TDT artıq sadəcə təşkilat deyil — qlobal aktordur! - TƏHLİL

Qədim Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, burada səslənən fikirlər və tədbir çərçivəsində imzalanan Qəbələ Bəyannaməsi, sözügedən qurumun artıq dünya miqyasında yeni geosiyasi güc mərkəzlərindən biri kimi formalaşdığını bir daha nümayiş etdirir.
Bunu şərtləndirən çoxsaylı səbəblər mövcuddur və onların əksəriyyəti təbii xarakter daşıyır. Əvvəla, TDT geniş əhatə dairəsi və böyük əhalisi ilə seçilir. Türkdilli xalqlar ilk növbədə Avrasiyanın mərkəzi və qərb hissəsində yerləşir, onların yaşadıqları ərazi 7 milyon kvadrat kilometrdən çoxdur. Bu, türkdilli xalqların yüksək səviyyədə təmsilçiliyə və dünyada əhəmiyyətli səsə malik olduqlarını göstərir.
İkincisi, coğrafi baxımdan türkdilli xalqlar və ölkələr arasında siyasi, iqtisadi və mədəni inteqrasiyaya maneə yoxdur. Üçüncüsü, TDT-nin əhatə etdiyi Avrasiyanın mərkəzi-qərb bölgəsi Şərq və Qərb arasında sivilizasiyalararası təmaslar üçün ən əlverişli məkandır. Dördüncüsü, TDT-nin əsas məqsədi olan türk dünyasının inteqrasiyası mahiyyət etibarilə hər bir ölkənin milli müstəqilliyinin qorunması və özünəməxsusluğunun möhkəmləndirilməsi ilə uzlaşır, yəni heç bir ziddiyyət təşkil etmir.
Bütün bunlar fonunda TDT Avrasiyada nizamı dəyişdirir və regionun strateji mənzərəsinin yenidən formalaşmasında artıq əsas tərəflərdən biri kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, türk dünyasının inteqrasiyası XXI əsrin ikinci onilliyindən etibarən beynəlxalq münasibətlər sistemində sürətlə baş verən dəyişikliklər fonunda reallaşır.
Müasir dövrdə qlobal güc balansında yeni mərkəzlərin yaranması, regional təşkilatların rolunun artması və çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsi beynəlxalq siyasətin əsas tendensiyalarındandır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı dünyanın yeni geosiyasi güc mərkəzlərindən biri kimi formalaşmaqdadır.
Bu məqama TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyev də xüsusi diqqət çəkib:
“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir... Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.”
Qeyd edilməlidir ki, TDT-nin geosiyasi çəkisi xüsusilə 2020-ci ildən sonra əhəmiyyətli dərəcədə artıb və bu prosesdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə mühüm rol oynayıb.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Qəbələ sammitində çıxışı zamanı bu məqamı belə vurğulayıb:
“Bu Zirvə Görüşünün ortaq tariximizə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin beşinci ildönümünə təsadüf etməsi mühüm məna daşıyır. Qardaş Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Qələbə yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu, böyük türk dünyasının ortaq zəfəridir. Qarabağ Zəfəri bizə bir daha göstərdi ki, türk dünyası birlikdə olanda hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Həmrəy şəkildə fəaliyyət göstərən türk dövlətləri yalnız öz təhlükəsizliyini deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır.”
TDT-nin üzv ölkələrinin artan iqtisadi, enerji, nəqliyyat və hərbi potensialı təşkilatın geosiyasi əhəmiyyətini daha da artırır. Bununla yanaşı, müşahidəçi statusunda olan ölkələrin iştirakı TDT-nin coğrafi, geosiyasi və geoiqtisadi əhatə dairəsini genişləndirir.
Bu kontekstdə xüsusi qeyd edilməlidir ki, TDT-nin 12-ci sammiti çərçivəsində “TDT+” formatının təsis edilməsi barədə qərar qəbul olunub. Bu, təşkilatla əməkdaşlığa cəlb edilən ölkələrin sayının daha da artacağı anlamına gəlir.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev məsələ ilə bağlı bildirib:
“TDT+ formatının təsis edilməsi, təşkilata üzv olmayan ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Yeni format üzv olmayan üçüncü ölkələrlə birgə fəaliyyətə imkan yaradacaq.”
TDT-nin geosiyasi çəkisini artıran əsas amillərdən biri də onun yerləşdiyi strateji coğrafiyadır. Üzv ölkələr Avrasiyanın mərkəzində — Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşirlər. Bu coğrafiya təkcə enerji və xammal resursları baxımından deyil, həm də beynəlxalq nəqliyyat dəhlizləri üçün həyati əhəmiyyətə malikdir.
Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu mənada təşkilatın qlobal əhəmiyyətini artıran əsas layihələrdəndir. Çin ilə Avropa arasında alternativ, təhlükəsiz və səmərəli marşrut təqdim edən bu layihə TDT-nin gələcək iqtisadi və siyasi gücünü müəyyənləşdirir.
TDT-nin güc mərkəzinə çevrilməsində enerji amili də mühüm rol oynayır. Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi enerji ixracatçısı ölkələr, Türkiyə kimi tranzit və istehlakçı dövlətlərlə birlikdə Avrasiyanın enerji təhlükəsizliyində aparıcı mövqe tutur.
Bakı–Tiflis–Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr türk dövlətlərini birləşdirən strateji enerji körpülərinə çevrilib. Gələcəkdə Mərkəzi Asiya qazının və yaşıl enerjisinin Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqli planları TDT-ni qlobal enerji siyasətində mühüm oyunçuya çevirəcək.
Təşkilatın siyasi çəkisini artıran digər amil ortaq tarixi, mədəni və mənəvi dəyərlərdir. TDT-ni sadəcə siyasi birlik deyil, həm də sivilizasiya modeli kimi xarakterizə etmək olar. Türk xalqlarını birləşdirən dil, din və mədəniyyət birliyi bu təşkilatı səmimi əməkdaşlığa sövq edən əsas faktordur.
Bu dəyərlər üzərində qurulan əməkdaşlıq təkcə siyasi maraqları deyil, həm də strateji həmrəyliyin təməlini formalaşdırır.
Təbii ki, TDT-nin potensialı yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmır. Hərbi və təhlükəsizlik əməkdaşlığı da onun gələcək güc mərkəzinə çevrilməsinin əsas sütunlarından biridir.
Türk dövlətlərinin orduları arasında keçirilən birgə təlimlər, müdafiə sənayesində əməkdaşlıq və ortaq təhlükəsizlik yanaşmaları regionda sabitliyi möhkəmləndirir.
Eyni zamanda TDT iqtisadi inteqrasiya baxımından da perspektivli strukturdur. Qurum çərçivəsində vahid gömrük məkanı, azad ticarət zonası və rəqəmsal iqtisadiyyat layihələri müzakirə olunur.
TDT-nin beynəlxalq nüfuzunun artmasında humanitar və mədəni əməkdaşlıq da mühüm rol oynayır. Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY kimi qurumlar vasitəsilə üzv ölkələr arasında elmi, təhsil və mədəni inteqrasiya dərinləşir.
Bütün bu faktorlar birlikdə göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq regional təşkilat çərçivəsindən çıxaraq qlobal güc mərkəzinə çevrilmək yolundadır. Qurum təkcə üzv dövlətlərin maraqlarını deyil, həm də beynəlxalq sabitlik və əməkdaşlıq ideyalarını dəstəkləyir.
Bu da onu göstərir ki, TDT-nin yüksəlişi qlobal miqyasda strateji əhəmiyyət daşıyır.
MTM Analitik Qrupu