Dünən

İqtisadiyyatımızın yaxın 4 ildə artım tempi açıqlandı

Azərbaycanda 2027–2030-cu illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artımının 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7 faizdən, informasiya və rabitə sektorunda 11 faizdən, turizmdə isə 8 faizdən yüksək olacağı gözlənilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənlik nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb. Büdcə siyasətində son illərdə tətbiq olunan fiskal optimallaşdırma prinsipləri də proqnozların əsasını təşkil edir.

“Bunlara əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə daha yüksək nəticənin əldə edilməsi aid edilə bilər”, – M.Cabbarov vurğulayıb.

Onun sözlərinə görə, bu şərtlər daxilində 2027-ci ildə ÜDM-in 2,7 faiz artacağı gözlənilir. 2027–2030-cu illərdə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı proqnozlaşdırılır.

Nazir qeyd edib ki, həmin dövrdə nəqliyyat sektorunda orta illik artımın təxminən 5 faiz, kənd təsərrüfatında isə 2,8 faiz təşkil edəcəyi gözlənilir. Eyni zamanda, qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksələcəyi proqnozlaşdırılır.

M.Cabbarov 2022–2026-cı illər üzrə iqtisadi artım göstəricilərinə də toxunub. Bildirib ki, cari ilin gözlənilən nəticələri nəzərə alınmaqla, bu dövrdə ÜDM-in orta illik artımı 2,7 faiz, qeyri-neft-qaz sektorunun orta illik artımı isə 5,2 faiz təşkil edəcək. Onun sözlərinə görə, sonuncu göstərici Strategiyada müəyyən edilmiş hədəfdən yüksəkdir.

Nazir cari ilin yanvar–oktyabr aylarında ÜDM-in 1,7 faiz, qeyri-neft-qaz sektorunun isə 2,9 faiz artdığını diqqətə çatdırıb.

O, ayrı-ayrı sahələr üzrə artım dinamikasını şərh edərək bildirib ki, 2022–2026-cı illərdə qeyri-neft-qaz sənayesində orta illik artımın 6 faizə yaxın, nəqliyyatda 8 faiz ətrafında, informasiya və rabitədə 13 faizə qədər olacağı gözlənilir. Turizm sektorunda isə bu göstəricinin 18 faizi ötəcəyi proqnozlaşdırılır.

Cari ilin ilk 10 ayında qeyri-neft-qaz sənayesində 5,9 faiz, nəqliyyatda 10,2 faiz, informasiya və rabitə sektorunda isə 9,9 faiz artım qeydə alınıb.

M.Cabbarov bəzi sahələrdə artım templərinin nisbətən aşağı olduğunu da qeyd edib. Onun sözlərinə görə, 2022–2026-cı illərdə kənd təsərrüfatında orta illik artımın təxminən 2 faiz, ticarətdə 3,5 faiz, sosial və digər xidmətlərdə isə 2,9 faiz təşkil edəcəyi gözlənilir.

2026-cı ilin yanvar–oktyabr aylarında kənd təsərrüfatında və sosial, digər xidmətlər sahəsində artım 1,4 faiz, ticarətdə isə 3,8 faiz olub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?