Bu gün

Tbilisidən Bakıya dəstək: “Sülh Gürcüstana milyonlardan daha qiymətlidir” - AÇIQLAMA

Gürcüstan Cənubi Qafqazda sülhün qorunmasının tərəfdarıdır və Azərbaycanla Ermənistan arasında münasibətlərdə müşahidə olunan istiləşməni müsbət qiymətləndirir. Bu fikirləri tehlil.az saytına Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) beynəlxalq münasibətlər ixtisası üzrə professoru, magistratura və bakalavriat proqramlarının rəhbəri Tornike Şaraşenidze açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, müharibənin başa çatmasından ən çox sevinən tərəf azərbaycanlılar olub:

“Gürcüstan regionda sülhün tərəfdarıdır. Qarabağ müharibəsinin bitməsinə azərbaycanlılardan çox sevinən olmayıb. Gürcüstan postsovet məkanında ən həssas ölkələrdən biridir, çünki Rusiya hərbi bazaları Tbilisiyə çox yaxındır. Buna görə də bizə regional müharibə lazım deyil. Əksinə, Azərbaycanla Ermənistan barışıbsa, bu, bizim üçün də müsbət haldır”.

T. Şaraşenidze bildirib ki, bəzi skeptiklər Zəngəzur dəhlizinin açılmasının Gürcüstanın iqtisadi maraqlarına zərər vuracağını iddia edirlər, lakin bu, yanlış yanaşmadır:
“Bəzən deyirlər ki, dəhliz açılsa, Gürcüstan tranzit funksiyasını itirəcək. Amma bu, tamamilə əsassızdır. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərlərindən heç kim imtina etməyəcək. Bu layihələr on milyardlarla dollara başa gəlib, indi yeni boru kəmərləri tikilməyəcək. Digər tərəfdən, Gürcüstanın Qara dənizə çıxışı var. Əgər biz nəyisə itirsək, bu, ildə cəmi bir neçə milyon dollar ola bilər. Amma əsas odur ki, sülh olsun. Mən əksinə hesab edirəm ki, regionda sülhün bərqərar olması Gürcüstana daha çox gəlir gətirəcək”.

Ekspert əlavə edib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Orta Dəhliz daha aktiv fəaliyyət göstərməyə başlayıb və bu prosesdə Qazaxıstan, Azərbaycan və Gürcüstan mühüm rol oynayır.

Professor həmçinin Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində yaşanan gərginliyə də toxunub:
“Avropa ilə münasibətlər pozulduqdan sonra Tbilisi hakimiyyəti bu boşluğu qonşular - Azərbaycan, Türkiyə, Ermənistan, həmçinin Macarıstan və Slovakiya ilə əməkdaşlıq hesabına kompensasiya etməyə çalışır”.

Tornike Şaraşenidze Azərbaycanla Rusiya arasında hazırda müşahidə olunan gərginlik barədə də danışıb:
“Hazırkı siyasi qarşıdurma əsasən Rusiyanın vurulan Azərbaycan təyyarəsinə görə üzr istəməkdən imtina etməsi ilə bağlıdır. Buna baxmayaraq, mən düşünürəm ki, vəziyyət sülh yolu ilə həll olunacaq. Çünki bu gün heç kimin Cənubi Qafqazda yeni gərginlik istəyi yoxdur. Azərbaycanın güclü müttəfiqi var – Türkiyə. Buna görə də Moskva açıq şəkildə Bakıya qarşı gedə bilməz. Əlbəttə, Rusiya müəyyən təzyiq göstərə bilər, məsələn, Odessada SOCAR infrastrukturuna zərbə endirilməsi kimi. Amma bundan o yana gedəcəyini düşünmürəm”.

Rasim Babayev 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?