Bu gün

Lider diplomatiyası: Azərbaycanın beynəlxalq siyasətdə yeni rolu - TƏHLİL

Qloballaşma prosesinin dərinləşdiyi, eyni zamanda beynəlxalq münasibətlər sisteminin olduqca mürəkkəb xarakter daşıdığı müasir dünyada diplomatiya artıq yalnız dövlətlərarası ünsiyyət vasitəsi kimi çıxış etmir. Məsələ ondadır ki, bu gün diplomatiya həm də strateji baxışa və siyasi iradəyə malik xarizmatik liderlərin beynəlxalq proseslərdə əsas rol oynadığı bir məkana çevrilib. Elə buna görə də son onilliklərdə “lider diplomatiyası” fenomeni haqqında daha çox danışılır.

Bu kontekstdə Azərbaycan dünyada lider diplomatiyasına görə fərqlənən ölkələrdən biridir. Bunu beynəlxalq miqyasda açıq şəkildə etiraf edənlərin sayı da az deyil. Məsələn, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində çıxışı zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bir daha Azərbaycan Prezidenti İlham Əliyevin çox güclü lider olduğunu vurğulayıb. Daha əvvəl ABŞ rəhbəri bu məqamı Vaşinqtonda avqustun 8-də keçirilən məlum üçtərəfli görüş kontekstində də diqqət mərkəzinə gətirmişdi.

Ümumilikdə, bu gün dünya miqyasında Azərbaycanın rolu və nüfuzu ilə bağlı ən yüksək səviyyədə çoxsaylı etiraflara rast gəlmək mümkündür. Bütün bunların nəticəsində Azərbaycan təkcə Cənubi Qafqazda deyil, onun sərhədlərindən kənarda da proseslərin inkişaf istiqamətinə təsir edən ölkələrdən birinə çevrilib. Yaxın Şərq Sülh Sammitində Azərbaycanın təmsilçiliyi də bunun daha bir nümunəsidir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edir ki, Azərbaycan regional diplomatiyada ön sıralardadır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun və orta güc kimi formalaşan qlobal xarici siyasətinin bariz təzahürüdür.

XXI əsrdə beynəlxalq münasibətlər sistemində dövlətlər artıq yalnız “böyük güclər” və “kiçik dövlətlər” kimi deyil, həm də “orta güclər” kimi kateqoriyalara bölünür. Müasir dövrdə “orta güc” anlayışı daha çox aktuallaşır. Bu dövlətlər diplomatik çeviklikləri, iqtisadi resursları və regional təşəbbüskarlıqları ilə beynəlxalq münasibətlərdə mühüm rol oynayırlar. Azərbaycan da bu gün məhz belə dövlətlər sırasındadır.

Azərbaycanın orta güc kimi formalaşmasının əsasını onun müstəqil xarici siyasət kursu və liderlik diplomatiyası təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu diplomatiya Azərbaycanı regional liderlikdən beynəlxalq nüfuz sahibi olan orta güc səviyyəsinə yüksəldib.

“Orta güc” anlayışını müəyyən edən əsas amillərdən biri dövlətin balanslaşdırılmış xarici siyasətidir. Azərbaycan bu istiqamətdə özünəməxsus model formalaşdırıb. Bu modelin mahiyyəti ondan ibarətdir ki, ölkə heç bir geosiyasi blokun tərkibinə daxil olmadan bütün tərəflərlə konstruktiv münasibətlər qurmaq imkanına malikdir. Belə bir diplomatik balans Azərbaycanı Cənubi Qafqazdan kənarda da sabitləşdirici qüvvəyə çevirib və bu prosesdə lider diplomatiyasının rolu danılmazdır.

Azərbaycanın orta güc kimi mühüm üstünlüklərindən biri beynəlxalq diplomatik təşəbbüskarlığıdır. Məsələn, ölkəmiz 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal ədalət, bərabərlik və beynəlxalq hüququn aliliyi kimi prinsipləri qətiyyətlə müdafiə edib. Bu, Azərbaycanın təkcə regional deyil, həm də qlobal diplomatik proseslərdə fəal rol oynadığını sübut edir.

Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlarda fəal iştirakı da onun “orta güc” statusunu daha da möhkəmləndirib. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Metin Kılıçın sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir daha göstərdi ki, Azərbaycan bu təşkilata liderlik edir. O, Azərbaycanın sülh tərəfdarı olmasını, təhlükəsizlik və hərbi məsələlərə xüsusi diqqət yetirməsini xüsusilə təqdir edib: “Bunlar Azərbaycanın bölgədə müstəqil siyasət apardığını göstərir. Türk dövlətlərinin iş birliyini dərinləşdirməsi, birgə hərbi təlimlər keçirməsi, kibertəhlükəsizlik və kollektiv müqavilələr imzalaması böyük əhəmiyyət daşıyır.”

Əlbəttə, ölkənin bu qədər yüksək dəyərləndirilməsində lider faktoru həlledici rol oynayır. Liderlik diplomatiyasının mahiyyəti ondan ibarətdir ki, ölkə rəhbəri sadəcə diplomatik aparatın təqdim etdiyi qərarları təsdiqləmir, əksinə, xarici siyasətin istiqamətlərini şəxsən müəyyənləşdirir, prioritetləri formalaşdırır və mürəkkəb beynəlxalq danışıqlarda vasitəçi rolunu üzərinə götürür.

Bu yanaşma qlobal qeyri-sabitlik şəraitində, sürətlə dəyişən siyasi reallıqlar dövründə xüsusilə vacibdir. Çünki səlahiyyətli və etibarlı lider ənənəvi diplomatiyanın çata bilmədiyi nəticələrə nail ola bilir. Azərbaycan bu baxımdan da dünyaya nümunə təqdim edir.

Bütün bunlar bir daha təsdiq edir ki, liderlik diplomatiyası sayəsində kiçik və orta dövlətlər regional proseslərdə öz təsir imkanlarını artırırlar. Nəticədə xarizmatik lider ölkəsini mühüm oyunçuya, dialoq və sabitliyin daşıyıcısına çevirir. Bu da öz növbəsində ölkəyə və onun rəhbərinə beynəlxalq səviyyədə artan maraq və diqqətlə müşayiət olunur.

Bunu Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində müxtəlif dövlət və hökumət başçıları ilə təmasları da bir daha sübut etdi. Azərbaycan liderinə göstərilən xüsusi diqqət, onunla birbaşa təmasda olmaq istəyənlərin çoxluğu bu tədbir zamanı aydın şəkildə hiss olundu. Eyni mənzərə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında da müşahidə edilmişdi.

Mövcud qlobal çağırışlar fonunda aydın görünür ki, liderlik diplomatiyasına tələbat getdikcə artacaq. Dünya təhlükəsizlik və davamlı inkişaf naminə müxtəlif ölkələrin səylərini birləşdirə bilən liderlərə ehtiyac duyur. Bu isə o deməkdir ki, liderlik diplomatiyası beynəlxalq münasibətlərin yeni paradiqmasını formalaşdırır. Həmin sırada Azərbaycan və onun lideri də xüsusi yer tutur. Beləliklə, bu reallıq Azərbaycanın dövlət kimi dünya miqyasında yerini və rolunu daha da möhkəmləndirir.

MTM Analitik Qrupu 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?