Bu gün

Mikro sahibkarlar üçün 100 faizlik vergi güzəşti

Mikro sahibkarlıq subyektlərinin fəaliyyətini genişləndirərək daha yüksək sahibkarlıq kateqoriyasına keçidini stimullaşdırmaq məqsədilə yeni vergi güzəştinin tətbiqi təklif olunur.

Təhlil.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, dövriyyə həcminin artması nəticəsində yuxarı sahibkarlıq kateqoriyasına keçən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həcmində güzəşt verilməsi nəzərdə tutulur.

Yeni mexanizmə əsasən, yaranan vergi güzəşti məbləği illər üzrə silinmə məhdudiyyəti olmadan, sahibkarın yuxarı kateqoriyada fəaliyyət göstərdiyi növbəti illərdə ümumi vergi öhdəliyindən çıxılacaq.

Dövlət Vergi Xidmətinin məlumatına görə, bu mexanizm sahibkarların daha yüksək kateqoriyaya keçidi zamanı yaranan əlavə fiskal yükü yumşaltmağa, likvidlik risklərini azaltmağa və investisiya imkanlarını genişləndirməyə xidmət edəcək. Eyni zamanda, sahibkarlığın mərhələli inkişafının dəstəklənməsi və kölgə iqtisadiyyatına meyillərin azaldılması hədəflənir.

Güzəşt mexanizminin tətbiqini izah edən nümunəyə əsasən, illik dövriyyəsi 200 min manat həddini keçdiyi üçün 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına daxil olan müəssisənin 2026-cı il üzrə ödədiyi 2 min manat mənfəət vergisi güzəşt kimi tanınacaq.

Belə ki, həmin müəssisənin 2027-ci il üzrə ümumi vergi öhdəliyi 1 500 manat təşkil edərsə, bu məbləğ əvvəlki ildən yaranmış güzəşt hesabına tam qarşılanacaq. Güzəştdən istifadə edildikdən sonra qalan 500 manat isə növbəti illərin vergi öhdəliyindən çıxılacaq.

Nəticədə, sahibkar 2027-ci il üzrə faktiki vergi ödəməyəcək və qalan güzəşt məbləğindən sonrakı illərdə də istifadə edə biləcək.