfər səfər edib. Gələnlərin 70,2 faizi, yəni 1 804 754 nəfər ölkəyə turizm məqsədilə daxil olub. 2024-cü illə müqayisədə turizm məqsədli səfərlərin sayı 2,7 faiz və ya 50 359 nəfər azalıb. Belə ki, 2024-cü ildə ölkəyə turizm məqsədilə gələnlərin sayı 1 855 113 nəfər təşkil edib. Qeyd olunmalıdır ki, son dörd ilin ən yüksək göstəricisi də məhz 2024-cü ilə təsadüf edir.

Əvvəlki illərin statistikası göstərir ki, 2022-ci ildə ölkəyə turizm məqsədilə 1 058 068 nəfər, 2023-cü ildə isə 32,6 faiz və ya 344 532 nəfər artım nəticəsində 1 402 600 nəfər daxil olub.

Ümumilikdə, son dörd il ərzində Azərbaycana turizm məqsədilə 6 120 535 səfər qeydə alınıb.

Qeyd edildiyi kimi, 2025-ci ildə Azərbaycana 1 804 754 nəfər turist səfər edib. Bu turistlərin 61,6 faizi və ya 1 111 117 nəfəri kişi, 38,4 faizi və ya 693 637 nəfəri isə qadın olub.

2024-cü illə müqayisədə, 2025-ci ildə ölkəyə gələn kişi turistlərin sayı 0,3 faiz və ya 3 508 nəfər artıb. Qadın turistlərin sayı isə əksinə, 7,2 faiz və ya 53 867 nəfər azalıb.

2024-cü ildə ölkəyə gələn turistlərin 59,7 faizi və ya 1 107 609 nəfəri kişi, 40,3 faizi və ya 747 504 nəfəri qadın olub.

2023-cü ildə isə Azərbaycana 890 934 nəfər kişi və 511 666 nəfər qadın turist səfər edib. Bu göstəricilər 2022-ci illə müqayisədə müvafiq olaraq 16,3 faiz və 75,2 faiz artım nümayiş etdirib.

Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ildə ölkəyə turizm məqsədilə gələn şəxslərin xərcləri 3,26 milyard manat təşkil edib. 2024-cü illə müqayisədə turist sayının azalması fonunda bu göstərici 4,3 faiz və ya 0,14 milyard manat azalıb. Qeyd olunmalıdır ki, ən yüksək xərcləmə göstəricisi 2024-cü ilə təsadüf edir.

Ümumilikdə, son dörd il ərzində Azərbaycana səfər edən turistlərin xərclərinin həcmi 10,44 milyard manat olub.

Qeyd edildiyi kimi, 2025-ci ildə ölkəyə gələn turistlərin xərcləri 3,26 milyard manat təşkil edib. Xərclərin strukturunda ən yüksək pay nəqliyyat sahəsinə məxsusdur. Belə ki, ümumi xərclərin 45,9 faizi və ya 1,5 milyard manatı nəqliyyat, 19,9 faizi və ya 0,65 milyard manatı yerləşmə, 18,8 faizi və ya 0,61 milyard manatı qidalanma, 10,3 faizi və ya 0,34 milyard manatı malların və hədiyyələrin alınması ilə bağlı olub. Qalan 5,1 faiz və ya 0,17 milyard manat isə digər xərclərin payına düşür.

Rəsmi statistikaya əsasən, 2025-ci ildə turizm məqsədilə ölkəyə ən çox səfər edənlər Rusiya Federasiyasının vətəndaşları olub. Ümumi turist axınının 27,1 faizi və ya 489 147 nəfər Rusiyanın payına düşüb. Türkiyə 12 faiz və ya 217 472 nəfərlə ikinci, Hindistan isə 8,7 faiz və ya 156 816 nəfərlə üçüncü yerdə qərarlaşıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı (5,7 faiz), Qazaxıstan (4,7 faiz) və Pakistan (3,9 faiz) də ölkəyə ən çox turist göndərən dövlətlər sırasında yer alıb. Qalan 37,9 faiz və ya 684 481 nəfər isə digər müxtəlif ölkələrdən gələn turistlərin payına düşür.

Rəsmi məlumatlara əsasən, 2025-ci ildə ölkəyə gələn turistlərin ən böyük hissəsi 36–45 yaş aralığında olub. Bu yaş kateqoriyasında olanların sayı 470 524 nəfərlə ümumi turistlərin 26,1 faizini təşkil edib.

Yaş qrupları üzrə bölgüyə görə, yaşı17-dən çox olmayan turistlərin sayı 199 895 nəfər, 17–25 yaş aralığında olanlar 249 051 nəfər, 26–35 yaşlılar 331 068 nəfər, 46–55 yaş aralığında olanlar 341 775 nəfər, 56–65 yaşlılar isə 111 837 nəfər olub.

66 yaş və daha yuxarı yaş kateqoriyasına aid turistlərin sayı 100 604 nəfər təşkil edib.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?