Britaniyanın Cənubi Qafqaz siyasətində yeni dövr: silah embarqosu qaldırıldı - ŞƏRH

Britaniya hökuməti Azərbaycan və Ermənistana qarşı 1992-ci ildən tətbiq olunan silah embarqosunun tamamilə ləğv edib. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin tərəfindən Britaniya parlamenti rəsmi saytında yayımlanan bəyanatda deyilir. İlk növbədə bu hadisə Cənubi Qafqaz üçün mühüm geosiyasi hadisədir. Çünki bu qərar yalnız texniki və ya kommersiya xarakteri daşımır, o regionda qüvvələr balansının yenidən formalaşdığı, Qərbin sülh gündəminə yeni baxışla yanaşdığı bir dövrə təsadüf edir.
Qeyd edək ki, 1992-ci ildə ATƏT-in qərarı ilə üzv ölkələrə Azərbaycan və Ermənistana silah və hərbi sursat tədarükünün dayandırılması tövsiyə edilmişdi. Məqsəd Qarabağ müharibəsinin miqyasını məhdudlaşdırmaq və regionda hərbi eskalasiyanın qarşısını almaq idi. Lakin son otuz ildə beynəlxalq və regional reallıqlar köklü şəkildə dəyişib. Belə ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa edib, Ermənistanın təhlükəsizlik doktrinası Rusiya asılılığından uzaqlaşmağa başlayıb, ATƏT-in vasitəçilik missiyası faktiki olaraq fəaliyyətini dayandırıb. Bu şəraitdə 1992-ci ilin embarqosu hüquqi baxımdan tövsiyə xarakterli olmaqla yanaşı, siyasi məzmununu da itirmişdi. Britaniyanın hazırki addımı bu reallığın rəsmi şəkildə tanınması kimi dəyərləndirilə bilər.
Londona bu qərarı qəbul etdirməyə vadar edən digər səbəblər də var. Birincisi, Qafqazda artan Qərb fəallığıdır. Rusiya-Ukrayna müharibəsindən sonra Qərb dövlətləri Cənubi Qafqazı Moskvanın təsirindən uzaqlaşdırmaq üçün diplomatik və iqtisadi alətlərdən istifadə edir. Embarqonun ləğvi də bu kontekstdə Qafqazla daha sıx hərbi-sənaye əlaqələrinin qurulması üçün bir siqnaldır. İkincisi, Azərbaycanın artan strateji roludur. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilib. Böyük Britaniya “BP” vasitəsilə Azərbaycanın enerji sektorunda əsas investorlardandır. Embarqonun ləğvi Britaniyanın Bakıya etimadının və tərəfdaşlığın daha geniş, o cümlədən müdafiə sənayesi sahəsinə keçidinin göstəricisidir. Britaniya həmçinin Ermənistanın Qərbə inteqrasiya istiqamətində atdığı addımları da dəstəkləmək istəyir. Embarqonun eyni anda hər iki ölkə üçün ləğvi balanslı diplomatik mövqenin saxlanılması məqsədi daşıyır.
Dautinin bəyanatında xüsusi vurğulanan “Vaşinqton sammitinin tarixi nəticələri” ifadəsi diqqətəlayiqdir. Bu sammitdə Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair konturların razılaşdırılması Qərbin vasitəçilik missiyasının real nəticəsi kimi təqdim olunmuşdu. Britaniya embarqonun ləğvini “sülh prosesinə etimad” addımı kimi təqdim etməklə, regionda diplomatik sabitliyin təmin olunacağına inamını nümayiş etdirir.
Əlbəttə ki, Britaniyanın qərarı Azərbaycana bir neçə istiqamətdə yeni imkanlar yaradır. Britaniya şirkətləri hərbi optik nişangahlar, pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik və süni intellekt texnologiyaları sahəsində qabaqcıl təcrübəyə malikdir. Deməli, artıq tərəflər arasında yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmayan təhlükəsizlik formatının formalaşması prosesi başlayır. Çünki Azərbaycan Qərblə konstruktiv münasibət quran, Rusiyadan asılı olmayan güc mərkəzi kimi tanınır. Lakin bir məqamı da qeyd etməliyik ki, bəyanatda hər iki ölkəyə silah ixracının fərdi lisenziya qaydası ilə həyata keçiriləcəyi və regional təhlükəsizliyin daim nəzarətdə saxlanılacağı vurğulanır. Bu isə faktiki olaraq, nəzarətsiz silah axınının qarşısını almağa yönəlmiş təhlükəsizlik mexanizmidir. Bütün hallarda Britaniyanın bu addımı Qərbin Cənubi Qafqaz siyasətində yeni fəallıq dövrünün başlandığını göstərir. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya eyni vaxtda regionda diplomatik və iqtisadi təsir alətlərini gücləndirir. Rusiya-Ukrayna müharibəsi ilə zəifləmiş Moskva artıq Qafqazda əsas təhlükəsizlik təminatçısı rolunu tədricən itirir. Türkiyə və Azərbaycan tandeminin mövqeləri güclənir, Ermənistan isə Qərbə meyllənməklə balanslı siyasət axtarışındadır. London hesab edir ki, Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sülh və əməkdaşlıq məkanına çevrilməkdədir. Bu qərar həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, həm də Qərbin regionda uzunmüddətli təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir.
MTM Analitik Qrupu