Bu gün

Azərbaycan Kiqali Düzəlişinə qoşuldu – iqlim mübarizəsində yeni mərhələ - TƏHLİL

Qlobal miqyasda temperaturun artması, quraqlıqlar, sel fəlakətləri, su çatışmazlığı və bu kimi hallar dünya ölkələrinin diqqət mərkəzində olan əsas problemlərdən birinə çevrilib. Görülən tədbirlərə baxmayaraq, iqlim dəyişmələrinin yaratdığı fəsadlar getdikcə daha sürətli və dağıdıcı xarakter almağa başlayıb.

“The Guardian” qəzeti 23 ölkədən 160 alimin hesabatına istinadən yazır ki, hazırda qlobal istiləşmə əvvəlkindən daha sürətlə təhlükəli həddə çatır və bəşəriyyət iqlim dəyişməsi səbəbindən ekosistemlərin çöküşündə ilk “dönüşü olmayan nöqtə”yə yetişib. Qeyd olunur ki, bu “dönüşü olmayan nöqtə” bütün dünyada mərcan riflərinin faktiki olaraq geri dönüşü mümkün olmayan şəkildə məhv olmasıdır. Riflərin 80 faizindən çoxu ekstremal okean temperaturunun təsirindən zərər çəkib.

Mövcud vəziyyətdə iqlimin modelləşdirilməsi dəyişiklikləri və onların təsirlərini onilliklər öncədən proqnozlaşdırmaq üçün əsas strateji vasitə sayılır. Mütəxəssislər bildirirlər ki, bu yanaşma həm də infrastrukturun və sosial planlaşdırmanın yeni iqlim reallıqlarına uyğunlaşdırılmasını tələb edir. Bununla belə, iqlim dəyişikliyi bəzən proqnozlaşdırıla bilməyən təbii dalğalanmalarla müşayiət olunur, lakin antropogen (insan fəaliyyəti ilə bağlı) təsirlərin təbii prosesləri üstələdiyi də faktdır. Bu səbəbdən qlobal istiləşmənin qarşısının alınması və iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin intensivləşdirilməsi hazırkı mərhələdə əsas prioritetlərdən biridir.

Bu baxımdan Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm regional, həm də qlobal səviyyədə fəal mövqeyi ilə seçilir. Prezident İlham Əliyevin 2016-cı il 15 oktyabr tarixində “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna Kiqali Düzəlişini təsdiqləməsi də bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən etibarən qüvvəyə minmiş Kiqali Düzəlişi dünyada hidroflorokarbon (HFK) kimi tanınan güclü istixana qazlarının istehsalını və istehlakını kəskin şəkildə azaltmaqla qlobal istiləşməni məhdudlaşdırmağı hədəfləyir. Dövlətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə dəstəyi ilə bu düzəliş ozon təbəqəsini qorumaqla yanaşı, əsr sonuna qədər qlobal istiləşmənin qarşısını təxminən 0,4 dərəcə Selsi səviyyəsində ala bilər. Azərbaycan da bu düzəlişə qoşulmaqla Paris Sazişinin məqsədlərinə nail olunmasına töhfə verir.

Kiqali Düzəlişi 2016-cı il 15 oktyabrda Ruandanın paytaxtı Kiqalidə qəbul edilib və Monreal Protokoluna əlavə kimi formalaşdırılıb. Sənəd iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səviyyədə atılmış ən mühüm addımlardan biri hesab olunur. 1987-ci ildə qəbul edilən Monreal Protokolu ozon təbəqəsini qorumaq məqsədilə yaradılmışdı. Bu sənəd nəticəsində ozonu məhv edən maddələrin istifadəsi əhəmiyyətli dərəcədə azaldılsa da, onların əvəzediciləri olan hidroflorokarbonlar ozon təbəqəsinə birbaşa zərər verməsələr də, güclü istixana effekti yaradırlar. Mütəxəssislərin hesablamalarına görə, HFK-ların atmosferdə istilik tutma qabiliyyəti karbon qazından bir neçə dəfə artıqdır. Bu səbəbdən onların tənzimlənməsi beynəlxalq prioritetə çevrilib və nəticədə Monreal Protokoluna Kiqali Düzəlişi əlavə olunub.

Düzəlişin əsas məqsədi hidroflorokarbonların istehsalı və istifadəsinin mərhələli şəkildə azaldılmasıdır. Sənəd bu məqsədlə ölkələri iqtisadi inkişaf səviyyəsinə görə bir neçə qrupa ayırır. İnkişaf etmiş ölkələr 2019-cu ildən etibarən HFK istehsalını və istifadəsini mərhələli şəkildə azaltmağa başlayıblar və 2036-cı ilə qədər 85 faiz azalma hədəfi müəyyən ediblər. İnkişaf etməkdə olan ölkələrin birinci qrupu 2045-ci ilə qədər 80 faiz, ikinci qrupu isə 2047-ci ilə qədər 85 faiz azalma öhdəliyi götürüb. Beləliklə, sənəd müxtəlif ölkələrin iqtisadi və texnoloji imkanlarını nəzərə alaraq ədalətli və çevik mexanizm formalaşdırır.

Hidroflorokarbonların azaldılması təkcə atmosferə buraxılan istixana qazlarını azaltmaqla məhdudlaşmır. Bu proses eyni zamanda enerji səmərəliliyini artırır, çünki yeni nəsil soyuducu və kondisioner sistemləri daha az enerji sərf edir. Beləliklə, sənaye və məişət sahələrində həm iqlim, həm də iqtisadi baxımdan müsbət nəticələr əldə olunur.

Azərbaycan bu istiqamətdə də ardıcıl siyasət yürüdür. Enerji mənbələrinin şaxələndirilməsi və bərpa olunan enerji potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Yaşıl enerji zonaları” konsepsiyasının əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla digər iqtisadi rayonları bərpa olunan enerji mənbələrinə əsaslanan, ekoloji cəhətdən təmiz regionlara çevirməkdir. Bu bölgələrdə günəş, külək və hidroenerji potensialının yüksək olması Azərbaycanın enerji keçidini sürətləndirmək üçün geniş imkanlar yaradır.

Azərbaycan, həmçinin, BMT, Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların iqlim təşəbbüslərində fəal iştirak edir. Ölkənin 2024-cü ildə BMT-nin COP29 İqlim Konfransına ev sahibliyi etməsi də bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən bildirib:

“COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-da qəbul edilmiş və Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dollarından 300 milyard dollara qədər artımı nəzərdə tutur. Azərbaycan, həmçinin, Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivəni yekunlaşdıraraq onun tam fəaliyyətə başlamasını təmin etdi.”

Ümumilikdə, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələr sistemli və çoxşaxəlidir. Ölkə enerji keçidi, ekoloji innovasiyalar və beynəlxalq əməkdaşlıq istiqamətində ardıcıl siyasət həyata keçirir. Azərbaycanın Monreal Protokoluna Kiqali Düzəlişinə qoşulması isə bu siyasətin daha bir mühüm təzahürüdür.

MTM Analitik Qrupu 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?