26 yanvar

Ekspert: "Sülh Şurasında türk faktoru güclənir" - AÇIQLAMA

“Dörd türk dövləti – Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın, eləcə də Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik Macarıstanın Sülh Şurasına daxil olması təsadüfi hadisə deyil və bu addım beynəlxalq münasibətlər sistemində baş verən struktur dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilməlidir”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Toğrul İsmayıl deyib.

O bildirib ki, bəzi dairələr Sülh Şurasını ABŞ prezidenti Donald Trampın şəxsi təşəbbüsü və ya təsiri ilə əlaqələndirsə də, məsələyə daha geniş və praqmatik çərçivədə yanaşmaq lazımdır.

Onun sözlərinə görə, hazırda ABŞ və bu ölkənin prezidenti qlobal proseslərdə mühüm rol oynayan əsas güc mərkəzlərindən biri olaraq qalır:

“Bu baxımdan türk dövlətlərinin Sülh Şurasında iştirakı Türk dünyasının beynəlxalq mövqelərinin güclənməsinin göstəricisi kimi dəyərləndirilməlidir. Lakin bu proses romantik və ya ideoloji yanaşma ilə deyil, sırf praqmatik maraqlar əsasında formalaşır”.

Professor vurğulayıb ki, türk dövlətləri bu gün Vaşinqtonla birbaşa qarşıdurma vəziyyətində deyillər və heç biri antagonistik blokların tərkib hissəsi hesab olunmur:

“Əksinə, bu ölkələr tranzit imkanları, enerji resursları və demoqrafik potensial baxımından əhəmiyyətli mövqeyə malikdirlər və eyni zamanda müxtəlif güc mərkəzləri ilə paralel dialoq aparmaq imkanına sahibdirlər. Bu isə mövcud geosiyasi şəraitdə onlar üçün zəruri manevr imkanları yaradır”.

O, Türkiyəni buna nümunə göstərərək xatırladıb ki, NATO-ya üzvü olan Ankara eyni zamanda Avropa İttifaqı və Rusiya ilə münasibətlərini qoruyur, Ukrayna ilə isə normal əlaqələr saxlayır. ABŞ ilə münasibətlərdə isə Türkiyə bir sıra məsələlərdə açıq şəkildə öz milli maraqlarından çıxış edir.

Ekspertin fikrincə, ABŞ prezidenti Donald Tramp Sülh Şurasını məhz fəaliyyət qabiliyyəti və müstəqil qərarvermə potensialı olan dövlətlər üçün bir platforma kimi nəzərdə tutub:

“Bu kontekstdə müxtəlif idarəetmə modellərinə, maraqlara və coğrafi xüsusiyyətlərə malik türk dövlətlərinin həmin Şurada təmsil olunması xüsusi əhəmiyyət daşıyır. Bütün türk dövlətlərini birləşdirən əsas ortaq cəhət sabitliyə, proqnozlaşdırıla bilənliyə və manevr azadlığına maraq göstərmələridir. Heç bir türk dövləti nə Rusiya, nə İran, nə də Çinlə bağlı başqasının müharibəsinin ön cəbhəsinə çevrilmək niyyətində deyil”.

T. İsmayıl hesab edir ki, türk dövlətlərinin Sülh Şurasında iştirakı formal şəkildə koordinasiya olunmasa belə, faktiki olaraq uzlaşdırılmış mövqe təsiri bağışlayır:

“Bu ölkələr Şurada ilk növbədə nəqliyyat və logistika məsələlərini gündəmə gətirə bilərlər. Bu sahədə Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələrinin maraqları demək olar ki, tam üst-üstə düşür və bu gündəm münaqişə yönümlü geosiyasətə alternativ kimi təqdim oluna bilər. Enerji təhlükəsizliyi və enerji keçidi də əsas istiqamətlərdən biridir. Azərbaycan və Qazaxıstan enerji təchizatçısı kimi çıxış etdiyi halda, Türkiyə və Özbəkistan sürətlə böyüyən bazarlara malikdir. Bu isə vahid enerji ekosisteminin formalaşmasına və türk dövlətlərinin qlobal miqyasda, xüsusilə ABŞ üçün görünən oyunçulara çevrilməsinə şərait yaradır”.

Professor vurğulayıb ki, Sülh Şurasında iştirakla bağlı mühüm istiqamətlərdən biri blok məntiqinə əsaslanmayan regional təhlükəsizlik modelidir:

“Türk dövlətləri təhlükəsizlik məsələlərinə hərbi ittifaqlar və xarici bazalar üzərindən deyil, balans, dialoq və böhranların qarşısının alınması prizmasından yanaşırlar. Bu yanaşma NATO-dan fərqlənməyə çalışan Sülh Şurası üçün də cəlbedici model hesab oluna bilər. Digər vacib amillərdən biri isə suverenlik və daxili işlərə qarışmama prinsipidir ki, bu məsələ paradoksal səslənsə də, məhz türk dövlətləri bu gün islahat və inkişaf ideyalarını açıq və inandırıcı şəkildə ifadə edə biləcək mövqedədirlər”.

O qeyd edib ki, söhbət Sülh Şurası daxilində ayrıca türk bloku yaratmaqdan getmir:

“Məsələ ondan ibarətdir ki, türk dövlətləri ilk dəfə olaraq periferik iştirakçı kimi deyil, kollektiv funksional əhəmiyyətə malik aktorlar qismində çıxış edirlər. Türk dövlətlərinin Sülh Şurasında iştirakı nə Trampa sədaqət jesti, nə də ideoloji seçimdir. Bu, faydalılığın səs-küydən üstün tutulduğu yeni beynəlxalq arxitekturaya yönəlmiş rasional sərmayədir. Əgər bu ölkələr deklarativ deyil, koordinasiyalı şəkildə fəaliyyət göstərə bilsələr, Türk dünyasının qlobal siyasətin obyektindən onun formalaşdırıcı subyektlərindən birinə çevrildiyini görmək mümkün olacaq”.

Rasim Babayev

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?