04 fevral

“Sülh qalxanı – 2026”: siyasi tərəfdaşlıqdan hərbi müttəfiqliyə doğru - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Əbu-Dabidə keçirilən “Sülh qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləməsi Bakı-Əbu-Dabi münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi və hərbi mesajdır. İki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçirilən bu təlim təkcə hərbi peşəkarlığın artırılması deyil, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının coğrafi və funksional miqyasının genişlənməsi baxımından diqqətəlayiq hadisədir.

“Sülh qalxanı – 2026” təlimi müasir dövrün asimmetrik və hibrid təhlükəsizlik risklərini əhatə edən çoxşaxəli ssenarilər üzərində qurulub. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində icra edilən əməliyyatlar çərçivəsində qanunsuz silahlı dəstələrin aşkarlanması və zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin neytrallaşdırılması və girovların azad edilməsi, yaralıların təxliyəsi, ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj cəhdlərinin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri icra edilib. Bu tapşırıqlar göstərir ki, təlimin əsas hədəfi klassik hərbi qarşıdurma deyil, daha çox terrorizm, dəniz təhlükəsizliyi, şəhər mühiti riskləri və fövqəladə hallara çevik reaksiya kimi aktual təhlükəsizlik problemləridir. Bu isə Azərbaycan və BƏƏ-nin regional və qlobal təhlükəsizlik arxitekturasına baxışlarının üst-üstə düşdüyünü təsdiqləyir.

Azərbaycan və BƏƏ arasında münasibətlər uzun illərdir ki, yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı hörmət və etimada əsaslanır. BƏƏ Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan da Yaxın Şərq və Körfəz regionunda BƏƏ-ni etibarlı tərəfdaş kimi görür. “Sülh Qalxanı – 2026” təlimi bu münasibətlərin artıq yalnız siyasi bəyanatlar və diplomatik platformalarla məhdudlaşmadığını, real hərbi əməkdaşlıq müstəvisinə keçdiyini nümayiş etdirir. Dövlət başçılarının təlimi şəxsən izləməsi isə bu əməkdaşlığın təsadüfi deyil, strateji səviyyədə qərarlaşdırıldığını açıq şəkildə ortaya qoyur.

Onu da qeyd edək ki, Azərbaycan-BƏƏ əlaqələri xüsusilə enerji, nəqliyyat, “yaşıl enerji”, logistika və investisiya sahələrində sürətlə inkişaf edir. BƏƏ şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr bu tərəfdaşlığın iqtisadi dərinliyini göstərir. Lakin qlobal təcrübə sübut edir ki, dayanıqlı iqtisadi əməkdaşlıq üçün etibarlı təhlükəsizlik mühiti vacib şərtdir. Bu baxımdan, birgə hərbi təlimlər iqtisadi əməkdaşlığın “təhlükəsizlik zəmanəti” funksiyasını daşıyır. Tərəflər açıq şəkildə nümayiş etdirirlər ki, regional sabitlik, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, dəniz yollarının qorunması onların ortaq maraqları sırasındadır.

“Sülh qalxanı – 2026” təlimi regiondan kənara çıxan siyasi siqnallar da verir. Azərbaycan Cənubi Qafqazda, BƏƏ isə Yaxın Şərqdə mühüm geosiyasi aktorlardır. Bu iki ölkənin hərbi əməkdaşlığı təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanaraq müxtəlif regionlar arasında strateji körpü yaradır. Eyni zamanda, təlim antiterror fəaliyyətlərinə fokuslanmaqla göstərir ki, Azərbaycan və BƏƏ heç bir ölkəyə qarşı yönəlmiş hərbi blok yaratmır, əksinə, beynəlxalq təhlükəsizliyə və dayanıqlı sülhə töhfə verməyi hədəfləyir. Bu mənada qeyd edə bilərik ki, “Sülh qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi Azərbaycan-BƏƏ münasibətlərinin inkişaf trayektoriyasında məntiqi və strateji addımdır. Siyasi və iqtisadi sahələrdə uğurla formalaşmış tərəfdaşlıq artıq hərbi müstəvidə də konkret məzmun qazanır. Bu əməkdaşlıq həm iki ölkənin silahlı qüvvələrinin peşə bacarıqlarının artırılmasına, həm də regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?