09 oktyabr

Ermənistan hökuməti 44 günlük müharibə ilə bağlı hesabatı niyə açıqlamır? - ŞƏRH

Ermənistan parlamentinin spikeri Alen Simonyan 44 günlük Qarabağ müharibəsi ilə bağlı parlament istintaqının nəticələrini rəsmən məxfi elan edib. Hətta sənədin qapalı rejimdə müzakirəsi belə baş tutmayacaq. Komissiyanın rəhbəri və hakim “Mülki Müqavilə” partiyasının üzvü Andranik Köçəryan hesabatı vaxtında komissiya üzvlərinə təqdim edə bilməyib, faktiki olaraq ictimaiyyətdən gizlədib. Spiker Simonyan bəyan edib ki, sənədə baxılma müddəti başa çatdığından onu iclasın gündəliyinə daxil etmək mümkün deyil.

Hakimiyyətin birdən-birə belə qərar verməsi və uzun müddət gözlənilən sənədi açıqlamaqdan yayınması bir sıra mətləblərdən xəbər verir.

Birincisi, bu hesabat vaxtında Baş nazir Nikol Paşinyana müəyyən həbslər dalğası üçün lazım idi. Nüfuzlu ordu zabitləri xarici və daxili qüvvələrin dəstəyi ilə hökuməti devirməyə hazırlaşırdılar. Həbslər sayəsində belə bir təhlükə minimuma endirilib. Hazırda buna bənzər vəziyyət olmadığı üçün sənədin açıqlanması Paşinyana lazım deyil.

İkincisi, belə bir hesabatın açıqlanması və müəyyən adların, şəxslərin ifşası Azərbaycanın ciddi qəzəbinə səbəb ola bilər. Çünki müharibə dövründə müəyyən qərarlara imza atan şəxslər hələ də Ermənistan ordusunda, hökumətində, Baş Qərargahda və Müdafiə Nazirliyində müxtəlif postlar tuturlar. Bu şəxslərin ifşa edilməsi hazırda sülh gündəmi ilə paralel aparmaq hakimiyyət üçün əlavə başağrısına çevrilə bilər. Həm bu şəxslərin həbsi tələb oluna bilər, həm də rəsmi Bakının ciddi narazılığına səbəb ola bilər. 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Azərbaycanın qəzəbinə səbəb olmaq, təbii ki, Paşinyan hakimiyyəti üçün arzuolunmaz nəticələr yarada bilər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, 2020-ci ildə müharibə başlayanda Ermənistanda hərbi vəziyyət elan edilmişdi. Ermənistanın “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanununa görə, hərbi vəziyyət Ali Baş Komandanın səlahiyyətlərini yalnız dövlət başçısında saxlayır. Belə bir qərarın hüquqi əsası kimi xidmət edən hallarda Baş nazir deyil, hökumət kollektiv şəkildə məsuliyyət daşıyır. Yəni hərbi vəziyyət şəraitində Ali Baş Komandanın səlahiyyətləri Nikol Paşinyanda qala bilməzdi. Əgər Paşinyan 2020-ci il müharibəsi zamanı Ali Baş Komandan kimi fəaliyyət göstəribsə və buna hüququ olmayıbsa, bu, artıq başqa məsuliyyət növüdür. Həm də həmin dövrdə verilən qərarların məhz Paşinyan tərəfindən qəbul edilməsi rəsmi Bakının ciddi narazılığına səbəb ola bilər.

Dördüncüsü, parlamentin istintaq komissiyasının sədri Andranik Köçəryanın dəfələrlə səsləndirdiyi fikirlər də ciddi narazılıq yarada bilər. Maraqlıdır ki, Köçəryan açıqlamalarında məğlubiyyətin səbəblərindən danışarkən “biz” kəliməsindən istifadə edib və aviasiya, hava hücumundan müdafiə, “İsgəndər” raketlərinin istifadəsi barədə danışıb. “Biz” deyəndə Köçəryan kimi nəzərdə tutur? Ermənistan ordusunu, yoxsa separatçı rejimin hərbi qüvvələrini? Üstəlik, yuxarıda sadalanan silahlar Qarabağdakı separatçıların arsenalında mövcud olmayıb. Bu da onu deməyə əsas verir ki, Ermənistan hərbi əməliyyatlarda birbaşa iştirak edib.

Hikmət Həsənov 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?