08 dekabr

Azərbaycan-Qırğızıstan münasibətləri: yüksələn əməkdaşlıq xətti və strateji tərəfdaşlıq - TƏHLİL

Azərbaycan müstəqillik əldə etdikdən sonra keçmiş ittifaq dövründə çoxşaxəli əlaqələrə malik olduğu Mərkəzi Asiya respublikaları ilə münasibətlərin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Xüsusilə yeni geosiyasi reallıqlar fonunda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq münasibətlərinin intensivləşməsi müşahidə olunur. Dünyada dəyişən güc balansı, yeni regional əməkdaşlıq formatlarının formalaşması və nəqliyyat-kommunikasiya xəritəsinin yenilənməsi bu əlaqələrin aktuallığını daha da artırır.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni şərait Mərkəzi Asiya ilə daha sıx inteqrasiyanı labüd edir. Şərqdən Qərbə, Cənubdan Şimala uzanan ticarət və tranzit axınlarının yenidən dəyərləndirildiyi bir dövrdə Azərbaycan tranzit imkanlarını gücləndirməklə yanaşı, regionlararası əməkdaşlığın yeni formatlarını dəstəkləyir. Rusiya–Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi şərtlər Orta Dəhlizin əhəmiyyətini misilsiz şəkildə artıraraq Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığına yeni təkan verib.

Bu kontekstdə Azərbaycanın Qırğız Respublikası ilə münasibətləri xüsusi vurğulanmalıdır. Dil və din yaxınlığı, tarixi əlaqələr, humanitar və iqtisadi bağlar müasir dövrdə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar yaradır. 16 may 2007-ci ildə Azərbaycanın Qırğızıstanda, 24 oktyabr 2014-cü ildə isə bu ölkənin Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafını daha da sürətləndirib.

Qırğız Respublikası Prezidenti Sadır Japarovun 2022-ci ilin aprelində Bakıya dövlət səfəri, aparılan müzakirələr və xüsusilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması münasibətlərin yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyevin həmin ilin oktyabrında Qırğızıstana dövlət səfəri isə ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və mövcud potensialdan səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət səfərlərinin statusu, imzalanan sənədlərin say və məzmunu iqtisadi-ticari, hərbi-texniki və mədəni əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verir.

Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə əsasən, tərəflər BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq edir və bir-birinin maraqlarını müdafiə edirlər. Qırğızıstanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun artırılmasına, eləcə də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakına verdiyi dəstək rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir. Bu, Qırğızıstanın Azərbaycanla əlaqələrə verdiyi dəyəri göstərməklə yanaşı, regionlararası siyasi, iqtisadi və logistika əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradır. Sözügedən platformalar vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya dərinləşir, qarşılıqlı ticarət artır, yükdaşıma marşrutları şaxələnir.

İkitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlardan biri Qırğızıstanın Azərbaycanda ticarət nümayəndəliyinin açılması və Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun yaradılmasıdır. Bu addımlar ticarət və biznes əlaqələrinin genişlənməsinə, qarşılıqlı sərmayə imkanlarının artmasına xidmət edir. Qırğızıstan investisiya mühitini təkmilləşdirir və digər ölkələrlə iqtisadi əməkdaşlığı aktivləşdirir. Rəsmi Bişkək Azərbaycanın iş adamlarını ölkənin sərmayə imkanları, azad iqtisadi zonalar və güzəştli vergi-gömrük rejimləri ilə tanış olmağa dəvət edir. İssık-Kul gölü sahilində azərbaycanlı investorlar tərəfindən müasir mehmanxana tikintisinə dair imzalanmış saziş də xüsusi qeyd olunmalıdır. Bu layihə turizm sektorunda qarşılıqlı maraqları artırır və özəl sektorlar arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Qarabağ və Şərqi Zəngəzurun bərpasında Qırğızıstanın nümayiş etdirdiyi həmrəylik ikitərəfli münasibətlərin ən parlaq nümunələrindəndir. Bu ölkənin dövlət büdcəsi hesabına Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin inşası və azad edilmiş ərazilərə 200-ə yaxın heyvan göndərilməsi qardaşlıq münasibətlərinin real təzahürüdür. Bu addımlar, ilk növbədə, Azərbaycanın haqq işinə və Qarabağda aparılan quruculuq-abadlıq işlərinə verilən dəstəyin bariz göstəricisidir.

Dekabrın 7-də Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev də bu faktları xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, Bakıda keçiriləcək Azərbaycan–Qırğızıstan Hökumətlərarası Komissiyasının iclası ikitərəfli gündəliyin genişliyini və sıx əməkdaşlığı nümayiş etdirir. Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun ilk layihələr üzrə maliyyələşdirməyə başlaması iqtisadi tərəfdaşlığın sistemli xarakter aldığını göstərir. Fondun kapitalının artırılması üçün Azərbaycanın əlavə vəsait ayırmağa hazır olması isə münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir.

Hazırkı mərhələdə qarşılıqlı etimad, siyasi iradə və birgə iqtisadi layihələr iki ölkənin strateji tərəfdaşlığını yeni səviyyəyə yüksəldir. Azərbaycan–Qırğızıstan münasibətləri təkcə iki dövlətin maraqları ilə məhdudlaşmır, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi və iqtisadi birliyin möhkəmlənməsinə xidmət edir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?