İctimai diplomatiya – sülh və etimad quruculuğuna mühüm töhfə - TƏHLİL

Son aylarda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinin genişlənməsi Cənubi Qafqazda uzunmüddətli sabitlik arxitekturasının formalaşması baxımından həlledici mərhələyə daxil olub. Son iki ildə münasibətlərin normallaşdırılması prosesi yalnız rəsmi danışıqlar masasında əldə olunan mühüm nəticələrlə məhdudlaşmır.
Sülh gündəliyi hazırda cəmiyyətlərarası təmaslar və vətəndaş cəmiyyəti institutları arasında dialoqun genişlənməsi tədbirləri ilə müşayiət olunur. Ermənistan hökumətinin Bakıda keçiriləcək növbəti “dəyirmi masa”nın müzakirəsində iştirak edəcək 5 nəfər erməni ekspertin xüsusi çarter reysi ilə səfərini maliyyələşdirmək qərarı prosesin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnaldır.
Erməni ekspertlərin Bakıya bu gün reallaşan səfəri rəsmi İrəvanın ictimai diplomatiyanı regionda sülhün əsas dayaqlarından biri kimi qəbul etməyə başladığını göstərir. İki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoqun və etimadın formalaşdırılmasına yönəlmiş təmasların artması sülh prosesinin təkcə diplomatik deyil, həm də sosial təməl üzərində qurulduğunu göstərir.
Son iki ildə formalaşan müsbət dinamika göstərir ki, tərəflər sadəcə rəsmi səviyyədə deyil, daha geniş çərçivədə – cəmiyyətlərin psixoloji hazırlığı, sosial barış mühitinin formalaşdırılması, humanitar əməkdaşlıq və regional inteqrasiyanın təmin edilməsi fonunda sülhə zəmin yaratmağa çalışırlar. Qarşılıqlı humanitar jestlər, əsir mübadiləsi, hava məkanlarının mülki aviasiya üçün açılması, COP29-un Bakıda keçirilməsinə verilən dəstək, Azərbaycanın quru ərazisini Ermənistana yükdaşımalar üçün açması, parlament nümayəndə heyətlərinin bu günlərdə ATƏT-in Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində ikitərəfli görüşü, nəhayət, vətəndaş cəmiyyəti təmsilçilərinin qarşıqlı səfərlərinin reallaşması bir-birini tamamlayan tədbirlərdir. Erməni və azərbaycanlı ekspertlərin iştirakı ilə Bakıda keçiriləcək “dəyirmi masa” sülh və etimad quruculuğu prosesində ictimai institutların rolunun gücləndirilməsi, səmərəli müzakirələrin aparılması baxımından son dərəcə faydalıdır.
Xatırlatmaq yerinə düşər ki, Vaşinqtonda 2025-ci il avqustun 8-də əldə olunan razılaşmalar bu prosesə etibarlı siyasi-hüquqi zəmin formalaşdırıb. ABŞ-nin vasitəçilik səylərinin səmərəli nəticələri tərəflər arasında siyasi və ictimai dialoq üçün geniş imkanlar açıb. Vaşinqton razılaşmaları sülh prosesi ilə paralel etimad quruculuğu prosesində cəmiyyətlərin fəal iştirakına, ictimai dialoqa təkan verib. Bu isə postmünaqişə dövründə dərinləşən psixoloji bariyerlərin aradan qaldırılmasını, zərərli stereotiplərin zəiflədilməsini, kin və nifrət hissinin barışıq və sülh ovqatı ilə əvəzlənməsini təmin edib.
İctimai diplomatiya iki ölkənin sülh niyyətlərinə dəstək olmaqla yanaşı, regiondakı geosiyasi reallığın Ermənistan cəmiyyəti tərəfindən qəbulunu şərtləndirir. Paralel olaraq hökumətlər səviyyəsində regional əməkdaşlıq formatlarının müzakirəsi, Zəngəzur Dəhlizinin (TRIPP) açılması istiqamətində atılan addımlar qarşılıqlı inamsızlığı aradan qaldırır, sülh prosesinin alternativsizliyi ilə bağlı ictimai düşüncəni möhkəmləndirir. Beləliklə, etimad tədbirləri təkcə ictimai, siyasi deyil, həm də iqtisadi əsaslar üzərində möhkəmlənir, bütün bunların sintezi isə dayanıqlı təhlükəsizlik mexanizmi rolunu oynayır.
Prosesin mühüm nəticələrindən biri də Ermənistanda daxili siyasi balansın dəyişməsidir. İrəvan-Bakı dialoqunun bütün səviyyələrdə fəallaşması, təmasların artması bu ölkənin daxilində uzun illərdir ki, ictimai düşüncəni zəhərləyən radikal-revanşist qüvvələrin sərsəm iddialarını alt-üst edir, mövqelərini zəiflədir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində dərin kök salan, reallıqdan tamamilə uzaq olan “revanşist” ab-hava tədricən praqmatik və rasional yanaşma ilə əvəzlənir. Real əməkdaşlıq nümunələri, iqtisadi və regional inteqrasiya perspektivləri, təhlükəsizlik risklərinin azalması “müharibə ritorikası”nın auditoriyasını daraldıb. Revanşist qüvvələrin anti-sülh tezisləri artıq Ermənistan cəmiyyətindəki həlledici çoxluq tərəfindən qəbul edilmir. Regionda yeni əməkdaşlıq perspektivlərinin formalaşması revanşist ideologiyanın əsaslandığı “təhlükə” arqumentini zəiflədir.
İctimai diplomatiyanın genişlənməsi həm də 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hökumətinin siyasi mövqelərini gücləndirir. Belə ki, Ermənistan hakimiyyətinin sülh istiqamətində atdığı addımlar indinin özündə belə müəyyən radikal müxalif qüvvələr tərəfindən süngü ilə qarşılanır. Lakin təmasların intensivləşməsi nəticəsində sülh gündəliyini dəstəkləyən sosial qrupların genişlənməsi radikal erməni müxalifətinin siyasi manevr imkanlarını azaldır. Azərbaycanla etimad tədbirlərinin real nəticələri fonunda N.Paşinyan hökuməti özünü daha praqmatik, təhlükəsizliyi iqtisadi inkişafla əlaqələndirən, ölkəni regionda təcriddən çıxarmağı hədəfləyən tərəf kimi təqdim etməyə nail olur.
Şübhəsiz, regionda sabitlik və sülh yalnız tərəflərdən birinin siyasi kursundan asılı olmamalıdır. Bu mənada, Ermənistan daxilində praqmatik qüvvələrin möhkəmlənməsi, Azərbaycanın təhlükəsizlik narahatlıqlarını anlayan, real əməkdaşlıq imkanlarını qiymətləndirən siyasi xəttin üstünlüyü uzunmüddətli sülhün real təminatlarından biridir.
Ölkəmiz üçün əsas məsələ Ermənistanın radikalizm dalğasından tamamilə uzaqlaşması, konstitusiyasında dəyişiklik etməsi, əməkdaşlıq istiqamətində real addımlar atmasıdır ki, hazırkı etimad tədbirləri bu prosesə təkan verir. Başqa sözlə, etimad quruculuğu tədbirləri yeni siyasi reallıqların qəbulunu təmin edən mexanizm funksiyasını daşıyır. Cəmiyyətlərarası dialoqun genişlənməsi, humanitar və texniki əməkdaşlıq, iqtisadi inteqrasiya perspektivləri və qarşılıqlı siyasi jestlər sülhə aparan yolu yaxınlaşdırır.
MTM Analitik Qrupu