Azərbaycan və Türkiyə faktoru: Ermənistanın iqtisadi xilas şansı - ŞƏRH

2025-ci ilin əsas iqtisadi nəticələrindən biri Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin kəskin şəkildə azalması oldu. Bu proses ilk baxışdan iqtisadi geriləmə kimi təqdim edilsə də, əslində söhbət iqtisadiyyatın çökməsindən deyil, illərdir süni şəkildə şişirdilmiş göstəricilərin öz təbii, orqanik səviyyəsinə qayıtmasından gedir. Son illərdə qeydə alınan ikirəqəmli artım Ermənistan iqtisadiyyatında struktur islahatların nəticəsi deyildi. Bu artım daha çox geosiyasi böhran fonunda ölkənin müvəqqəti reeksport mərkəzinə çevrilməsi ilə bağlı idi və davamlı xarakter daşımırdı.
Ermənistan faktiki olaraq Rusiya ilə Qərb arasında formalaşmış sanksiya boşluğundan istifadə edərək qısa müddətli gəlir əldə etmişdi. Lakin bu model iqtisadi dayanıqlıq yaratmırdı, çünki real istehsal, sənaye və ixrac potensialı formalaşmamışdı. Xarici təzyiqlər artdıqca, xüsusilə Avropa İttifaqı və ABŞ-nin sanksiya uyğunluğu ilə bağlı tələbləri sərtləşdikcə, bu reeksport funksiyası da sıradan çıxdı. Nəticədə ticarət dövriyyəsi 12,4 milyard dollardan 6 milyard dollara düşdü, Rusiyadan idxal isə 58 faiz azaldı. Bu rəqəmlər Ermənistanın son illər iqtisadi “uğur hekayəsi”nin nə qədər kövrək olduğunu açıq şəkildə göstərir.
Hazırkı vəziyyətdə Ermənistan hakimiyyəti iqtisadi məntiqdən daha çox siyasi demonstrasiyalara üstünlük verir. İrəvan yeni geosiyasi mərkəzlərə loyal olduğunu göstərmək naminə öz iqtisadi maraqlarını qurban verməyə hazırdır. Halbuki məhz son illərin iqtisadi artımı mövcud siyasi sistemin nisbi legitimliyini qoruyurdu. İqtisadiyyat böyüdükcə sosial narazılıqlar arxa plana keçirdi, cəmiyyətə “sabitlik” görüntüsü təqdim olunurdu. İndi isə Moskva ilə məsafənin artması fonunda iqtisadi artım yerini durğunluğa, daha sonra isə tənəzzülə verə bilər ki, bu da qaçılmaz olaraq daxili siyasi gərginliyi artıracaq.
Bu kontekstdə ABŞ-nin ATƏT-də keçmiş səfiri Den Bayerin mövqeyi olduqca simvolikdir. Onun Ermənistanın “asılılıqdan qurtulmaq üçün bir neçə soyuq qışa hazır olmalı olduğu” barədə fikri Qərbin praqmatik, lakin məsuliyyəti Ermənistan cəmiyyətinin üzərinə atan yanaşmasını açıq şəkildə əks etdirir. Bu “soyuq qışlar”ın real mənası enerji, logistika və ərzaq xərclərinin artması, sosial rifahın aşağı düşməsi və iqtisadi yükün sadə vətəndaşların üzərinə düşməsidir. Qərb siyasi tövsiyələr verir, lakin iqtisadi itkilərin kompensasiyası ilə bağlı real mexanizm təqdim etmir.
Məhz bu nöqtədə Ermənistan üçün alternativ və daha rasional çıxış yolu aydın görünür. Bu yol region daxilində normal münasibətlərin qurulmasından, ilk növbədə Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasından keçir. Ermənistanın illərdir davam etdirdiyi blokada siyasəti ölkəni nə iqtisadi, nə də siyasi baxımdan gücləndirib. Əksinə, regiondakı əsas kommunikasiya xətlərindən kənarda qalmaq Ermənistanı bahalı logistika marşrutlarına, enerji asılılığına və iqtisadi təcridə məhkum edib.
Kommunikasiyaların açılması və regional əməkdaşlıq Ermənistan üçün real iqtisadi dividendlər vəd edir. Azərbaycan və Türkiyə bazarlarına çıxış, tranzit ölkəyə çevrilmə imkanı, daha ucuz enerji və yanacaq mənbələri Ermənistan iqtisadiyyatını ciddi şəkildə rahatlaşdıra bilər. Bu baxımdan son dövrlərdə Azərbaycanın Ermənistana artıq ikinci dəfə benzin satması diqqətçəkən faktdır. Bu tədarüklər Ermənistan üçün daha ucuz başa gəlir və ölkənin yanacaq xərclərini azaltmağa imkan yaradır. Bu, siyasi qarşıdurmadan kənar, sırf iqtisadi məntiqə əsaslanan əməkdaşlığın Ermənistan üçün nə qədər faydalı ola biləcəyini göstərən konkret nümunədir.
Əgər Ermənistan regionun real iqtisadi xəritəsini düzgün oxuya bilsə, anlayar ki, uzunmüddətli inkişaf nə uzaq geosiyasi mərkəzlərin vədləri, nə də riskli siyasi manevrlər üzərində qurula bilər. Dayanıqlı inkişaf yalnız regional inteqrasiya, açıq kommunikasiyalar və qonşularla qarşılıqlı faydalı əməkdaşlıq əsasında mümkündür. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün siyasi güzəşt deyil, iqtisadi zərurətdir.
Nəticə etibarilə, Rusiya ilə ticarət dövriyyəsinin azalması Ermənistan üçün xəbərdarlıq siqnalıdır. Bu siqnal göstərir ki, süni iqtisadi modellər gec-tez dağılır. Ermənistanın real çıxış yolu regionda sülhə, əməkdaşlığa və açıq kommunikasiyalara əsaslanan yeni iqtisadi strategiya qurmaqdan keçir. Bu yol isə istər-istəməz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını tələb edir.
Hikmət Həsənov