Bu gün

Trampın sərt ritorikası: Kremlin təcridi dərinləşir - MƏQALƏ

Amerika Prezidenti Donald Tramp ilk dəfə Rusiyanı Ukraynada baş verən müharibəyə görə “təcavüzkar” adlandırıb. Bununla o, həm Vaşinqtonun mövqeyində mühüm dəyişiklik siqnalı verib, həm də beynəlxalq gündəmdə müharibənin gələcək taleyi ilə bağlı yeni suallar yaradıb. Halbuki indiyədək Tramp Rusiyaya qarşı sərt ritorikadan yayınır, məsələni daha çox tərəflər arasında “sülh masası”na yönləndirməyə çalışırdı. Onun bu dəfə açıq şəkildə “təcavüzkar” ifadəsini işlətməsi həm daxili siyasətdə, həm də qlobal diplomatiyada ciddi rezonans doğurub.

Trampın Rusiya ilə bağlı sərt ifadələrdən yayınması, xüsusilə də prezidentlik kampaniyası dövründə onun tez-tez Kremlə “yumşaq” yanaşmada ittiham edilməsinə səbəb olmuşdu. İndi isə Trampın Rusiyanı “təcavüzkar” elan etməsi bir neçə səbəblə izah oluna bilər. Birincisi, daxili siyasi amillər nəzərə alınmalıdır. Çünki Amerikada ictimaiyyətin böyük qismi Ukraynaya dəstəyin vacibliyini müdafiə edir. Trampın mövqeyindəki dəyişiklik seçki öncəsi daxili elektorata mesaj kimi qiymətləndirilə bilər. Bu, xüsusilə Konqresdə respublikaçılar arasında artan fikir ayrılıqlarını balanslaşdırmaq məqsədi daşıya bilər.

İkinci məqam geosiyasi təzyiqlərlə bağlıdır. Avropa İttifaqı və NATO ölkələri davamlı olaraq Amerikanın daha qətiyyətli mövqe sərgiləməsini tələb edirlər. Trampın açıqlaması ABŞ-ın müttəfiqləri ilə uzlaşma jesti kimi də oxuna bilər. Digər tərəfdən, Rusiya ilə bağlı sərt mövqenin açıq şəkildə bəyan edilməsi Moskvanı mümkün danışıqlara məcbur etmə vasitəsi ola bilər. Yəni bu açıqlama həm də siyasi-psixoloji təzyiq alətidir.

Trampın verdiyi rəqəmlər olduqca dəhşətlidir. Yalnız bir həftədə 8 min hərbçinin həlak olması müharibənin intensivliyinin və dağıdıcı miqyasının hələ də yüksək olaraq qaldığını göstərir. Onun “təcavüzkar olanda, daha çox itirirsən” ifadəsi isə həm hərbi, həm də siyasi baxımdan diqqət çəkir. Buradan da görünür ki, Rusiya ordusunun Ukrayna ərazilərində apardığı əməliyyatlar logistik və strateji üstünlüklərə baxmayaraq, insan resurslarının sürətlə tükənməsi ilə müşayiət olunur. Trampın bu cümləsi Kremlin müharibənin uzanmasından daha çox itirdiyini, həm hərbi qüvvə, həm də beynəlxalq imic baxımından zəiflədiyini vurğulayır.

Ona görə də Trampın mövqeyindəki dəyişiklik hər iki tərəfə mesaj verir. İlk növbədə, Trampın bundan sonra Rusiyanı açıq şəkildə “təcavüzkar” elan etməsi Kreml üçün diplomatik təcridin dərinləşməsi deməkdir. Bu, həm də Rusiyanın danışıqlar masasına məcbur edilməsinin ilk addımı ola bilər. Ukrayna rəhbərliyi də uzun müddətdir ABŞ-dən daha sərt siyasi bəyanatlar gözləyirdi. Trampın açıqlaması Kiyevə siyasi dəstək kimi qiymətləndirilə bilər. Amma eyni zamanda bu, Kiyevin müharibəni uzatmaq yox, kompromisli sülhə doğru hərəkət etməsi üçün də siqnal ola bilər.

Trampın açıqlaması beynəlxalq siyasətdə də rezonans doğurub. Çox güman ki, ABŞ-nin mövqeyindəki bu dəyişiklik Avropa İttifaqı və NATO-nun daha sərt xətt tutmasına stimul verəcək. Pekin hələ ki, müharibədə balanslı mövqe saxlayır. ABŞ-nin sərtləşən ritorikası Çin üçün seçimləri daraldır, ondan mövqe dəqiqləşdirilməsi tələb edir. Qlobal enerji bazarı da təsirsiz ötüşməyəcək. ABŞ-Rusiya münasibətlərindəki gərginliyin artması enerji bazarında yeni dalğalanmalar yarada bilər.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?