Bakı Qəzzaya emosiyalarla yox, sənədlərlə baxır - TƏHLİL

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzza ilə bağlı səsləndirdiyi fikirlər, əslində, təkcə bir regional münaqişəyə münasibət deyil, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində öz yerini necə gördüyünün açıq ifadəsidir. Bu bəyanat, həm də müxtəlif mərkəzlərdən Bakıya yönələn manipulyasiya cəhdlərinə qarşı siyasi mövqenin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycana müxtəlif platformalar üzərindən Qəzza ilə bağlı müraciətlər daxil olub. Lakin rəsmi Bakı üçün istənilən beynəlxalq missiyada iştirak məsələsi emosional yox, hüquqi və institusional əsaslarla qiymətləndirilir. Burada əsas sual mandatın mahiyyəti, əməliyyatların xarakteri və iştirakçı ölkələrin real məsuliyyətidir. Dövlət başçısı “peacekeeping” və “peace enforcement” anlayışları arasındakı fərqi xüsusi vurğulayaraq, Azərbaycanın heç vaxt məcburedici hərbi əməliyyatlarda iştirak etməyi nəzərdə tutmadığını açıq şəkildə bəyan edir. Bu, Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında məsuliyyətli, riskləri ölçən və öz resurslarını qoruyan dövlət kimi mövqeyini nümayiş etdirir.
Azərbaycanın Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda iştirakı təsadüfi olmayıb. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan bu missiyalarda döyüş əməliyyatlarında deyil, strateji obyektlərin qorunmasında iştirak edib. Nəticədə ölkəmiz heç bir itki verməyib. Bu fakt Bakının hərbi-siyasi qərarlarında insan həyatını ali dəyər kimi qəbul etdiyini bir daha təsdiqləyir. Bu baxımdan Əfqanıstan təcrübəsi xüsusilə önəmlidir. Onilliklərlə davam edən beynəlxalq hərbi iştirakın nə ilə nəticələndiyi bu gün artıq hər kəsə bəllidir. Azərbaycan bu prosesdə nə macərapərəstlik edib, nə də böyük güclərin planlarında alətə çevrilib. Bu yanaşma indi Qəzza məsələsinə də tətbiq edilir.
Prezident İlham Əliyevin bəyanatında ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın öz travmatik tarixi təcrübəsinə istinad etməsidir. Birinci Qarabağ müharibəsində on minlərlə insanın həlak olması, yüz minlərlə insanın didərgin düşməsi və beynəlxalq ictimaiyyətin faktiki laqeydliyi Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında dərin iz buraxıb. Dövlət başçısının “bizim başımız bəlada olanda bizi müdafiə edən olmadı” fikri təkcə emosional deyil, həm də siyasi reallığın təsviridir. Bu kontekstdə Azərbaycan başqa xalqların dərdinə laqeyd qalmasa da, öz vətəndaşlarının həyatını kiminsə geosiyasi oyunlarına qurban vermək niyyətində deyil.
Azərbaycanın Fələstin məsələsində mövqeyi ardıcıl və prinsipialdır. Bakı həm BMT, həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstin dövlətinin yaradılmasını daim dəstəkləyib. Azərbaycanda Fələstin səfirliyinin fəaliyyəti və humanitar yardımlar bunun real göstəricisidir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, ərəb dünyasının problemlərini ərəb dövlətləri özləri həll etməlidir. Qeyri-ərəb müsəlman ölkələrinin “parovozun önündə qaçması” nə regional sabitliyə, nə də real nəticəyə gətirib çıxarır. Bu mövqe Azərbaycanın Yaxın Şərq siyasətində realizm və məsuliyyət balansını qoruduğunu göstərir.
ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın guya Qəzza missiyasına razılıq verdiyi barədə açıqlaması da rəsmi Bakının sərt reaksiyasına səbəb olub. Prezident İlham Əliyevin bunu açıq şəkildə “yalan bəyanat” adlandırması, Azərbaycanın suveren qərar hüququna hörmət tələb etdiyini göstərir. 20 sualdan ibarət rəsmi müraciətin Amerika tərəfinə təqdim edilməsi isə göstərir ki, Bakı emosional qarşıdurma yox, institusional aydınlıq və diplomatik məsuliyyət tələb edir. Bu məsələlərə cavab verilməyincə Azərbaycanın hər hansı missiyada iştirakı mümkün deyil. Buradan da görünür ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı bəyanatı Azərbaycanın xarici siyasətinin əsas konturlarını bir daha ortaya qoyur. Bu mövqe göstərir ki, Azərbaycan nə biganə müşahidəçidir, nə də avantürist iştirakçı. Bakı öz maraqlarını, tarixini və vətəndaşını qoruyan rasional dövlət kimi davranır. Mövcud qlobal qeyri-müəyyənlik fonunda bu yanaşma həm milli təhlükəsizlik, həm də beynəlxalq etibar baxımından ən sağlam seçimdir.
MTM Analitik Qrupu