Bu gün

Azərbaycan Qlobal Cənub bazarlarına çıxışda əsas tranzit mərkəzə çevrilir - TƏHLİL

Beynəlxalq iqtisadi münasibətlər sistemində son illərdə sürətli dəyişikliklər baş verir. Bu tendensiya xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda daha qabarıq şəkildə müşahidə olunur. Qərb ölkələri və təşkilatlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dünya ticarət marşrutlarının və logistik zəncirlərin yenidən formalaşmasına səbəb olub. Bu prosesin ən mühüm nəticələrindən biri Qlobal Cənub bazarlarına artan diqqətdir.

Yaranmış vəziyyət Azərbaycanın da bu istiqamətdə tranzit məkan kimi əhəmiyyətini artırır.

Qlobal Cənub bazarlarında – Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrində istehlak səviyyəsinin sürətlə yüksəlməsi nəqliyyat və logistika marşrutlarına tələbatı daha da artırır. Bu kontekstdə Şimal ilə Cənub, Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan həm Avropa, həm də Asiya bazarlarını birləşdirən mühüm nəqliyyat qovşağı kimi çıxış edir.

Məhz bu əlverişli coğrafi mövqeyinə görə Azərbaycan Qlobal Cənub bazarlarına ixrac marşrutlarında etibarlı tranzit mərkəzi hesab olunur. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəyə logistika sahəsində ciddi üstünlüklər qazandırır. Bu dəhlizlər vasitəsilə Avropa, Rusiya, Mərkəzi Asiya, İran, Hindistan və Körfəz ölkələri arasında yüklərin daşınması daha qısa müddətdə və az xərclə həyata keçirilir.

Mövcud şəraitdə Azərbaycanın yaratdığı bu imkanlardan istifadə etmək istəyənlərin sayının artması da təbiidir. Məsələn, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya, Azərbaycan və İran yeni Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin, o cümlədən onun Qərb marşrutunun formalaşdırılmasında maraqlıdır.

Onun sözlərinə görə, söhbət həm dəmir yolu, həm də avtomobil nəqliyyatından gedir:
“Bu layihə qlobal əhəmiyyət kəsb edir. Biz dəyişən dünyada yaşayırıq, iqtisadi mərkəz Qərbdən Şərqə və Cənuba doğru yer dəyişir. Buna görə də biz Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizini rusiyalı ixracatçılar üçün sürətlə inkişaf edən Qlobal Cənub bazarlarına çıxış imkanı kimi görürük. Eyni zamanda, bu ölkələrdən məhsul idxalında da maraqlıyıq. Azərbaycan və İran elə coğrafiyada yerləşirlər ki, bu, bizim üçün Asiya və Afrika ölkələrinə, Fars körfəzinə ən qısa yoldur. Biz faktiki olaraq bu dəhlizin tikintisi ilə məşğuluq”.

Overçuk oktyabrın 13-də Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiya nümayəndə heyətləri ilə keçirilən görüşdə geniş məlumat mübadiləsinin aparıldığını vurğulayıb:
“Biz İranla birlikdə Astara–Rəşt arasında 160 kilometr uzunluğunda dəmir yolu xəttinin tikintisi üzərində çalışırıq. Eyni zamanda bilirik ki, İranda bu marşrut boyu bəzi dar hissələr var və onlar da genişləndirilməlidir. Azərbaycan isə bu məqsədlə öz dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində ciddi səylər göstərir”.

Aydındır ki, Rusiyanın Avropa bazarlarına çıxış imkanlarının məhdudlaşması onun iqtisadi siyasətinin əsas istiqamətlərini dəyişib. Əvvəllər əsasən Qərbi Avropaya yönəlmiş ixrac indi daha çox Cənuba və Şərqə istiqamətlənib. Qlobal Cənub adlandırılan bu geniş coğrafiya həm enerji resurslarına, həm də sənaye mallarına böyük tələbatı ilə seçilir. Azərbaycanın coğrafi mövqeyi isə bu yeni iqtisadi vektorun həyata keçirilməsində mühüm tranzit körpü funksiyasını yerinə yetirməyə imkan verir.

