Dünən

Azərbaycan arxayınlaşmır: Qələbədən sonra ordu niyə yenidən qurulur? - TƏHLİL

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ordu quruculuğu və silahlı qüvvələrlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın hərbi-siyasi doktrinasının mahiyyətini və postmüharibə dövründə dövlətin orduya yanaşma fəlsəfəsini aydın şəkildə ifadə edir. Prezidentin “qazandığımız uğurlardan arxayınlaşmamışıq” vurğusu İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan üçün son nöqtə deyil, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildiyini göstərir.

Dövlət başçısının çıxışında əsas mesaj ondan ibarətdir ki, müharibədə qalib gəlmək qədər, bu qələbədən düzgün nəticə çıxarmaq və gələcək çağırışlara hazır olmaq da həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsini yalnız hərbi qələbə kimi deyil, eyni zamanda ordu quruculuğu və idarəetmə sahəsində ciddi təcrübə məktəbi kimi təqdim edir. Bu müharibə Azərbaycanın güclü tərəflərini üzə çıxarmaqla yanaşı, təkmilləşdirilməli sahələri də aydın şəkildə ortaya qoydu. Məhz bu yanaşma dövlətin müdafiə siyasətində rasional və sistemli düşüncənin üstünlük təşkil etdiyini göstərir.

Azərbaycanda ordu quruculuğuna verilən önəm uzun illərdir dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezidentin qeyd etdiyi “bu beş il ərzində” ifadəsi postmüharibə dövründə də ordunun diqqətdən kənarda qalmadığını, əksinə, modernləşmə və institusional inkişaf prosesinin daha da intensivləşdirildiyini göstərir. Müharibədən sonra ordu quruculuğunun davam etdirilməsi Azərbaycanın təhlükəsizlik strategiyasının preventiv xarakter daşıdığını təsdiqləyir. Bu strategiya yalnız mövcud təhlükələrə cavab vermək deyil, eyni zamanda potensial riskləri öncədən neytrallaşdırmaq məqsədi güdür.

Prezident İlham Əliyevin çıxışında idarəetmənin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Müasir müharibələr təkcə silah və texnika üstünlüyü ilə deyil, qərarvermə sürəti, koordinasiya, çevik idarəetmə və texnoloji inteqrasiya ilə qazanılır. Dövlət başçısının vurğuladığı kimi, hətta müzəffər müharibə belə, özlüyündə müəyyən boşluqları və zəif nöqtələri üzə çıxarır. Bu zəifliklərin etiraf edilməsi və aradan qaldırılması isə güclü siyasi iradə və strateji baxış tələb edir. Azərbaycanın bu mərhələdə seçdiyi yol məhz peşəkar, öyrənən və davamlı inkişaf edən ordu modelidir.

Bu yanaşma eyni zamanda regional və qlobal təhlükəsizlik reallıqları ilə də sıx bağlıdır. Cənubi Qafqaz mürəkkəb geosiyasi mühitə malikdir və burada güc balansı daim dəyişir. Belə bir şəraitdə arxayınlıq milli təhlükəsizlik üçün ciddi risk yarada bilər. Prezidentin çıxışı bu baxımdan həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: Azərbaycan sülh tərəfdarıdır, lakin öz təhlükəsizliyini təmin etmək üçün hər zaman güclü orduya sahib olacaq.

Prezident İlham Əliyevin bu mövqeyi ordu–xalq–dövlət birliyinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Ordu quruculuğuna göstərilən davamlı diqqət cəmiyyətə aydın mesaj verir ki, dövlət müdafiə məsələlərini yalnız müharibə dövründə deyil, daim prioritet hesab edir. Bu isə həm orduda xidmət edən şəxslərin peşəkarlığının artırılmasına, həm də cəmiyyətin təhlükəsizlik məsələlərinə daha məsuliyyətli yanaşmasına şərait yaradır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanda ordu quruculuğunun qələbə sonrası arxayınlıq üzərində deyil, dərin təhlil, düzgün nəticə çıxarma və davamlı inkişaf prinsipləri əsasında formalaşdığını göstərir. Dövlətin müdafiə siyasəti bir dəfə qazanılmış uğurla kifayətlənmir, əksinə, bu uğuru daha güclü, daha çevik və daha müasir ordu modelinə çevirməyi hədəfləyir. Bu yanaşma Azərbaycanın milli təhlükəsizliyinin uzunmüddətli təminatı və regionda sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Hikmət Həsənov 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?