Qarabağdan Qəbələyə: Azərbaycanın gücü artıq yalnız paytaxtla ölçülmür - TƏHLİL

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın yalnız Bakıda deyil, regionlarında da yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək qabiliyyətinin bariz göstəricisidir. Bu hadisələr ölkənin kompleks inkişaf strategiyasını, regional gücünü və beynəlxalq əlaqələrini bütövlükdə əks etdirir. Azərbaycanın xarici siyasətində paytaxt Bakıdan bölgələrə keçid strategiyası dövlətin bütün ərazisinin bərabər inkişaf etdirilməsi hədəfini göstərir. Qəbələdəki Zirvə görüşləri bu siyasətin təməlini təşkil edən və işğaldan azad edilmiş ərazilərdə baş tutan tədbirlərlə eyni strateji xətt üzərindədir.
Qarabağ iqtisadi rayonunda, xüsusən də Şuşa və Füzulidə keçirilən beynəlxalq forumlar, eləcə də xarici dövlət başçılarının, rəsmilərin və diplomatların mütəmadi səfərləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını beynəlxalq ictimaiyyətə danılmaz fakt kimi təqdim edir. Bu tədbirlər regionun beynəlxalq həyata sürətlə inteqrasiyasını təmin edir.
Azərbaycanın regionlarda inkişafının ən bariz göstəricisi Qarabağda qısa müddətdə inşa edilən və beynəlxalq reyslərə hazır olan infrastruktur layihələridir. Füzuli Beynəlxalq Hava Limanının rekord müddətdə inşası və istifadəyə verilməsi, habelə Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarının açılması Azərbaycan dövlətinin maliyyə gücünü və siyasi iradəsini nümayiş etdirir. Bu layihələr “Böyük Qayıdış” Proqramının geridönməzliyinin əsas simvoludur.
Hava limanlarının tikintisi Azərbaycanın Orta Dəhlizdə və ümumilikdə regionda logistik qovşaq kimi rolunu daha da gücləndirir. Qarabağa beynəlxalq reyslərin gələcəkdə açılması həm beynəlxalq turizmin, həm də biznes əlaqələrinin birbaşa işğaldan azad olunmuş ərazilərə yönəlməsini təmin edəcək.
Azərbaycan, həmçinin, idman və mədəniyyət platformalarından ölkənin gücünü və inkişaf potensialını nümayiş etdirmək üçün ustalıqla istifadə edir. Ölkənin digər şəhərlərində - Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi də daxil olmaqla, Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Oyunları kimi iri miqyaslı tədbirlərin keçirilməsi, inkişaf etmiş idman infrastrukturunun yalnız paytaxtda deyil, regionlarda da mövcudluğunu sübut edir.
Mədəni tədbirlər də ölkənin beynəlxalq tanıdılmasına əhəmiyyətli dərəcədə töhfə verir.
Qəbələ Musiqi Festivalı – artıq ənənəyə çevrilmiş bu festival Qəbələni beynəlxalq klassik musiqi arenasına çıxararaq, regionun mədəni turizm potensialını artırır.
Şamaxı Şərab Festivalı – qədim şərabçılıq mərkəzi olan Şamaxıda bu cür festivalların keçirilməsi regionun aqroturizm imkanlarını və yerli istehsalın tanıdılmasını təşviq edir.
Göygöl Nar Festivalı – Azərbaycanın simvolik məhsullarından olan narın tanıdılması ilə yanaşı, qastronomik turizmin inkişafına mühüm töhfə verir.
Qəbələdə keçirilən TDT Sammiti kimi tədbirlər Türk Dövlətləri arasında əlaqələri gücləndirərək Azərbaycanın tarixi və mədəni irsinin qoruyucusu və təbliğatçısı kimi rolunu artırır. Bu, qlobal məkanda mədəni diplomatiyanın gücləndirilməsinə xidmət edir. Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olması faktı, mədəni irsin və tarixi köklərin birləşdiyi məkanda Türk dünyasının ortaq tarixi yaddaşını simvolizə edir.
Azərbaycanın beynəlxalq tədbirləri paytaxtdan regionlara, xüsusən də Qarabağın yeni infrastrukturla təmin edilmiş şəhərlərinə köçürməsi ölkənin yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və sosial baxımdan hərtərəfli inkişafının bariz nümunəsidir. Qəbələdəki Zirvə Görüşü, Qarabağda açılan hava limanları və MDB Oyunları Azərbaycanın regional inkişafı prioritetləşdirdiyini və bu yolla öz geosiyasi mövqeyini bütün Avrasiya məkanında möhkəmləndirdiyini nümayiş etdirir.
Ölkənin regionları bu gün təkcə turizm mərkəzi deyil, həm də siyasi dialoq və qlobal əməkdaşlığın qərargahı kimi təsdiqlənir.
Azadxan Axundov