İran narahatdır: sülh, yoxsa nəzarət mexanizmi? - ŞƏRH

İran Misirin Şarm əl-Şeyx şəhərində keçirilən və Qəzza zolağında atəşkəs sazişinin imzalanmasına həsr olunmuş beynəlxalq sülh sammitində iştirak etməkdən imtina edib. Rəsmi Tehranın bu mühüm toplantıya qatılmamaq qərarı bölgədə siyasi balanslara və diplomatik dinamikaya yeni istiqamət verə bilər.
Tehran Amerikanın təşəbbüsü ilə keçirilən sammitdə iştirakdan imtina etməklə, əslində, Yaxın Şərqdəki strateji mövqeyini bir daha bəyan etmiş oldu. Belə ki, İranın sammitdən imtinası bir tərəfdən Amerika ilə davam edən uzunmüddətli qarşıdurmanın növbəti təzahürüdür. Tehran Vaşinqtonun Yaxın Şərqdə sülh təşəbbüsü adı altında öz təsir dairəsini genişləndirmək istədiyini düşünür.
Xüsusilə İsrailin Qəzzadakı əməliyyatlarına siyasi və hərbi dəstək verən Amerikanın bu sammiti təşkil etməsi Tehranda ikili standart kimi qiymətləndirilir. İran diplomatiyası hesab edir ki, ABŞ vasitəçilik etdikdə bu, “sülh” deyil, “nəzarət mexanizmi” forması alır. Buna görə də Tehran bu prosesin bir parçası olmaqdansa, kənarda qalmağı və öz mövqeyini “müqavimət oxu” çərçivəsində qorumağı üstün tutur.
Şübhəsiz ki, Vaşinqtonun əsas məqsədi bölgədə atəşkəsə nail olmaqla bərabər, İranın təsirini məhdudlaşdırmaqdır. Qəzza böhranı kontekstində Amerika Misir və bəzi ərəb ölkələrinin iştirakı ilə yeni regional diplomatik format yaratmaq istəyir. Bu formatda İranın yer almaması Qərbin nəzərində “sabitlik üçün zəruri şərt” sayılır.
Lakin İran bu yanaşmanı rədd edir. Tehran üçün Qəzza təkcə humanitar böhran deyil, həm də ideoloji və siyasi məsələdir. İran rəhbərliyi HƏMAS və “müqavimət qüvvələri”nə dəstəyini davam etdirməklə Amerikanın təşəbbüslərini legitimlikdən məhrum sayır. Bu mənada sammitə qatılmamaq qərarı həm Qərbə bir mesaj, həm də regiondakı tərəfdaşlarına – xüsusilə “Hizbullah” və HƏMAS-a mənəvi dəstək siqnalıdır.
Misir sammitin ev sahibi kimi balanslı mövqe tutmağa çalışır. Qahirə həm Amerika ilə, həm də İranla münasibətləri gərginləşdirmək istəmir. Lakin İranın toplantıya qatılmaması sammitin simvolik və diplomatik çəkisini azalda bilər. Ərəb dünyasında, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr Amerikanın təşəbbüsünə dəstək versələr də, İranın iştirakı olmadan regionda uzunmüddətli sülh mexanizminin qurulması çətin görünür.
Bu vəziyyət ərəb birliyinin daxilində də fikir ayrılıqlarını dərinləşdirə bilər. Bu, o deməkdir ki, bir tərəfdən Qərblə əməkdaşlığı seçənlər, digər tərəfdən isə İranın xəttini haqlı sayanlar arasında siyasi məsafə artacaq.
İranın qərarı eyni zamanda daxili ictimai rəyə hesablanmış siyasi jestdir. Tehrandakı hakim dairələr xalq qarşısında “müqavimətin qalası” imicini qorumağa çalışır. Qəzzadakı faciələrin fonunda Amerika ilə eyni masa arxasında oturmaq İran cəmiyyətinin radikal və dini dairələrində ciddi narazılıq yarada bilərdi. Bu baxımdan, sammitdən imtina daxili sabitlik baxımından da taktiki addım sayılır.
MTM Analitik Qrupu