07 yanvar

Türk Dövlətləri Təşkilatında hərbi əməkdaşlıq niyə zərurətə çevrilib? - TƏHLİL

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi və birgə hərbi təlimlərin keçirilməsi müasir beynəlxalq təhlükəsizlik mühitində artıq strateji əhəmiyyət kəsb edir. Çünki qlobal miqyasda geosiyasi rəqabətin artması, regional münaqişələrin çoxalması, terrorizm, separatizm, kibertəhlükələr və müxtəlif təhdidlərin genişlənməsi türk dövlətlərinin təhlükəsizlik sahəsində daha sıx koordinasiyaya ehtiyacını artırır. Məhz bu kontekstdə Azərbaycan hərbi istiqamət üzrə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərin daha sıx inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edir və konkret təkliflər irəli sürür.

Xatırlatmaq lazımdır ki, ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammitində çıxışı zamanı Prezident İlham Əliyev bu istiqamətdə konkret təkliflər səsləndirib:
“Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir... Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Qəbələ Sammitindən sonra keçən qısa müddət ərzində dünyada baş verən bir sıra hadisələr Azərbaycan liderinin bu məsələdə nə dərəcədə haqlı olduğunu bir daha sübut etdi. Mövcud dünya nizamının xaotik xarakter aldığı bir vaxtda Türk Dövlətləri Təşkilatının hərbi sahədə də sıx əməkdaşlığına ciddi ehtiyac yaranıb. Bu, həm də zamanın tələbidir. Nəzərə alınmalıdır ki, türk dövlətləri Avrasiyanın və dolayısı ilə dünyanın geosiyasi və geoiqtisadi səhnəsində mərkəzi mövqedə dayanırlar. Bu amilin özü türk dövlətlərinin daha güclü və koordinasiyalı mövqedə çıxış etməsini zərurətə çevirir.

Qeyd olunanlar kontekstində Azərbaycanın hərbi əməkdaşlıq və birgə təlimlərlə bağlı təklifi aktuallığını qoruyur. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mövzuya yenidən toxunaraq bildirib ki, beynəlxalq hüququn hazırkı böhran şəraitində güclü mövqedə dayanmaq olduqca vacibdir:
“Bugünkü dünyada beynəlxalq hüquq deyilən anlayış faktiki olaraq işləmir. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, hər kəs əmin olmalıdır ki, haqq yolundadır. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməli, başqa ölkələrin ərazi bütövlüyünə göz dikməməlidir... Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında, o cümlədən hərbi müttəfiqlik və qarşılıqlı hərbi yardım çərçivəsində əməkdaşlıq edirik. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Mən bununla hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozur, lakin bu, tamamilə əsassızdır. Biz energetika, nəqliyyat, ticarət, investisiya və bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Bu gün bütün ölkələr üçün təhlükəsizlik bir nömrəli məsələdir. Ona görə də təklifim qüvvədədir”.

Birmənalı həqiqətdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq yalnız müdafiə xarakterli mexanizm deyil, eyni zamanda türk dünyasının siyasi birliyini və strateji dayanıqlığını gücləndirən mühüm alətdir. Avropa ilə Asiyanı birləşdirən geniş və strateji coğrafiyada yerləşən türk dövlətləri müxtəlif təhlükəsizlik çağırışları ilə üz-üzədirlər. Bu təhdidlər ayrı-ayrılıqda deyil, regional və transsərhəd xarakter daşıdığı üçün onlara qarşı effektiv mübarizə yalnız əlaqələndirilmiş birgə fəaliyyət yolu ilə mümkündür.

Birgə hərbi təlimlərin keçirilməsi üzv dövlətlərin silahlı qüvvələri arasında qarşılıqlı etimadı artırmaqla yanaşı, koordinasiya və əməliyyat uyğunluğunun formalaşmasına da şərait yaradır. Vahid taktiki yanaşmaların tətbiqi, komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məhz bu cür təlimlər vasitəsilə mümkündür. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq həm də qabaqlayıcı təhlükəsizlik mexanizmi rolunu oynaya bilər. Birgə hərbi fəaliyyət potensial xarici təhdidlərə qarşı çəkindirici faktor formalaşdırır və regionda sabitliyi pozmağa çalışan qüvvələrə açıq mesaj verir.

Hərbi əməkdaşlığın mühüm istiqamətlərindən biri də müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsidir. Birgə istehsal, texnologiya mübadiləsi və təcrübə paylaşımı türk dövlətlərinin hərbi-texniki potensialını artırar, xarici asılılığı azaldar. Bu sahədə Türkiyənin əldə etdiyi təcrübə və Azərbaycanın müasir hərbi texnologiyalara inteqrasiya imkanları digər üzv ölkələr üçün mühüm nümunə və stimul rolunu oynayır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq təkcə hərbi deyil, eyni zamanda iqtisadi və elmi-texniki inkişafı da təşviq edir.

Hərbi əməkdaşlığın inkişafı humanitar və fövqəladə hallar zamanı da mühüm əhəmiyyət daşıyır. Təbii fəlakətlər, texnogen qəzalar və humanitar böhranlar zamanı birgə hərbi resursların səfərbər edilməsi və operativ yardım mexanizmlərinin işlək olması region ölkələrinin təhlükəsizlik və humanitar dayanıqlığını artırır. Ən əsası isə birgə hərbi əməkdaşlıq regional sabitliyin qorunmasına, kollektiv təhlükəsizliyin təmin olunmasına, türk dünyasının siyasi birliyinin möhkəmləndirilməsinə və qlobal miqyasda təsir gücünün artmasına xidmət edir.

Bu mənada müasir çağırışlar fonunda Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi inteqrasiyanın mərhələli və sistemli şəkildə dərinləşdirilməsi üzv ölkələr üçün ciddi üstünlüklər vəd edir. Azərbaycan isə bu prosesin ləngimədən həyata keçirilməsini təklif edir. Çünki hərbi istiqamət üzrə əməkdaşlığın inkişafı türk dünyasının beynəlxalq miqyasda siyasi və iqtisadi güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?