Güclü ordu - Davamlı sülhün təminatı - TƏHLİL

Ötən il bir sıra istiqamətlərdə mühüm uğurlara imza atan, sülh gündəliyinin əhəmiyyətli dərəcədə irəliləməsinə nail olan rəsmi Bakı qarşıya qoyduğu hədəfləri reallaşdırmaq, regiondakı üstünlüyünü qoruyub saxlamaq üçün 2026-cı ildə müdafiə və təhlükəsizlik məsələlərini xüsusi diqqət mərkəzində saxlamaq niyyətindədir. Prezident İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ölkəmizin son illərdə əldə etdiyi tarixi zəfərlərin möhkəmləndirilməsi, milli maraqların təmini baxımından Ordu quruculuğuna xüsusi diqqətin vacibliyini bir daha önə çəkib.
Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpasından sonrakı mərhələdə də qətiyyən arxayınlaşmır, müdafiə və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını zəruri sayır: “Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib”.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı artıq yalnız müvafiq konvensiyalar və beynəlxalq təşkilatların qərarları ilə təmin edilmir. Qlobal miqyasda güc balansının dəyişməsi, regional münaqişələrin dərinləşməsi, böyük dövlətlər arasında açıq və gizli qarşıdurmalar beynəlxalq hüququ faktiki olaraq ikinci plana keçirib. Bu reallıqda Azərbaycan kimi müstəqil siyasət yürüdən, milli maraqlarını açıq şəkildə müdafiə edən dövlət üçün güclü ordu strateji zərurətə çevrilir.
Aparıcı dövlətlər dünyada mövcud müharibə və münaqişələrə məhz konyunktur maraqları çərçivəsindən yanaşır, hətta strateji tərəfdaşlarını “qurban verməkdən” belə çəkinmirlər. İqtisadi-siyasi maraqları gerçəkləşdirmək, təbii resurslar üzərində nəzarəti ələ keçirmək məqsədi güdən bu qərarlar bəzən bütöv bir xalqın mənafeyinin kənara qoyulmasına, dövlətlərin parçalanmasına gətirib çıxarır. İmperialist yanaşmadan əl çəkə bilməyən bəzi dövlətlərin hegemonluq iddialarını buxovlaya biləcək beynəlxalq hüquq normaları isə artıq təsir gücünü itirib.
Prezident İlham Əliyev beynəlxalq hüquq normalarının işləmədiyi, “Kim güclüdürsə, o da haqlıdır” prinsipinin hakim olduğu müasir dünyada iqtisadi, siyasi və hərbi baxımdan güclü olmağın vacibliyini dəfələrlə vurğulayıb. Beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişələrin həllində güc amilinin önə çıxması fonunda rəsmi Bakı ölkənin hərbi gücünün artırılmasını haqlı olaraq vacib sayır. Təsadüfi deyil ki, dövlət başçısının ötən il dekabrın 29-da təsdiq etdiyi 2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə xərclər üçün 8 milyard 714,8 milyon manat nəzərdə tutulub. Qeyd edilən xərclərin büdcədəki xüsusi çəkisi 21 faiz olmaqla, 2025-ci illə müqayisədə 318,5 milyon manat, yaxud 3,8 faiz çoxdur.
Bütün bunlar deməyə əsas verir ki, “Qarabağ münaqişəsi” mövzusunu birdəfəlik qapadan Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünü gücləndirməkdə davam edir. Danışıqların milli maraqlarımız çərçivəsində aparılması, revanşizm meyillərinin tam şəkildə aradan qaldırılması üçün hərbi təzyiq üsullarından istifadə aktuallığını itirmir.
Ordu quruculuğunun prioritet olması yalnız klassik təhlükəsizlik anlayışı ilə şərtlənmir. Güclü ordu həm də ölkəmizin qətiyyətli xarici siyasət yürütməsi, qlobal təhdidləri zərərsizləşdirməsi, müstəqillliyini və suverenliyini möhkəmləndirməsi üçün vacib təsir alətidir. Ölkənin müdafiə potensialının gücləndirilməsi, eyni zamanda, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsinə imkan yaradır. Başqa sözlə, 2026-cı ildə ordu quruculuğunun prioritet olması Azərbaycanın texnoloji inkişaf strategiyası ilə sıx şəkildə bağlıdır. Yerli hərbi sənaye kompleksinin genişləndirilməsi, müasir silah sistemlərinin istehsalı, rəqəmsal texnologiyaların, pilotsuz sistemlərin, süni intellekt elementlərinin hərbi idarəetməyə inteqrasiyası təkcə müdafiə qabiliyyətini deyil, ümumilikdə ölkənin elmi-texniki potensialını gücləndirir. Bu proses Azərbaycanın xarici asılılığını azaldır, milli təhlükəsizlik arxitekturasını daha dayanıqlı edir.
2026-cı il üçün ordu quruculuğunun prioritet elan edilməsi, ilk növbədə, postmüharibə dövrünün yeni təhlükəsizlik çağırışları ilə şərtlənir. Ermənistanla münasibətlərdə sülh gündəliyinin mövcudluğuna baxmayaraq, regionda revanşist meyillərin tam aradan qalxmadığı, xarici təsir mərkəzlərinin Cənubi Qafqazda gərginlik yaratmaq cəhdlərinin davam etdiyi aşkar görünür. Belə bir şəraitdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin qorunması və daha da gücləndirilməsi sülhün etibarlı təminatçısı kimi çıxış edir.
Nəhayət, ordu quruculuğunun prioritet olaraq qalması milli həmrəyliyin və dövlət-vətəndaş münasibətlərinin mühüm elementidir. Zəfərdən sonra formalaşan milli özünəinam, ordunun cəmiyyətdə qazandığı yüksək etimad 2026-cı ildə də qorunmalı və möhkəmləndirilməlidir. Azərbaycan güclü orduya arxalanaraq sülh istəyir və bu sülhü qorumağa qadir olduğunu sübut edir.
MTM Analitik Qrupu