Türk dünyasının enerji xəritəsində Azərbaycan faktoru - MƏQALƏ

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi hər zaman xüsusi yer tutub. Dünyada yeni nizamın formalaşması kontekstində türk birliyinin getdikcə daha da güclənməsi isə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin biri-birinə yaxınlaşmasının təbii xarakter daşıdığını göstərir.
Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan kimi türk və müsəlman ölkələrinin yerləşdiyi Mərkəzi Asiya Azərbaycan üçün yalnız tarixi-mədəni deyil, həm də geosiyasi və iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistana səfəri xüsusi önəm kəsb edir.
Sözügedən səfər və burada dövlət başçısının Mərkəzi Asiyadan olan həmkarları ilə təmasları Azərbaycanla region ölkələri arasında əlaqələrin daha da dinamik inkişafına təkan verir. Bunun bariz nümunələrindən biri kimi Prezident İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında çıxışında Tacikistanın adını çəkməsi göstərilə bilər. Dövlət başçısı Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini vurğulayaraq bildirib:
“Onlar qardaşlıq, dostluq və qarşılıqlı dəstəyə əsaslanır, böyük inkişaf potensialına malikdir”.
Mərkəzi Asiyanın digər ölkələri ilə əlaqələrin səviyyəsi barədə isə Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə geniş bəhs edib.
Beləliklə, real vəziyyət bir daha göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər dinamik inkişaf edir və bu əməkdaşlıq artıq hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edir. Xüsusən enerji və nəqliyyat sahəsində əməkdaşlıq bu gün Avrasiya miqyasında hadisələrin inkişaf trayektoriyasını müəyyənləşdirir.
Azərbaycanın bu sahələrdəki təşəbbüsləri Mərkəzi Asiya ölkələri üçün Qərbə çıxış baxımından alternativ və etibarlı marşrutlar yaradır. Xəzər dənizi vasitəsilə enerji resurslarının tranziti, eləcə də Orta Dəhliz layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan bu dəhlizdə əsas tranzit ölkə kimi çıxış edir və Çin, Qazaxıstan, Gürcüstan, Türkiyə və Avropa bazarlarını birləşdirən bu marşrut Mərkəzi Asiya ölkələri üçün həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar açır. Bu, Azərbaycanın regionda strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bundan əlavə, Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqlində Azərbaycanın rolunun davamlı şəkildə yüksəldiyi müşahidə olunur. Artıq bu istiqamətdə mühüm addımlar atılıb və gündəmdə olan əsas məsələ Türkmənistan təbii qazının Transxəzər boru kəməri vasitəsilə Avropaya nəqlidir. Hazırda Türkmənistan öz enerji ehtiyatlarını cənub istiqamətində — Azərbaycan və Türkiyə ərazisindən keçməklə ixrac etməkdə maraqlıdır.
Cari ilin avqustunda Türkmənistanın Avaza Milli Turizm Bölgəsində Azərbaycan, Türkmənistan və Özbəkistan dövlət başçılarının iştirakı ilə yüksək səviyyəli üçtərəfli görüş keçirilib. Həmin görüşün sonunda bir sıra mühüm sənədlər imzalanıb, gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən birgə bəyanat qəbul olunub. Burada enerji əməkdaşlığı da xüsusi yer tutur. Azərbaycan və Türkmənistanın bu müstəvidə birgə fəaliyyəti Xəzər regionunun Avrasiyanın mühüm enerji mərkəzinə çevrilməsini daha da sürətləndirir.
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın da “Beynəlxalq Kəşfiyyat Araşdırmaları Konqresi”nin açılışında bu istiqamətdə maraqlı fikirlər səsləndirib:
“Türk dünyası bu gün dünyanın üzləşdiyi ən fundamental problemlərdən biri olan enerji təhlükəsizliyində planetin zəmanətçisinə çevrilib. Qazaxıstandan Türkmənistana, Azərbaycandan Türkiyəyə və oradan Avropaya uzanan enerji xətləri qlobal sabitliyin təmin olunmasında əsas rolu oynayır”.
Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir. Hazırda onun qaz ixracının əsas istiqaməti Çin bazarıdır. Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) boru kəmərinin inşası isə hələ də ləng gedir. Belə şəraitdə Avropa bazarı, xüsusilə enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi baxımından Türkmənistan üçün strateji alternativ olaraq qalır.
Bu kontekstdə qazın Azərbaycan üzərindən Avropaya nəqli həm regional əməkdaşlıq, həm də geosiyasi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Türkmən qazının Azərbaycan üzərindən Avropaya çatdırılması üçün əsas variant Transxəzər kəməri layihəsidir. Bu layihə Xəzər dənizinin dibi ilə Türkmənistandan Azərbaycana qaz nəqlini, oradan isə Cənub Qaz Dəhlizi marşrutu ilə Avropaya ötürülməsini nəzərdə tutur.
Transxəzər layihəsi ilk dəfə 1990-cı illərdə gündəmə gəlsə də, Xəzərin hüquqi statusunun qeyri-müəyyənliyi, Rusiya və İranın etirazları, həmçinin maliyyə çətinlikləri səbəbindən uzun müddət reallaşmayıb. Lakin 2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması bu layihə üçün mühüm hüquqi baza yaradıb.
Azərbaycan bu layihədə həm tranzit ölkə, həm də strateji tərəfdaş kimi çıxış edir. 2021-ci ildə Türkmənistanla Azərbaycan arasında Xəzərdə yerləşən “Dostluq” yatağının birgə işlənməsi barədə razılıq əldə olunması enerji əməkdaşlığının dərinləşməsinə yeni təkan verib. Bundan başqa, ölkələrimiz svop müqaviləsi çərçivəsində qaz sahəsində də əməkdaşlıq təcrübəsinə malikdir.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib:
“Ölkələrimiz enerji əməkdaşlığının genişləndirilməsi üçün böyük potensiala malikdir. SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır”.
Hazırda Türkmənistan Xəzər dənizindəki qaz yataqlarından boru vasitəsilə Azərbaycana, buradan isə digər ölkələrə “mavi yanacağın” ixracında maraqlıdır. Türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqli enerji təhlükəsizliyi, regional əməkdaşlıq və iqtisadi inkişaf baxımından böyük perspektivlər açır. Bu istiqamətdə yaxın zamanda mühüm addımların atılması gözlənilir.
Qazla yanaşı, Türkmənistan elektrik enerjisinin də Azərbaycan üzərindən Avropaya nəqlinə böyük maraq göstərir. Ümumiyyətlə, Türkmənistanın Azərbaycan vasitəsilə Avropa ölkələrinə elektrik enerjisi ixracına diqqəti artır.
Nəqliyyat və tranzit sahəsində isə hər iki ölkə Transxəzər dəhlizi üzərindən həyata keçirilən layihələrlə Asiya və Avropa arasında əsas qovşağa çevrilirlər. Mikayıl Cabbarov da qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq tranzit həcmləri ildən-ilə artan Orta Dəhlizin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır:
“Türkmənistanda müasir nəqliyyat infrastrukturu yaradılıb, bu dəhlizdə yerləşən Azərbaycan isə dəniz limanı, dəmir yolları və logistika mərkəzlərinin inkişafına böyük sərmayə qoyub. Səylərimizi birləşdirmək bütün region üçün böyük fayda verəcək”.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin güclənməsi yalnız diplomatik təşəbbüslərlə deyil, həm də strateji layihələr və ortaq maraqlar üzərində qurulub. Ortaq tarix, enerji resursları və nəqliyyat layihələri Azərbaycanı Mərkəzi Asiyada aparıcı aktorlardan birinə çevirir. Bu prosesdə Mərkəzi Asiya ölkələrinin özləri də aktiv və maraqlı tərəflər kimi çıxış edirlər.
MTM Analitik Qrupu