Bu gün

Ankara–İrəvan xətti niyə Bakıdan keçir? - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 16-cı Səfirlər Konfransının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan və Ermənistan bu gün sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Onun sözlərinə görə, Ankara və Bakı Ermənistanla normallaşma prosesini sıx dialoq və koordinasiya şəraitində irəli aparır. Türkiyə lideri, həmçinin 2026-cı ilin əvvəlindən etibarən Türkiyənin “Cənubi Qafqazla bağlı müəyyən simvolik addımlar” ata biləcəyini qeyd edib.

Rəcəb Tayyib Ərdoğanın Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı səsləndirdiyi bu fikirlər təkcə ikitərəfli diplomatik xəttin deyil, eyni zamanda Türkiyənin Cənubi Qafqaz üzrə formalaşdırdığı ümumi strateji baxışın ifadəsidir. Bu baxışın mərkəzində isə açıq şəkildə Azərbaycan amili dayanır. Ərdoğan faktiki olaraq bəyan edir ki, Ankara ilə İrəvan arasında mümkün normallaşma prosesi Azərbaycanla paralel şəkildə və Bakının maraqları nəzərə alınmaqla həyata keçirilir. Bu yanaşma Türkiyənin son illərdə regionda formalaşdırdığı siyasətin əsas sütunlarından birinə çevrilib.

Ərdoğanın çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanmasına yaxın olmasıdır. Bu qiymətləndirmə Türkiyənin 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etdiyini və yaranmış status-kvonu əsas götürdüyünü göstərir. Ankara üçün Ermənistanla münasibətlərin normallaşması məqsəd deyil, vasitədir. Bu vasitə yalnız o halda aktuallaşa bilər ki, Azərbaycanla Ermənistan arasında əsas ziddiyyətlər aradan qalxsın və Bakının təhlükəsizlik maraqları təmin edilsin.

Bu mövqe Azərbaycanın maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Türkiyə açıq şəkildə bildirir ki, Ermənistanla atılacaq istənilən siyasi və ya diplomatik addım Bakının mövqeyi ilə uzlaşdırılacaq. Bu yanaşma Türkiyə–Azərbaycan münasibətlərinin taktiki deyil, strateji və uzunmüddətli xarakter daşıdığını bir daha təsdiqləyir. Eyni zamanda, bu, Ermənistan üçün də açıq mesajdır: Ankara ilə münasibətlərin normallaşması yalnız Bakı ilə real, hüquqi və dayanıqlı sülh əldə edildikdən sonra mümkün ola bilər.

Ərdoğanın 2026-cı ilin əvvəlindən etibarən “simvolik addımlar” barədə səsləndirdiyi fikirlər də diqqətəlayiqdir. Bu ifadə Türkiyənin Ermənistanla sərhədlərin açılması və ya tam diplomatik normallaşma kimi strateji qərarlara tələsmədiyini göstərir. Simvolik addımlar daha çox siyasi jestlər və ya texniki səviyyədə yumşalma tədbirləri kimi dəyərləndirilə bilər ki, bunlar da birbaşa Azərbaycan–Ermənistan sülh prosesinin gedişindən asılı olacaq. Bu isə Ankaranın regionda balansı pozmadan, mərhələli və ölçülüb-biçilmiş siyasət yürütməyə üstünlük verdiyini göstərir.

Azərbaycan üçün bu strategiyanın əsas üstünlüyü ondan ibarətdir ki, Türkiyə Ermənistanı sülh prosesində konstruktiv mövqe tutmağa sövq edən əlavə təsir rıçaqına çevrilir. Ermənistan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan regional kommunikasiyalara, iqtisadi imkanlara və Türkiyə ilə münasibətlərin açılmasına real çıxış əldə etmək mümkün olmayacaq. Bu amil Bakının diplomatik mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir.

Nəticə etibarilə, Ərdoğanın son açıqlamaları Türkiyənin Ermənistanla münasibətləri müstəqil xətt üzrə deyil, Azərbaycanla strateji koordinasiya çərçivəsində apardığını bir daha nümayiş etdirir. Bu yanaşma Cənubi Qafqazda davamlı sülhün əsas şərtinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması olduğunu qəbul edir və Türkiyə–Ermənistan dialoqunu məhz bu məqsədə xidmət edən ikinci mərhələ kimi təqdim edir. Beləliklə, Türkiyənin mövqeyi Azərbaycanın regional maraqlarına uyğun, real güc balansına əsaslanan və uzunmüddətli sabitliyi hədəfləyən siyasətin ifadəsi kimi qiymətləndirilə bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?