Birləşmiş Ərəb Əmirlikləri Cənubi Qafqazda sülh quruculuğuna töhfə verir - TƏHLİL

Azərbaycanla getdikcə dərinləşən strateji tərəfdaşlıq fonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) regionda sülh prosesinin bərqərar olunmasına verdiyi dəstək daha aydın və sistemli xarakter alır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, bu ali mükafatın fevralın 4-də Əbu-Dabidə dövlətimizin başçısına təqdim olunması BƏƏ-nin Azərbaycanı regionda sabitliyin və konstruktiv dialoqun əsas təşəbbüskarlarından biri kimi gördüyünü nümayiş etdirir.
İstənilən regionda uzunmüddətli investisiyanın və iqtisadi mövcudluğun əsas şərti təhlükəsiz və proqnozlaşdırıla bilən siyasi mühit, sabitlikdir. Rəsmi Əbu-Dabinin Cənubi Qafqazda sülhə töhfələri də, ilk növbədə, praqmatik yanaşmadan qaynaqlanır. Bu ölkənin regionda sülhü təşviq etməsi ilə iqtisadi əməkdaşlığa can atması arasında birbaşa əlaqə mövcuddur. Dayanıqlı sabitlik olmadan enerji layihələrinin, nəqliyyat marşrutlarının və sənaye investisiyalarının davamlılığı mümkün deyil. Bu mənada, BƏƏ-nin sülh təşəbbüsləri sadəcə humanitar və ya diplomatik jest deyil, uzunmüddətli iqtisadi maraqların qorunmasına yönəlmiş rasional siyasətin tərkib hissəsidir. Azərbaycanla qurulan siyasi dialoq, liderlər səviyyəsində qarşılıqlı səfərlər və imzalanan sənədlər də bu xəttin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
BƏƏ Cənubi Qafqazda sülhün bərqərar olunmasını yalnız diplomatik təşəbbüs kimi deyil, eyni zamanda, iqtisadi və geosiyasi maraqlarının təminatı kimi qiymətləndirir. Hələ ötən ilin iyun ayında Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə təşkil edilmiş görüşü də məhz bu yanaşmanın təzahürü olmaqla, BƏƏ-nin fəal vasitəçi və dialoq platforması rolunu oynamaq istədiyini təsdiqləyib.
Azərbaycan və Ermənistan liderlərinə BƏƏ-də təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”, bununla əlaqədar fevralın 4-də təşkil edilən yüksək səviyyəli mərasim regionda dayanıqlı sülh və əməkdaşlıq istiqamətində atılan addımlara beynəlxalq diqqətin və dəstəyin gücləndirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi ölkəmizin multikultural dəyərlərə verdiyi önəmin və sülh təşəbbüslərində oynadığı rolun beynəlxalq səviyyədə tanındığını göstərir. Bu da təsadüfi deyil ki, regionda marağı olan bu və digər dövlətlərin liderlərinin tədbir çərçivəsində nümayiş etdirilən təbrik videomüraciətlərində Azərbaycan və Ermənistanın sülh və əməkdaşlıq istiqamətində qarşılıqlı addımları yüksək dəyərləndirilib, alqışlanıb. Bu kimi tədbirlər fonunda sülhün və əməkdaşlığın müasir dünya üçün nə qədər vacib olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində bununla bağlı deyib: “Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
BƏƏ də məhz Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə beynəlxalq dəstəyi təşviq edən ölkələr sırasında yer alır. Postmünaqişə dövründə Cənubi Qafqazın artan sərmayə potensialı BƏƏ-nin regiona marağının əsas motivlərindən biridir. Avropa ilə Asiya arasında körpü rolunu oynayan bu coğrafi məkan nəqliyyat, logistika və enerji dəhlizlərinin reallaşdırması baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycan isə bu transmilli layihələrin əsas lokomotivi olaraq regionun potensialının reallaşmasında, buraya müxtəlif ölkələrin cəlb olunmasında fəal rol oynayır. Siyasi sabitlik, beynəlxalq hüququ önə çəkən xarici siyasət və xarici tərəfdaşlar üçün etibarlı mühit ölkəmizin investisiya cəlbediciliyini daha da artırır. Bu reallıqlar Azərbaycanı zamanla BƏƏ üçün təkcə iqtisadi deyil, siyasi tərəfdaşa, müttəfiqə çevirir.
Energetika sahəsində əməkdaşlıq Azərbaycan-BƏƏ münasibətlərinin ən dinamik, strateji istiqamətlərindən biridir. Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrdə əməkdaşlıq, enerji infrastrukturuna yatırılan investisiyalar BƏƏ-nin qlobal enerji təhlükəsizliyində fəal rol oynamaq niyyəti ilə şərtlənir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində reallaşdırılan layihələr bu əməkdaşlığın yalnız bu günə deyil, gələcəyə hesablandığını göstərir. “Masdar” şirkəti ilə son illərdə həyata keçirilən layihələr ölkəmizin qlobal enerji keçidi prosesində mövqelərinin möhkəmlənməsini təmin edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fevralın 4-də Əbu-Dabidə BƏƏ-dən olan həmkarı Abdullah bin Zayed Al Nəhyanla görüşü də ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından diqqəti cəlb edir. Bu görüş zamanı siyasi, iqtisadi, ticarət, energetika və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri diqqət mərkəzində olub. Eyni zamanda, Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin fəaliyyəti, ötən il əldə olunmuş razılaşmaların icra vəziyyəti, bu il Bakıda keçiriləcək növbəti iclasa hazırlıq məsələləri müzakirə edilib.
Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfələr regionda sabitliyin möhkəmləndirilməsinə, təhlükəsiz investisiya mühitinin formalaşdırılmasına, iqtisadi potensialın reallaşdırılmasına yönəlib. Həyata keçirilən birgə layihələr göstərir ki, BƏƏ Cənubi Qafqazı perspektivli və etibarlı əməkdaşlıq məkanı kimi dəyərləndirir, davamlı sülhü isə bu inkişafın əsas şərti hesab edir.
MTM Analitik Qrupu