“Aİ Azərbaycanın milli təhlükəsizliyinin qorunmasına dəstək verməlidir” - AÇIQLAMA

“Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda yeni təhlükəsizlik yanaşmasına ehtiyac var”
Bu fikirləri təhlil.az saytına Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin Qara dəniz və Xəzəryanı regionların problemləri laboratoriyasının müdiri, siyasi ekspert Teodor Deçev açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisinə qarşı heç bir mənfi niyyəti yoxdur və Bakı uzun müddətdir ki, İrəvana humanitar və iqtisadi yardım göstərir:
“Azərbaycan bu gün Ermənistanın Qazaxıstan və Rusiyadan gələn taxılın daşınmasında mühüm rol oynayır. Bir il əvvəl Ermənistanda qaz böhranı yaşananda da Bakının yardımı oldu. Rusiya qışda qaz kəmərində təmirə başladığı dövrdə Azərbaycan Ermənistana tələb olunan həcmdə təbii qaz tədarük etdi”.
Onun sözlərinə görə, Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşması Bakının digər tərəfdaşlarla, xüsusilə Fransa ilə əlaqələrinə də müsbət təsir göstərir.
Ekspert həmçinin ABŞ Prezidenti Donald Trampın sülh prosesinə dəstəyini yüksək qiymətləndirib:
“Dünyanın ən güclü dövlətinin müəyyən siyasi prosesi dəstəkləməsi son dərəcə vacibdir. Bizim halda bu proses sülh müqaviləsinin imzalanması ilə tamamlanmalıdır. Cənub-Şərqi Avropa bu hadisəni böyük sevinc hissi ilə qarşılayacaq”.
O bildirib ki, regionun enerji təhlükəsizliyi birbaşa Cənubi Qafqazda sabitlikdən asılıdır:
“Məhz buna görə Bakı və İrəvan arasında sülhün imzalanmasını böyük gözlənti ilə izləyirik”.
Teodor Deçev Aİ–Azərbaycan əlaqələrində enerji faktorunun həlledici olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Avropa maliyyə institutlarının enerji layihələrinin maliyyələşdirilməsinə göstərdiyi müqavimət münasibətlərin inkişafına mane olur:
“Qaz və neft yalnız yanacaq deyil, həm də sənayenin əsas xammalıdır. Əgər Avropa reindustrializasiya etmək istəyirsə, xammal məsələsini nəzərdən qaçıra bilməz. Aİ Azərbaycan tərəfindən həyata keçirilən enerji və nəqliyyat infrastrukturu layihələrinin maliyyələşməsində iştirak etməlidir. Biz qaz tədarükünün həcmini iki dəfə artırmağı planlaşdırırıq. Eyni zamanda Qazaxıstan neftinin tranzitində Azərbaycanın rolu sürətlə yüksəlir”.
Ekspert söyləyib ki, Avropa İttifaqı yalnız iqtisadi tərəfdaş kimi yox, həm də Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsində strateji tərəfdaş kimi çıxış etməlidir:
“Bu gün Bakının rolu təkcə regional deyil, qlobal miqyasda tanınır. Avropa yalnız ticarət tərəfdaşı kimi deyil, həm də Azərbaycanın təhlükəsizliyi və müdafiəsinə dəstək verən tərəfdaş kimi çıxış etməlidir. Bu, təkcə silah və texnologiyalar deyil, həm də kəşfiyyat məlumatlarının paylaşılmasını nəzərdə tutur. Müasir müharibə çox mürəkkəbdir və koordinasiya tələb edir”.
Deçev əlavə edib ki, Avropanın enerji marşrutlarının böyük hissəsi Azərbaycanın üzərindən keçir və bu, Bakının strateji rolunu daha da artırır:
“Bu baxımdan Avropa yalnız “Slava Ukrayna” deməklə kifayətlənməməlidir. O, həm də “Azərbaycan Silahlı Qüvvələrinə şan olsun!” deməlidir. Aİ Azərbaycanın milli maraqlarının təmin edilməsinə dəstək göstərməlidir”.
Rasim Babayev