Qlobal Cənubda iqtisadi fəallığın artması da diqqətəlayiqdir. Bu region ölkələri dünya əhalisinin təxminən 85 faizini təşkil edir. Əgər XX əsrdə dünya iqtisadi sisteminin mərkəzi Şimali Amerika və Qərbi Avropa idisə, XXI əsrdə iqtisadi güc balansı getdikcə Cənuba doğru sürüşür. Bu şəraitdə Şimal–Cənub dəhlizinin əhəmiyyəti daha da artır.

Bu dəhliz Azərbaycan logistika sisteminin əsas sütunlarından biridir. Rəşt–Astara dəmir yolunun tamamlanması ilə yüklərin Baltik dənizi limanlarından Fars körfəzinə daşınma müddəti 30 gündən 10 günə enəcək. Bu isə nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalması deməkdir. Azərbaycan bu marşrutda yalnız tranzit ölkə deyil, həm də regional logistik operator rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yeni dəmir yolu infrastrukturunun inşası bu sahədə sistemli yanaşmanın nəticəsidir.

Rusiyanın “news.ru” saytı yazır ki, Şimal–Cənub dəhlizinin inkişafı istiqamətində Azərbaycan digər dövlətlərdən daha səmərəli addımlar atır:
“Astara trans-sərhəd dəmir yolunun modernləşdirilməsi yaxın zamanda başa çatacaq. Azərbaycanda logistik hab yaradılır, 2027-ci ildə ölkənin dəmir yolları tamamilə modern vəziyyətə gətiriləcək”.

Qeyd olunur ki, 160 kilometrlik Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması İran və Rusiyanın dəmir yollarını Azərbaycan vasitəsilə birləşdirəcək ki, bu da Rusiyaya Körfəz ölkələrinə birbaşa çıxış imkanı yaradacaq.

“RusİranEkspo” şirkətinin direktoru Aleksandr Şarov bildirib ki, Rəşt–Astara dəmir yolunun tikintisi 2032-ci ilə qədər başa çatdırılacaq:
“Özəl mülkiyyətdə olan torpaq sahələrinin alınması və həmin ərazilərdə geoloji tədqiqat işlərinin aparılması vaxt aparacaq. Lakin həmin dövr ərzində Azərbaycan Şimal–Cənub dəhlizinin effektiv işləməsi üçün əlavə imkanlar yaratmağa davam edəcək”.

Bu mövzuda Prezident İlham Əliyev də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində ətraflı danışıb. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanla Azərbaycan arasında deyil, həm də Şərq–Qərb və Şimal–Cənub əlaqələrinin bir hissəsidir:
“Zəngəzur dəhlizi Şimal–Cənub marşrutuna əlavə dəstək olacaq. Əvvəlcədən planlaşdırılmış Şimal–Cənub dəhlizi Şimali Avropadan, Rusiyadan, Azərbaycandan və İrandan Fars körfəzinə qədər uzanır. Bu, tamamilə Azərbaycan ərazisindən keçən marşrutdur. Çatışmayan hissə İran ərazisindədir və təxminən 150 kilometrlik məsafəni əhatə edir. Onun tikintisi bir neçə il çəkə bilər. Lakin bu müddətdə əlaqə Zəngəzur vasitəsilə də təmin oluna bilər”.

Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə Rusiyadan Azərbaycana, ordan isə Naxçıvan və İran istiqamətində hərəkət mümkün olacaq. “Beləliklə, bütün region üçün hər kəsin udacağı vəziyyət yaranacaq və heç kim itirməyəcək”, – deyə dövlət başçısı vurğulayıb.

Bütün bunlar göstərir ki, Qlobal Cənub bazarlarının artan rolu fonunda Azərbaycanın logistik əhəmiyyəti daha da güclənəcək. Bu əhəmiyyət təkcə coğrafi mövqedən deyil, həm də məqsədyönlü infrastruktur siyasətindən, modern idarəetmə sistemindən və çoxvektorlu diplomatiyadan qaynaqlanır. Nəticədə Azərbaycan artıq yalnız tranzit ölkə deyil, həm də beynəlxalq ticarətin etibarlı mərkəzi kimi formalaşır.

MTM Analitik Qrupu 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?