Sentyabrın 18-i Milli Musiqi Günüdür

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Təhlil.az xəbər verir ki, böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Ümummilli Liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu günü əlamətdar edən hadisələrdən biri dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün tamam olmasıdır. Prezident İlham Əliyev 2025-ci il fevralın 3-də Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam da imzalayıb.
Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli, eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğurulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.
Xatırladaq ki, görkəmli bəstəkarın anadan olduğu gün Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə yaddaşlarda iz salacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək. Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Cənubi Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər. Həmçinin görkəmli bəstəkarın 140 illik yubileyi münasibətilə bir sıra ölkələrdə müxtəlif səpkili silsilə tədbirlər keçiriləcək.
Qeyd edək ki, bu il festival 17-ci dəfə tamaşaçıların görüşünə gələcək.