Ermənistanda ixracın azalması istehsalın zəifliyi ilə bağlıdır - ŞƏRH

Ermənistan iqtisadiyyatının ciddi problemləri hər gün artmaqda davam edir. Hakim partiya bütün plan və proqramlarla günü-gündən çökən iqtisadiyyatı dirçəldə bilmir. Hökumət hər nə qədər diversifikasiyadan danışsa da, hələ də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı heç bir addım atılmayıb. Bunun üçün isə bir sıra şərtlərin reallaşması lazımdır. Bunlardan biri də xarici ölkələrdəki səfirliklərin nəzdində ticarət attaşeləri institutunun yaradılmasıdır ki, dünya təcrübəsi də bunu tələb edir. Amma hakim partiya hələ də bu sahədə heç bir uğura imza ata bilmir. Hazırda Ermənistanda emal məhsullarını başqa ölkələrə ixrac etmək üçün kifayət qədər potensial yoxdur.
Eyni zamanda iqtisadiyyatı dirçəltmək üçün xarici investisiya cəlbi də ciddi prioritetdir ki, Ermənistanda bu məsələdə də geriləmələr müşahidə edilir. Nəzərə almaq lazımdır ki, xarici investisiya əsasən Rusiyadakı erməni iş adamları və xaricdəki diaspor vasitəsilə təmin edilirdi. Son illər sözügedən qurumların Baş nazir Nikol Paşinyanla ciddi fikir ayrılığı bu məsələdə də köklü problemlər yaradıb.
Ermənistanın xarici ticarəti azalmaqda davam edir. Yanvar-avqust aylarında azalma 41,1% təşkil edib. Təsadüfi deyil ki, azalma daha çox “qiymətli və yarı qiymətli daşlar” əmtəə qrupunun təxminən 70% azalması ilə bağlı olub ki, bu da məşhur qızılın təkrar ixrac əmsalının ləğvi ilə bağlıdır. Qeyd edək ki, yanvar-iyul aylarının ümumi göstəricisi ilə müqayisədə yanvar-avqust göstəriciləri bir qədər yaxşılaşsa da (azalma tempi bir faizə yaxın azalıb), avqustda əvvəlki ayla müqayisədə kəskin surətdə sürətlənib. Avqustda ixracın azalması ötən ilin avqust ayı ilə müqayisədə də kəskin şəkildə sürətlənib və 40,8%-ə çatıb. Ümumiyyətlə, xarici ticarət kontekstində Ermənistan üçün ixrac böyük əhəmiyyət kəsb edir. Səbəblər arasında ixracın əslində yerli məhsulların istehlak bazarının genişlənməsini nəzərdə tutması da var. Bu tip ölkələrin iqtisadiyyatı da kiçik olur və iqtisadi faydaları, eləcə də miqyas qənaətini təmin etmək üçün digər bazarlar çox vacibdir. Müşahidə olunan azalma ya digər bazarlara çıxışla bağlı, ya da yerli istehsalla bağlı problemləri göstərir. Ermənistanda vaxtaşırı müəyyən növ məhsulların ixracı ilə bağlı problemlərin yaşanması və sənayedə geriləmə mövcud vəziyyətin daha konkret səbəbləridir. Məsələn, konyak ixracı ilə bağlı çətinliklər. Yuxarı Lars keçid məntəqəsində Rusiya ilə bağlı problemlərə görə erməni istehsalçılar ciddi problem yaşadılar. Sonradan isə Rusiyanın dövlət qurumu açıqlama verərək konyakın tərkibi ilə bağlı problemlərin olduğunu bildirdi. Əslində bu, Kremlin əlində təzyiq rıçaqıdır və vaxtaşırı istifadə edilir. Eyni zamanda, yanvar-iyul aylarında konyak istehsalı təxminən 30% azalıb. İstehsalla ixrac arasında əlaqə göz qabağındadır. İstənilən halda, azalmanın səbəblərindən asılı olmayaraq, ixracın azalması valyuta axınının azalmasına səbəb olur. Mövcud ixrac vəziyyətinin nə qədər gərgin olduğunu anlamaq üçün xarici amillərin təsirini nəzərə almadan Ermənistanın ixrac statistikasını qiymətləndirmək kifayətdir. Bu halda, doğrudan da, ixrac potensialının eniş göstəricisində cüzi artım görürük.
Hikmət Həsənov