10 manatlıq internet dövrü bitdi: xərclər üçqat artıb - TƏHLİL

İnternet seçimlərində yeni reallıqlar: Azərbaycan istifadəçiləri nəyə üstünlük verir?
Media Təhlil Mərkəzinin (MTM) müxtəlif illərdə internetlə bağlı keçirdiyi sorğuların nəticəsi göstərir ki, son illərdə sürətlənən rəqəmsal transformasiya Azərbaycanda internet istifadəçilərinin gözləntilərinə və davranışlarına əhəmiyyətli dərəcədə təsir göstərib.
Sürətdən qiymətə doğru: prioritetlərin dəyişməsi
2024-cü ildə keçirilən sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (76,6%) internet provayder seçərkən əsas diqqəti bağlantının sürətinə yönəldirdisə, 2025-ci ildə bu göstərici 50,3%-ə qədər azalıb, maliyyə amili isə ön plana keçib.
Nəticə göstərir ki, qiymətə üstünlük verənlərin payı 12,4%-dən 37,8%-ə yüksəlib. Bu dəyişiklik bir daha sübut edir ki, əhalinin böyük bir hissəsi üçün qiymətlər texniki xüsusiyyətlərdən daha çox önəm kəsb edir.
Daha dəqiq desək, internet sürəti ilə bağlı gözləntilər artıq zirvəyə çatdığı üçün, istifadəçilər getdikcə daha çox qiymət və keyfiyyət arasında balans axtarırlar.
Mobil internet xərclərinin artması – asılılıq, yoxsa zərurət?
Sorğuda iştirak edən respondentlərin seçim prioritetlərindəki dəyişikliklərlə yanaşı, mobil internetə çəkilən xərclərində də nəzərəçarpacaq artım müşahidə olunub.
Əgər 2021-ci ilin aprel ayında respondentlərin 64,1%-i mobil internetə ayda 10 AZN-dən az vəsait xərcləyirdisə, 2025-ci ildə cavab verənlərin yalnız 20,5%-i bu məbləği ödəyir. 21–30 AZN xərcləyənlərin payı 8,2%-dən 35,9%-ə, 30 AZN-dən çox xərcləyənlərin payı isə 6,5%-dən 16,9%-ə yüksəlib.
Bunun səbəbləri isə çoxşaxəlidir. Əvvəla, multimediya məzmununa olan tələbat artıb, videozənglər, striminq və onlayn təhsil artıq gündəlik həyatın bir hissəsinə çevrilib.
İkincisi, mobil internet paketlərinin qiymətlərindəki artım da bu dəyişikliyə təsir etmiş ola bilər.
Nəhayət, rəqəmsal xidmətlərin geniş yayılması mobil interneti işdən tutmuş əyləncəyə qədər gündəlik həyatın ayrılmaz bir hissəsinə çevirib.
DSL-ə qarşı optika: ev internetində struktur dəyişikliyi
Son illər internetlə bağlı kəskin dəyişikliklərdən biri məhz evdə istifadə olunan internet növü ilə bağlı olub. 2021-ci ildə istifadəçilərin əksəriyyəti (59,1%) telefon xətti üzərindən DSL bağlantısından istifadə edirdisə, 2025-ci ilin may ayında bu göstərici 24,5%-ə enib. DSL bu müddət ərzində öz yerini müasir optik internet texnologiyalarına verib. Optika ilə qoşulan istifadəçilərin payı 27,6%-dən 72,1%-ə yüksəlib.
Bu dəyişiklik ölkədə internet infrastrukturunun sürətlə yenilənməsindən və sabit, yüksək sürətli bağlantıya olan artan tələbatdan xəbər verir. Xüsusilə də, videoməzmunların artması və məsafədən işləmənin yayılması bu ehtiyacı daha da aktuallaşdırıb. Evdə əsas internet mənbəyi kimi mobil internetdən istifadə edənlərin sayı isə 13,3%-dən 3,4%-ə qədər azalıb ki, bu da mobil bağlantının sabitlik və sürət baxımından digər texnologiyalara uduzması ilə izah edilə bilər.