Bu gün

Göyçə gölü niyə quruyur? Ermənistanın ekoloji siyasəti tənqid hədəfində - ŞƏRH

Ermənistan hökumətinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə ekoloji problemlər getdikcə dərinləşir. İrəvanda havanın çirkliliyi, sənaye müəssisələrinin, xüsusilə də ağır sənaye sektorunun tullantılarının təbiəti məhv etməsi, çaylarda və göllərdə su səviyyəsinin azalması hökumətin səmərəli və uzunmüddətli proqramlara malik olmadığını göstərir. Bu aqibətdən Göyçə gölü də yan keçməyib — mütəxəssislər artıq həyəcan təbili çalırlar. Son bir il ərzində gölün səviyyəsi 10 santimetr aşağı düşüb. Bu, əsas strateji su ehtiyatını tükədən sistemli böhranın yalnız görünən hissəsidir. “Arpa–Sevan tunelindən su axıdılması” ilə bağlı rəsmi məlumatların arxasında idarəetmədəki acizlik və ekoloji məsuliyyətsizlik gizlənir.

Hakimiyyətin reaksiyası isə dəyişmir: illərlə problemə göz yumulur, vəziyyət fəlakət həddinə çatanda isə parlament cəld toplanaraq 24 saat ərzində su ehtiyatının artırılması barədə qərar qəbul edir. 2019-cu ildə müəyyən edilən illik 170 milyon kubmetr limit çoxdan pozulub. 2023-cü ildə bu hədd 58 milyon kubmetr artırılıb, 2025-ci ildə isə “quraqlıq” bəhanəsi ilə daha təhlükəli səviyyə qanuniləşdirilib. Su Komitəsinin rəhbərinin işdən azad edilməsi problemi həll etmir — bu, sadəcə ictimai qəzəbi azaltmaq üçün nəzərdə tutulmuş “günah keçisi” addımıdır.

Eyni zamanda hökumət biomüxtəlifliyin qorunması və tullantı sularının təmizlənməsi üzrə yeni “fəaliyyət proqramları”nı pafosla təsdiqləyir. Lakin bu sənədlər artıq yanıb kül olmuş evin təxliyə planını xatırladır — yəni iş işdən keçəndən sonra atılan addımların faydası yoxdur.

Rəqəmlər acı reallığı əks etdirir: son 20 ildə Göyçə gölünün sahil xətti 15 faiz kiçilib, su isə pestisidlər və çirkab sular səbəbindən mütəmadi olaraq “çiçək açır”, zəhərli lil qatına çevrilir. Tarlaların suvarılması üçün suyun nizamsız istifadəsi vəziyyəti daha da pisləşdirir. Sevan gölünü qidalandıran çaylar quruyur, nəticədə hökumət daha çox suyu birbaşa göldən çəkməyə məcbur qalır. Bu isə ekoloji böhranı dərinləşdirir.

Son üç ildə balıq ehtiyatları, o cümlədən qiymətli alabalıq və ağbalıq növləri 15 faiz azalıb. Üstəlik, mediada yayılan məlumatlara görə, hökumət “turizm və balıqçılığın inkişafı” bəhanəsi ilə göl ətrafındakı sahilyanı əraziləri Amerika şirkətlərinə icarəyə verməyi müzakirə edir.

Nəticədə hökumət bataqlığa çevrilən və quruma təhlükəsi ilə üzləşən gölün problemlərini həll etmək əvəzinə, onu iqtisadi alver predmetinə çevirir. Bu, hakimiyyətin strateji düşünmə qabiliyyətinin olmadığını, uzunmüddətli planlaşdırma əvəzinə qısamüddətli taktiki gedişlərə üstünlük verdiyini göstərir. Ekspertlərin illərdir su istifadəsinin azaldılması barədə səsləndirdiyi xəbərdarlıqlara isə hələ də məhəl qoyulmur.

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?