Avropa İttifaqı-Azərbaycan münasibətləri yeni mərhələyə keçir - ŞƏRH

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycana səfəri həm ikitərəfli münasibətlər, həm də regional proseslər baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu səfər yalnız diplomatik protokol çərçivəsində qiymətləndirilməməli, Avropa İttifaqı–Azərbaycan münasibətlərinin yeni mərhələyə keçidi kimi də dəyərləndirilməlidir.
Çünki 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə müəyyən problemlər yaranmışdı. Brüssel normallaşma prosesini dəstəkləmək üçün vasitəçi qismində çıxış etmiş, liderlərin bir araya gəlməsi üçün təşəbbüslər göstərmişdi. Lakin Fransanın müdaxiləsi nəticəsində proses dalana dirənmiş, İrəvana dəstək məqsədilə Avropa İttifaqının müşahidə missiyası Ermənistana yerləşdirilmişdi. Bütün bunlar Avropa İttifaqı–Azərbaycan əlaqələrində müəyyən fasilənin yaranmasına gətirib çıxarmışdı. İndi isə Marta Kosun Azərbaycana səfəri ikitərəfli əlaqələri sahmana salmaq, mövcud problemləri aradan qaldırmaq üçün mühüm fürsətlər təqdim edir.
Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. “Cənub Qaz Dəhlizi” layihəsi artıq Avropa İttifaqı ilə Bakı arasında strateji əməkdaşlığın əsas sütununa çevrilib. Avropanın Rusiya qazından asılılığını azaltmaq siyasəti fonunda Azərbaycanın enerji resurslarının, xüsusilə də təbii qaz və bərpaolunan enerji potensialının əhəmiyyəti daha da artır. Marta Kosun səfəri bu kontekstdə Avropa İttifaqının Azərbaycanla enerji əməkdaşlığını dərinləşdirmək niyyətinin göstəricisi kimi şərh oluna bilər. Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp da Avropa liderləri ilə görüşündə Rusiyadan qaz asılılığının tamamilə aradan qaldırılması ilə bağlı tövsiyələr vermişdi.
Cənubi Qafqaz geosiyasi baxımdan həssas bölgədir. Azərbaycan isə bölgədə iqtisadi və siyasi sabitliyin əsas təminatçısı kimi çıxış edir. Ermənistanla sülh müqaviləsi istiqamətində aparılan danışıqlar, Zəngəzur dəhlizi ilə bağlı layihələr və regiondakı yeni kommunikasiya xətlərinin açılması Avropa İttifaqı üçün də ciddi maraq doğurur. Brüsselin marağı yalnız enerji ilə məhdudlaşmır – Avropa İttifaqı bölgədə sabitlik və nəqliyyat bağlantılarının möhkəmlənməsi ilə Avropa–Asiya əlaqələrinin güclənəcəyini düşünür.
Avropa İttifaqında da yaxşı bilirlər ki, Azərbaycanın xarici siyasəti balanslıdır və həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlığa açıqdır. Bu mənada Marta Kosun səfəri Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsi üçün mühüm siqnal hesab edilə bilər. Azərbaycan Avropa ilə əməkdaşlığını inkişaf etdirərkən milli maraqlarını qorumağa və qarşılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlığı davam etdirməyə çalışır.
Bu baxımdan enerji sahəsindən kənarda da Avropa İttifaqı–Azərbaycan əməkdaşlığı üçün geniş potensial mövcuddur. Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, yaşıl enerji, rəqəmsal texnologiyalar və təhsil sahələrində əməkdaşlıq qarşıdakı dövrün əsas istiqamətləri olacaq. Şübhəsiz ki, Marta Kosun Bakı səfərində bu məsələlər də müzakirə olunacaq.
MTM Analitik Qrupu