11 oktyabr

Azərbaycan çevik hücum diplomatiyası ilə Avrasiya nizamında həlledici rol oynayır - TƏHLİL

Çevik hücum diplomatiyası yürüdən Azərbaycan son illərdə təkcə Cənubi Qafqazda deyil, ümumən Avropa geosiyasi arealında maraqlarını təmin etməyə, konkret mərhələlər üzrə müəyyənləşdirdiyi strateji hədəfləri reallaşdırmağa nail olub. İlbəil genişlənən iqtisadi və hərbi potensialı, beynəlxalq əlaqələri rəsmi Bakıya hansısa güc mərkəzindən asılı olmadan qarşıya qoyduğu məqsədlərə doğru inamla addımlamaq imkanı yaradıb.

Rəsmi Moskvanın “AZAL” təyyarəsinin səhvən vurulmasına görə üzr istəməsi və rəsmi Bakının kompensasiya tələbi ilə razılaşması ölkəmizin diplomatik qətiyyətinin, milli maraqları prinsipial şəkildə müdafiə etmək əzminin parlaq göstəricisidir. Bu məsələdə nümayiş etdirilən təmkin, tələbkarlıq və qətiyyət bir daha təsdiqləyir ki, Azərbaycan bu gün regionda milli maraqlarını müdafiə edən müstəqil siyasət yürüdür və heç bir güc mərkəzi qarşısında geri çəkilmir. Bu, ölkəmizin Avrasiya məkanında formalaşan yeni geosiyasi nizamda həlledici rolunu və qlobal təhdidlərə qarşı müqavimət gücünü nümayiş etdirir.

Ümumiyyətlə, Azərbaycan son illərdə yalnız iqtisadi, siyasi və hərbi uğurları ilə deyil, həm də beynəlxalq münasibətlər sistemində milli maraqlarını qətiyyətlə qoruması, fəal və təşəbbüskar aktor kimi çıxış etməsi ilə diqqət mərkəzindədir. Konkret olaraq “AZAL” təyyarəsinin vurulması hadisəsində göstərilən prinsipial mövqe və beynəlxalq hüquqa əsaslanan tələbkarlıq bunu bir daha sübut etdi.

Rəsmi Bakı qlobal çağırışları düzgün dəyərləndirməklə, həyata keçirdiyi preventiv tədbirlər sayəsində hadisələrə sadəcə reaksiya vermir, hadisələri formalaşdırır. Bu isə yalnız güclü iqtisadi təməl, milli birliyin və daxili sabitliyin qorunması, Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində mümkün olub. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan regionda sabitlik, dialoq və hüququn üstünlüyü prinsiplərinə əsaslanan yeni diplomatik nizamın qurucusuna çevrilib.

Hazırda iqtisadi güc Azərbaycanın müstəqil qərarvermə imkanlarını təmin edən əsas amildir. Ölkəmiz son onillikdə enerji resurslarının ixracı və diversifikasiyası sahəsində əldə etdiyi nailiyyətlərlə regional mərkəzə çevrilib. Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycana təkcə iqtisadi dividendlər gətirmir, həm də qlobal proseslərə təsir və nüfuz imkanları qazandırır.

Dünyada enerji resurslarının diplomatik təsir vasitəsinə çevrildiyi bir dövrdə Azərbaycanın Avropada və dünyada nüfuzu ildən-ilə artır. Enerji resurslarının sabit və etibarlı şəkildə çatdırılması Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Təxminən 80 milyard dollara yaxınlaşan valyuta ehtiyatları, sabit makroiqtisadi mühit, davamlı infrastruktur siyasəti və əsas nəqliyyat qovşaqlarının keçdiyi tranzit ərazi olması ölkəmizin xarici təzyiqlərə qarşı dayanıqlığını təmin edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, Şimal–Cənub və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın geoiqtisadi statusunu gücləndirərək Avropa, Asiya və Yaxın Şərq arasında ən qısa və təhlükəsiz əlaqəni yaradır.

Daxili sabitlik və ictimai həmrəyliyin qorunması da diplomatik uğurun mühüm şərtidir. Xarici siyasətin effektivliyi hər zaman daxili dayanıqlıqla bağlıdır. İdarəetmə modelindəki siyasi sabitlik, cəmiyyətin dövlət institutlarına etimadı və milli birlik diplomatik çevikliyin əsas təminatıdır.

Ölkəmizin hərbi potensialının və müdafiə qüdrətinin artması da diplomatik nailiyyətləri möhkəmləndirən əsas səbəblərdəndir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə lokal antiterror tədbirləri Azərbaycan Ordusunun unikal döyüş qabiliyyətini və yüksək peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Hərbi üstünlük diplomatik müstəvidə qətiyyətli siyasətin təminatıdır. Azərbaycanın sülh təşəbbüsləri də məhz real hərbi gücün dəstəyi ilə müşayiət olunur.

Azərbaycanın dünya miqyasında güclü müttəfiqləri və çoxşaxəli strateji tərəfdaşlıq əlaqələri qlobal təhdidlərin zərərsizləşdirilməsində mühüm rol oynayır. Rəsmi Bakı çoxvektorlu xarici siyasət yürüdərək müxtəlif güc mərkəzləri ilə balanslı münasibətləri qorumağı bacarıb. Bu diplomatik çeviklik ölkəmizin siyasi manevr imkanlarını artırır və onu hər hansı qlobal blokun təsirindən kənarda saxlayır.

Ölkəmizin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanması da xüsusi qeyd edilməlidir. Rəsmi Bakının diplomatik fəaliyyəti beynəlxalq hüquqa hörmət, bərabərhüquqlu əməkdaşlıq, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənir. 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsi və beynəlxalq hüquq çərçivəsində ədalətin bərpası Azərbaycanın haqlı mövqeyinin qlobal miqyasda qəbuluna səbəb olub.

İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra ölkəmizə təzyiq göstərməyə çalışan Fransa, İran və bəzi digər dövlətlər, eləcə də Avropa İttifaqı kimi qurumlar hazırda rəsmi Bakının formalaşdırdığı sülh gündəliyini qəbul edirlər. Regional inteqrasiya və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prosesinin qaçılmaz olduğunu dərk ediblər. Zəngəzur dəhlizi ilə bağlı əvvəllər narazılıq bildirən İranın son aylardakı susqunluğu və reallıqla barışması bunu bir daha təsdiqləyir.

Rəsmi Tehran zaman-zaman narazılıq ifadə etsə də, Azərbaycan diplomatiyası münaqişə yaratmadan, amma güzəştə də getmədən istədiyinə nail olub. Konkret Rusiya nümunəsində əldə olunan nəticə isə göstərir ki, Azərbaycan artıq regional deyil, beynəlxalq aktor kimi qəbul edilir.

Rəsmi Bakının qətiyyətli diplomatiyası qlobal təhdidlərə qarşı təhlükəsizlik çətirinə çevrilib. Ölkəmiz hərbi və informasiya təhlükəsizliyini, enerji ixracının sabitliyini təmin etməklə yanaşı, fəal humanitar diplomatiya da yürüdür. Bu, milli maraqlara əsaslanan çevik, çoxvektorlu və balanslı xarici siyasətin parlaq nümunəsidir.

MTM Analitik Qrupu

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?