Azərbaycan Cənubi Qafqazda regional sabitliyin əsas təminatçısıdır - TƏHLİL

Azərbaycan həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatlar nəticəsində Cənubi Qafqazda lider mövqeyini daha da möhkəmləndirə bilib. Ölkəmizin mövqeyi və siyasəti artıq sözügedən regionun sərhədlərindən kənarda da nəzərə alınır. Cənubi Qafqaza gəlincə, burada cərəyan edən proseslərin inkişaf axarını məhz Azərbaycan müəyyən edir və bu fakt beynəlxalq miqyasda da qəbul edilir. Hadisələr göstərir ki, Azərbaycan həm də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçılarından biridir.
Xüsusilə müasir ordu quruculuğu istiqamətində atılan addımlar və Silahlı Qüvvələrin yüksək səviyyədə modernləşdirilməsi Azərbaycanın təkcə milli təhlükəsizliyini deyil, həm də regional sabitliyi təmin etməkdə rolunu əhəmiyyətli dərəcədə artırır. Bu kontekstdə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin artırılması tamamilə təbii hesab olunur. Qeyd etmək lazımdır ki, 2026-cı ildə müdafiə və təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğ Maliyyə Nazirliyinin “2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində öz əksini tapıb. Sənədə əsasən ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərclərindən biri məhz müdafiə və təhlükəsizlik sahəsidir.
Vurğulanır ki, məqsəd ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhədlərin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsidir. Əgər 2026-cı il üçün büdcə qəbul edilərkən müdafiə və təhlükəsizlik xərclərində dəyişiklik edilməzsə, bu, son illər ərzində Azərbaycanda sözügedən sahəyə ayrılan ən yüksək məbləğ olacaq.
Prezident İlham Əliyev 2025-ci ilin avqustunda Kəlbəcər şəhərində sakinlərlə görüşündə də bu məqamlara toxunub və ölkənin təhlükəsizliyinin təminatı ilə bağlı konkret fikirlər səsləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ləyaqətli və güclü dövlətdir, ölkə sülh istəyir, lakin heç zaman təhlükəsizlik və müdafiədən imtina etməyəcək. O, Silahlı Qüvvələrin hər an dövlətin maraqlarının qorunmasında rolunu qeyd edib və mümkün təxribatların qarşısının alınacağını bildirib.
Reallıq göstərir ki, Azərbaycanə qarşı təhdidlər yalnız Cənubi Qafqaz daxilində deyil, ölkə sərhədlərindən kənarda da formalaşa bilər. Ölkəmiz isə bununla bağlı yüksək səviyyədə hazırlıq görür. Qeyd edilməlidir ki, nə Gürcüstan, nə də Ermənistan Azərbaycan qədər güclü hərbi gücə malik deyil. Bu baxımdan Azərbaycanın Silahlı Qüvvələrinin regional təhlükəsizlik təminatçısı kimi çıxış etməsi həm Gürcüstanın, həm də Ermənistanın maraqlarına uyğundur. Həmçinin Cənubi Qafqazdan mühüm enerji və nəqliyyat marşrutları keçir və onların təhlükəsizliyini təmin edə biləcək ölkə məhz Azərbaycandır — bu amil həm regionda, həm də beynəlxalq səviyyədə nəzərə alınır.
Uzun illər ərzində həyata keçirilən silahlanma proqramları, müasir texnologiyaların alınması və hərbi təlimlərin intensivləşdirilməsi nəticəsində Azərbaycan döyüş gücünü davamlı şəkildə artırır. Ən müasir pilotsuz uçuş aparatları, zirehli texnika, raket və artilleriya sistemlərinin ordunun arsenalına daxil edilməsi döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bütün bunlar Silahlı Qüvvələrin yalnız müdafiə qüvvəsi deyil, həm də regional təhlükəsizlik sisteminin əsas dayaqlarından biri kimi fəaliyyət göstərməsini təmin edir.
2020-ci il Vətən Müharibəsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini və hərbi potensialını dünyaya nümayiş etdirdi. 44 gün ərzində aparılan sürətli əməliyyatlar nəticəsində torpaqların işğaldan azad edilməsi yalnız ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, eyni zamanda regionda yeni geosiyasi reallıq yaratdı.
Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi güc qonşu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Qazanılmış qələbə nəticəsində ölkə regional güc balansını dəyişib və özünü təhlükəsizlik qarantı kimi təsdiqləyib. Müharibədən sonrakı postmünaqişə siyasəti isə ordunun rolunu daha da gücləndirib. Ordunun güclənməsi yalnız hərbi məqsədlərə xidmət etmir — Azərbaycan uzun illərdir regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslər irəli sürür. Zəngəzur dəhlizi, “Şimal–Cənub” və “Şərq–Qərb” nəqliyyat dəhlizləri kimi layihələr regionun strateji əhəmiyyətini artırır və bu infrastrukturların təhlükəsizliyini təmin etməkdə Azərbaycanın rolu böyükdür.
Bundan əlavə, Azərbaycan beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində də aktivdir. NATO ilə tərəfdaşlıq, Türkiyə ilə hərbi əməkdaşlıq və digər ölkələrlə müdafiə sahəsində imzalanan razılaşmalar Silahlı Qüvvələrin regional sabitlik missiyasını gücləndirir. Mütəmadi keçirilən birgə hərbi təlimlər ordunun döyüş hazırlığını yüksəldir və müasir təhdidlərə cavab vermə imkanlarını artırır.
Qeyd etməyə dəyər ki, Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi gücü ilə deyil, həm də humanitar və sülhməramlı fəaliyyətləri ilə seçilir. Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq sülhməramlı missiyalarda iştirak edib və sülhün qorunmasına töhfə veriblər. Bu təcrübə ordunun regionda sabitlik və əməkdaşlıq təminatında daha geniş rol oynamağa imkan verir.
Nəticə etibarilə, Azərbaycanın Silahlı Qüvvələrinin daha da modernləşdirilməsi, hərbi-sənaye kompleksinin inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ordunun regional təhlükəsizlikdəki rolunu daha da artıracaq. Bu isə ölkəmizin həm milli, həm də regional səviyyədə sülh və sabitliyin qorunmasında əsas təminatçılardan biri olmasını şərtləndirir.
MTM Analitik Qrupu