Bu gün

Şərqi Araz Dəhlizi: region üçün strateji əhəmiyyətli tranzit qovşağı - TƏHLİL

Cənubi Qafqazda sülh və etimad quruculuğu istiqamətində atılan addımlar regionun nəqliyyat-tranzit əhəmiyyətini artırmaqla yanaşı, yeni layihələrin reallaşdırılması prosesini də sürətləndirib. Bu günlərdə Bakıda keçirilən Azərbaycan–İran–Rusiya üçtərəfli görüşü çərçivəsində aparılan müzakirələr zamanı ölkəmizin əsas hissəsinin İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya əlaqələrini təmin edəcək Şərqi Araz Dəhlizinin inşasının gələn il yekunlaşacağı bildirilib.

İran və Azərbaycan bəzi siyasi fikir ayrılıqlarına baxmayaraq, iqtisadi və regional əməkdaşlıq məsələlərində praqmatik yanaşma nümayiş etdirirlər. Tərəflər qarşılıqlı faydaya əsaslanan maraqlar çərçivəsində bütün öhdəliklərini yerinə yetirir, iqtisadi inteqrasiyanın dayanıqlığını təmin edirlər. Hazırda İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və hər iki ölkə iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edən bir çox layihələri paralel şəkildə həyata keçirir. Bu əməkdaşlığın real göstəricilərindən biri də Bakıda keçirilən Azərbaycan–Rusiya–İran hökumətlərarası görüşü olub. Görüş çərçivəsində nəqliyyat, tranzit, energetika, gömrük və sərhəd infrastrukturunun inkişafı ilə yanaşı, Şərqi Araz Dəhlizinin inşası da əsas müzakirə mövzularından biri olub.

Xatırladaq ki, Şərqi Araz Dəhlizi 2022-ci ilin martında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən həyata keçirilən genişmiqyaslı nəqliyyat-kommunikasiya layihəsidir. Layihənin icrası təkcə Azərbaycan və İran üçün deyil, həm də regionun digər ölkələri üçün əhəmiyyətlidir. Rəsmi Bakının təşəbbüsü və praqmatik diplomatiyası sayəsində reallaşan bu dəhlizin yaxın illərdə yeni regional əməkdaşlıq platformasına çevriləcəyi şübhə doğurmur.

Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, hazırda Araz çayı üzərində inşası sürətlə davam etdirilən Ağbənd–Kəlalə avtomobil körpüsünün cari ilin sonunadək tamamlanması, müvafiq gömrük-sərhəd infrastrukturunun isə gələn ilin birinci rübündə istismara verilməsi planlaşdırılır. Bununla yanaşı, Horadiz–Ağbənd avtomobil və dəmir yolu xətlərinin də gələn il ərzində tam hazır olacağı qeyd olunub.

Şərqi Araz Dəhlizi texniki və logistika baxımından müasir tələblərə cavab verir. İran–Ermənistan sərhədindən təxminən 5 kilometr cənubda yerləşəcək bu marşrut, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmir yolu xəttini, çoxzolaqlı avtomobil şosesini, enerji ötürmə xətlərini və rəqəmsal kommunikasiya infrastrukturunu özündə birləşdirəcək. 50 kilometr uzunluğunda olacaq yeni dəhliz vasitəsilə Azərbaycanın və digər ölkələrin yük maşınları, həmçinin qatarları qısa zamanda Naxçıvana, oradan isə Türkiyəyə çata biləcək. Beləliklə, Şərqi Araz Dəhlizi Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən qlobal nəqliyyat-logistika sisteminin mühüm hissəsinə çevriləcək.

Azərbaycan–İran–Rusiya üçtərəfli görüşünün yekunları və qəbul edilən birgə Kommunike fonunda demək olar ki, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və daşımaların həcminin artırılması məsələsi xüsusi diqqət mərkəzindədir. 2025-ci ilin ilk 9 ayı ərzində bu dəhliz üzrə yüklərin daşınma həcminin 8,3 faiz artması, o cümlədən avtomobil daşımalarının payının 10,4 faiz, dəmir yolu daşımalarının isə 2 faiz təşkil etməsi marşrutun iqtisadi səmərəliliyinin göstəricisidir. Görüşdə, həmçinin, Cənub Yük Terminalının tikintisinin başa çatdırılmasının və Astaraçay üzərindəki avtomobil körpüsünün tam gücü ilə işə salınmasının strateji əhəmiyyəti vurğulanıb. Bütün bunlar öz növbəsində Şərqi Araz Dəhlizi layihəsinin regional çəkisini daha da artırır.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin ilkin variantı Ermənistan ərazisindən keçməli idi. Lakin rəsmi İrəvan öhdəliklərinə əməl etməkdən yayınaraq prosesi məqsədli şəkildə uzatdı. Ermənistan rəhbərliyi düşünürdü ki, Zəngəzur Dəhlizi ətrafında yaratdığı siyasi manipulyasiyalarla danışıqlar prosesində Azərbaycana təzyiq göstərə biləcək. Rəsmi Bakı isə daha praqmatik addım ataraq alternativ marşrutu İran ərazisindən keçməklə reallaşdırmaq qərarına gəldi. Bu qərar Azərbaycan üçün strateji üstünlük yaratmaqla yanaşı, Zəngəzur Dəhlizinin açılmayacağı təqdirdə Ermənistanın əbədi olaraq dalan dövlət kimi qalacağını da göstərdi. Nəticə etibarilə, rəsmi İrəvan bu il 8 avqustda Vaşinqtonda Zəngəzur Dəhlizinin – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun məhz Azərbaycanın tələb etdiyi şərtlər əsasında açılmasına razılıq verməli oldu.

Şərqi Araz və Zəngəzur Dəhlizlərinin paralel şəkildə reallaşdırılması ölkəmizin siyasi və iqtisadi mövqelərini, eləcə də tranzit əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Azərbaycanın əsas hissəsini İran və Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu iki dəhlizin istismara verilməsi ilk növbədə real alternativlər yaradır. Dəhlizlərin əlaqələndirilməsi Azərbaycanın tranzit xidmətləri sektorunun inkişafını təmin edəcək.

Bununla yanaşı, gömrük və logistika infrastrukturunun formalaşdırılması ölkəyə əlavə ixrac gəlirləri qazandıracaq. Beynəlxalq ekspertlərin hesablamalarına görə, hər iki dəhlizin tam işə düşməsindən sonra Azərbaycanın illik tranzit gəlirləri 2–3 milyard ABŞ dolları səviyyəsində arta bilər.

Bu layihələr regionun iqtisadi coğrafiyasını dəyişməklə yanaşı, yerli sahibkarlar və istehsal müəssisələri üçün yeni bazarlar yaradacaq. Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarının Naxçıvan, Türkiyə, İran və Orta Asiya istiqamətində daşınması daha sürətli və qənaətcil olacaq. Bununla da ixrac marşrutlarının diversifikasiyası nəticəsində ölkənin iqtisadi təhlükəsizliyi güclənəcək, beynəlxalq ticarətdən asılılıq azalacaq.

Bütün bu proseslər Azərbaycanın uzunmüddətli inkişaf strategiyası ilə tam uzlaşır. Neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı və regional inteqrasiyanın dərinləşdirilməsi fonunda Zəngəzur və Şərqi Araz Dəhlizləri ölkəmizin dayanıqlı iqtisadi artımına və qlobal nəqliyyat sistemində strateji roluna güclü təkan verəcək.

MTM Analitik Qrupu

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?