05 yanvar

Monro doktrinası: müdafiə ideyası, yoxsa hegemonluq aləti? - TƏHLİL

Amerikanın Venesuelada həyata keçirdiyi xüsusi hərbi əməliyyat fonunda Monro doktrinasının yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Bu tezis təkcə tarixi bir doktrinaya istinad deyil, həm də Vaşinqtonun Qərb yarımkürəsinə baxışında baş verən strateji dönüşün ideoloji çərçivəsidir. Əslində, Amerika ictimai rəyinə təqdim olunan bu yanaşma ABŞ-nin Latın Amerikasını yenidən “təbii təsir dairəsi” kimi qəbul etdiyini açıq şəkildə nümayiş etdirir və artıq Monro doktrinası müdafiə ideyasından daha çox hegemonluq alətinə çevrilir.

1823-cü ildə prezident Ceyms Monro tərəfindən elan edilən doktrina ilkin mərhələdə Avropa imperiyalarının Amerika qitəsinə müdaxiləsinin qarşısını almağı hədəfləyirdi. “Amerika amerikalılar üçündür” prinsipi o dövrdə ABŞ-nin təhlükəsizliyini təmin edən müdafiə mexanizmi kimi təqdim olunurdu. Lakin zaman keçdikcə bu doktrina mahiyyətcə dəyişdi və ABŞ-nin Latın Amerikasında hərbi, siyasi və iqtisadi müdaxilələrini əsaslandıran ideoloji baza rolunu oynamağa başladı. XX əsrdə Kuba böhranından Nikaraqua və Çili hadisələrinə qədər bir çox proseslər məhz Monro doktrinasının geniş şərhi ilə izah olundu. Bu mənada Venesuela məsələsi doktrinanın yenilənmiş formada qayıdışıdır.

Venesuela uzun müddətdir ki, ABŞ üçün problemli ölkə sayılır. Bunun səbəbi təkcə Maduro hakimiyyətinin legitimliyi ilə bağlı mübahisələr deyil. Əsas məsələ Karakasın Rusiya, Çin və İran kimi ABŞ-yə rəqib güclərlə qurduğu sıx siyasi-iqtisadi əlaqələrdir. ABŞ-nin hegemoniyasındakı coğrafiyada bu güclərin möhkəmlənməsi Vaşinqton tərəfindən birbaşa təhlükə kimi qiymətləndirilir. Məhz bu nöqtədə Monro doktrinası yenidən aktuallıq kəsb edir. Amerika ictimai rəyinə ötürülən əsas mesaj bundan ibarətdir ki, Qərb yarımkürəsində ABŞ-dən başqa böyük güclərin hərbi və strateji mövcudluğu qəbuledilməzdir.

Vaşinqton Venesueladakı əməliyyatı birbaşa işğal və ya rejim dəyişikliyi kimi yox, “regional təhlükəsizliyin təmin edilməsi” kimi təqdim edir. Monro doktrinasına istinad bu baxımdan simvolikdir. ABŞ cəmiyyətinə verilən mesajda o da qeyd edilir ki, Amerika öz coğrafi təhlükəsizlik zonasını qoruyur, Rusiya və Çinin Latın Amerikasındakı təsiri ABŞ-nin milli təhlükəsizliyinə təhdiddir və Vaşinqton bu təhdidə passiv yanaşmayacaq. Beləliklə, doktrina ictimai şüurda ABŞ-nin aqressiv addımlarını legitimləşdirən tarixi arqumentə çevrilir.

Monro doktrinasının yenidən aktivləşdirilməsi Vaşinqton üçün bir neçə mühüm dividend vəd edir. Birincisi geosiyasi nəzarətin bərpasıdır ki, ABŞ Latın Amerikasında son illər zəifləyən təsirini yenidən gücləndirmək istəyir. Venesuela nümunəsi regiondakı digər ölkələrə də mesajdır, yəni ABŞ öz təsir dairəsindən imtina etməyib. İkincisi enerji və iqtisadi maraqların qorunmasına yönəlib ki, Venesuela dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir. Bu resursların ABŞ-yə rəqib dövlətlərin nəzarətinə keçməsi Vaşinqton üçün strateji məğlubiyyət olardı. Üçüncüsü daxili siyasi dividendlərdir. Belə ki, xarici düşmən obrazı və “güclü Amerika” ritorikası ABŞ daxilində siyasi konsolidasiyaya xidmət edir. Monro doktrinası bu baxımdan seçici üçün tanış və emosional yüklü simvoldur.

Lakin bu siyasətin ciddi riskləri də var. Latın Amerikası ölkələrinin əksəriyyəti bu yanaşmanı neokolonializm kimi qiymətləndirir. Beynəlxalq hüquq müstəvisində isə ABŞ-nin belə əməliyyatları suverenliyə müdaxilə kimi şərh olunur. Bundan əlavə, Rusiya və Çin kimi güclər Venesuela presedentini cavabsız qoymaya bilər. Bu kontekstdə qiymətləndirməli olsaq, qeyd edə bilərik ki, Venesuela fonunda Monro doktrinasının yenidən gündəmə gəlməsi ABŞ-nin Latın Amerikası siyasətində müdafiədən hücuma keçidini göstərir. Bu, tarixi bir doktrinanın nostaljik xatırlanması yox, müasir geosiyasi mübarizədə ideoloji silah kimi istifadəsidir. Vaşinqton bu yolla qısa müddətdə təsirini gücləndirəcək, amma uzunmüddətli perspektivdə bu yanaşma regionda ABŞ-yə qarşı etimadsızlığı dərinləşdirə və Qərb yarımkürəsini daha mürəkkəb, daha riskli geosiyasi məkan halına gətirə bilər.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?