TRIPP qlobal iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir - TƏHLİL

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq, xüsusən də avqustun 8-də Vaşinqtonda Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) ilə bağlı əldə olunan razılaşmalar regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasına dair müzakirələrə ciddi təkan verib.
Azərbaycan və Ermənistan arasında sülhün, etimad quruculuğunun əsas komponentlərindən biri də nəqliyyat kommunikasiyalarının açılmasıdır. Tərəflərin bir-birinin infrastrukturundan istifadə imkanı əldə etməsi ümumən regional əməkdaşlıq baxımından əhəmiyyətli sayılır. Bu kontekstdə xüsusilə avtomobil və dəmir yolu xətlərinin bərpası daha geniş coğrafiyada yeni geosiyasi, iqtisadi və ticari münasibətlərin formalaşmasına şərait yaradır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son müsahibəsində Zəngəzur dəhlizinin – TRIPP layihəsinin əhəmiyyətinə geniş yer verərək, iki ölkənin kommunikasiyaların açılması məsələsində tam razılaşma əldə etdiyini vurğulayıb. O bildirib ki, bu razılaşmalar Avropada və digər inkişaf etmiş bölgələrdə olduğu kimi, normal qonşuluq münasibətlərinin formalaşması üçün vacib addımdır.
Əslində, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə bəyan edib ki, iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası regionda gərginliyi azaldan, sülh və etimad quruculuğuna təkan verən mühüm addım ola bilər. Azərbaycan bu istiqamətdə müxtəlif əməkdaşlıq təşəbbüsləri irəli sürsə də, əsassız iddialarından əl çəkməyən Ermənistan beş ilə yaxın müddətdə prosesi əngəlləyib, Zəngəzur dəhlizinin reallaşmasını süni şəkildə yubadaraq müxtəlif bəhanələrlə vaxt udmağa çalışıb. Bununla həm də sülh və əməkdaşlıq imkanlarını dəyərləndirməyib və region ölkələrinin maraqlarına qarşı çıxıb.
Dünya təcrübəsi göstərir ki, iqtisadi asılılıq və qarşılıqlı maraqlar sabitlik üçün mühüm zəmin yaradır. İqtisadi maraqları birləşdirən tərəflərin münaqişədə maraqlı olmaması beynəlxalq praktikada dəfələrlə sübut olunub. Bu mənada, nəqliyyat əlaqələrinin bərpası və mövcud infrastrukturdan birgə istifadə sülh prosesinin əsas təminatlarından biri kimi çıxış edə bilər. Regionda iqtisadi inteqrasiyanın dərinləşməsi fonunda Cənubi Qafqazın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişmə nöqtəsinə çevriləcəyi şübhəsizdir.
Ölkəmiz artıq mühüm logistik mərkəz kimi tanınır. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı, eləcə də Şimal–Cənub dəhlizinin Azərbaycan seqmenti ölkəmizi beynəlxalq tranzit şəbəkələrinin əsas halqasına çevirib. TRIPP layihəsinin yaxın illərdə reallaşması isə Azərbaycana əlavə dividendlər vəd edir. Əvvəlcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçid təmin olunacaq, yükdaşımaların bərpası logistik xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası təkcə siyasi deyil, həm də iqtisadi zərurətdir. Hazırda Naxçıvana yüklər əsasən İran üzərindən daşınır ki, bu da daha az rentabellidir.
İkincisi, Zəngəzur marşrutu Azərbaycanın beynəlxalq ticarət əlaqələrini genişləndirəcək. Bu xəttin reallaşması ilə ölkəmiz Avropa istiqamətində alternativ dəmir yolu imkanları əldə edəcək, tranzit gəlirlər daha da artacaq. Ermənistan ərazisindən keçəcək yeni avtomobil və dəmir yolları ümumən Orta Asiya, habelə Uzaq Şərq ölkələrinin də maraqlarına cavab verir.
TRIPP yalnız nəqliyyat deyil, eyni zamanda enerji, kommunikasiya və iqtisadi inteqrasiya layihəsidir. Layihənin icrası üçün Ermənistan və ABŞ şirkətlərinin birgə konsorsiumu yaradılacaq. Bu konsorsium yalnız avtomobil və dəmir yollarının deyil, həm də neft və qaz boru kəmərlərinin, elektrik və rabitə xətlərinin çəkilişini və idarəsini təmin edəcək. Beləliklə, TRIPP artıq ikitərəfli razılaşmalar çərçivəsindən çıxaraq beynəlxalq dəstəyə malik qlobal layihə səviyyəsinə yüksəlib.
Layihənin əhəmiyyəti həm də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafına verəcəyi töhfələrlə ölçülür. Bu marşrut Xəzər hövzəsi və Mərkəzi Asiyanı Avropa bazarlarına birbaşa çıxışla təmin edir. Türkiyə və Azərbaycan bu istiqamətdə birgə fəaliyyət göstərərək gömrük və nəqliyyat prosedurlarını sadələşdirir, marşrutu rentabellik və sürət baxımından daha da cəlbedici etməyə çalışırlar. TRIPP-ın reallaşması regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdıraraq, ortaq köklərə malik türkdilli ölkələrin iqtisadi-siyasi əlaqələrinin möhkəmlənməsinə zəmin yaradacaq.
Dəhlizin reallaşdırılması işğalçı siyasət nəticəsində son 30 ildə blokada vəziyyətinə düşən Ermənistanın özünün də böhrandan çıxmasına imkan verə bilər. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması Ermənistanın iqtisadiyyatına ciddi zərbə vurur, xarici ticarət imkanlarını azaldır, yükdaşımalar üçün alternativ marşrutları məhdudlaşdırır. Bu mənada, TRIPP Ermənistan üçün iqtisadi canlanma və regional əməkdaşlıqda iştirak üçün yeni şans deməkdir. Layihə həm də Ermənistanın daxili infrastruktur problemlərinin həlli baxımından əhəmiyyət kəsb edir. Nazir Ararat Mirzoyan da bunu etiraf edərək bildirib ki, hazırda ölkənin şimalı ilə cənubu arasında birbaşa dəmir yolu əlaqəsi mövcud deyil. Yeni marşrut bu boşluğu dolduracaq və ölkədaxili iqtisadi inteqrasiyanı gücləndirəcək.
Bütün bunlar göstərir ki, TRIPP – Zəngəzur dəhlizinin reallaşması Cənubi Qafqazda sülhün, rifahın və qarşılıqlı etimadın möhkəmlənməsi istiqamətində mühüm addım olacaq. Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu bu layihə vasitəsilə ölkəmiz həm coğrafi üstünlüklərindən bəhrələnəcək, həm də geosiyasi mövqelərini gücləndirəcək.
MTM Analitik Qrupu